PDF Oxu

Sosial

  • 13

AZƏRBAYCAN İLƏ BOLQARISTAN VƏ MACARISTAN XÜSUSİ XİDMƏT ORQANLARI ARASINDA ƏLAQƏLƏR İNKİŞAF EDİR

AZƏRBAYCAN İLƏ BOLQARISTAN VƏ MACARISTAN XÜSUSİ XİDMƏT ORQANLARI ARASINDA ƏLAQƏLƏR İNKİŞAF EDİR
Milli təhlükəsizlik naziri general-leytenant Eldar Mahmudov Azərbaycan Respublikasının təhlükəsizlik orqanlarının yaranmasının 90 illik yubiley tədbirlərində iştirak etmək məqsədi ilə ölkəmizdə səfərdə olan Bolqarıstan Milli Kəşfiyyat Xidmətinin direktoru general-mayor Kirço Kirovla görüşüb.
Milli Təhlükəsizlik Nazirliyi ictimai əlaqələr mərkəzinin məlumatına əsasən, qonağı səmimi salamlayan nazir Eldar Mahmudov onu Azərbaycanda görməkdən məmnun olduğunu bildirib. Nazir beynəlxalq terrorçuluğa, ekstremizmə və mütəşəkkil cinayətkarlığın digər təzahürlərinə qarşı görülən işlər barədə danışmış, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin doğurduğu, eləcə də onun nəticəsində yaranmış nəzarət olunmayan ərazilərin mövcudluğundan irəli gələn fəsadlar barədə ətraflı məlumat verib. Kirço Kirov 90 illik yubiley münasibətilə Milli Təhlükəsizlik Nazirliyinin şəxsi heyətini bir daha təbrik etmiş, göstərilən yüksək qonaqpərvərliyə, ətraflı məlumata görə təşəkkürünü bildirib. Qonaq respublikamıza ilk səfərindən xoş təəssüratlar aldığını, Bolqarıstanın Azərbaycanla sıx dostluq əlaqələrinin və müvafiq dövlət strukturları arasında əməkdaşlıq münasibətlərinin formalaşmasına xüsusi önəm verdiyini bildirib. Səmimi və qarşılıqlı anlaşma şəraitində keçən görüşdə maraq doğuran bir sıra digər məsələlərə dair fikir mübadiləsi aparılıb.
Milli təhlükəsizlik naziri Eldar Mahmudov həmçinin Azərbaycan Respublikasının təhlükəsizlik orqanlarının yaranmasının 90 illik yubiley tədbirlərində iştirak etmək məqsədi ilə ölkəmizdə səfərdə olan Macarıstan Milli Təhlükəsizlik Bürosunun baş direktoru general-mayor Şandor Laborsla görüşüb.
Görüşdə Eldar Mahmudov nazirlikdə həyata keçirilən islahatlar və onların səmərəli nəticələri, terrorçuluq, qanunsuz miqrasiya, narkotiklərin qanunsuz dövriyyəsi, mütəşəkkil cinayətkarlığa qarşı aparılan mübarizə üzrə görülmüş işlər haqqında məlumat verib. Nazir, həmçinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı problemə toxunaraq, ölkəmizin işğal olunmuş ərazilərində baş verən mənfi proseslərin nəinki region, eləcə də Avropa dövlətləri üçün də ciddi narahatlıq doğurduğunu diqqətə çatdırmışdır. Şandor Labors 90 illik yubiley münasibətilə azərbaycanlı həmkarlarını bir daha təbrik edərək, göstərilən yüksək qonaqpərvərliyə, geniş və dolğun məlumata görə təşəkkürünü bildirmişdir. Qonaq respublikamıza ilk səfərindən xoş təəssüratlar aldığını, Macarıstan və Azərbaycan, eləcə də müvafiq strukturlar arasında münasibətlərin inkişafından məmnun qaldığını və səfərinin ölkələrimizin əlaqələrinin daha da möhkəmlənməsi üçün faydalı olacağına əminliyini qeyd etmişdir.
Görüşdə təhlükəsizlik işinin səmərəli təmin olunması baxımından təcrübə və məlumat mübadiləsinin genişləndirilməsinin vacibliyi vurğulanıb.

Digər xəbərlər