Azərbaycan etibarlı tərəfdaşdır və öz müstəqil siyasətini davam etdirir
Prezident İlham Əliyev Azərbaycanın milli maraq və mənafelərinin etibarlı qorunması baxımından, ilk növbədə, xarici siyasət sahəsində düzgün, səmərəli və xalqın maraqlarına əsaslanan siyasət həyata keçirməyə çalışır. Dövlət başçısının bu amilə xüsusi diqqət yetirməsi heç də təsadüfi deyildir: yaxın tarixi keçmişimizdə baş vermiş proseslər göstərir ki, geosiyasi reallıqlarla milli maraqların uzlaşdırılmaması nəticəsində meydana çıxan problemlər, ilk növbədə, milli təhlükəsizliyə potensial təhdid kimi çıxış edir. Yalnız sivil dünyanın qəbul etdiyi meyarlara, beynəlxalq hüquq norma və prinsiplərinə istinad edən dövlətlər öz diplomatik mənafelərini layiqincə müdafiə edə bilir, milli təhlükəsizlik maraqlarının təminatı sahəsində böyük uğurlara imza atır...
Azərbaycan Prezidentinin Təhlükəsizlik Şurasının iclasındakı çıxışı bir daha bunun təsdiqinə çevrildi. Prezident bəyan etdi ki, Azərbaycan dünya və regional siyasətdə əsas oyunçulardan biridir və ölkəmizin digər dövlətlərlə münasibətləri məhz qarşılıqlı maraqlar üzərində qurulub: "Həm regional müstəvidə, həm də dünyada hər kəsə bəllidir ki, Azərbaycanın etibarlı tərəfdaşdır və öz müstəqil siyasətini davam etdirir. Bu siyasət ölkəmizin inkişafına xidmət göstərir. Eyni zamanda, digər ölkələrlə münasibətlər uzunmüddətli əsaslar üzərində çox düzgün qurulub. Azərbaycanın siyasəti proqnozlaşdırıla bilən siyasətdir. Azərbaycanın siyasəti bölgədə sülhün, əmin-amanlığın, təhlükəsizliyin təmin olunmasına yönəldilib. Regional məsələlərə gəldikdə həyat göstərir ki, bizim təşəbbüsümüzlə irəli sürülən, icra edilən nəhəng transmilli iqtisadi enerji layihələri və siyasi təşəbbüslər icra olunur. Azərbaycanın iştirakı olmadan bu böyük geosiyasi əhəmiyyətə malik təşəbbüslər heç vaxt icra oluna bilməz. Bizim iradəmiz, siyasi yanaşmamız, regionda, o cümlədən, bizim iştirakımızla yaranmış uğurlu regional əməkdaşlıq yeni reallıqları mümkün edir".
Etiraf edək ki, Prezident İlham Əliyevin xarici siyasətdə ulu öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş vahid strategiya və dəyişməz prioritetlərə sadiqlik nümayiş etdirməsi, dünya dövlətlərinin Azərbaycana inamını, etimadını gücləndirən, onun milli təhlükəsizliyinə beynəlxalq təminatı artıran başlıca amil kimi vurğulanmalıdır. Fövqəlgüc dövlətlərinin bir-birilə ziddiyyət təşkil edən maraqları fonunda Azərbaycanın müstəqilliyini, milli təhlükəsizliyini daha da möhkəmləndirmək, əks qütblərin hər biri ilə münasibətləri strateji tərəfdaşlıq səviyyəsində davam etdirmək son dərəcə çətin məsələdir. Dövlət başçısı bu vəzifənin öhdəsindən uğurla gələrək bütövlükdə dünya siyasətində bütün siyasi qütblərin hesablaşdığı və rəğbət bəslədiyi fenomenal siyasi liderə çevrilmişdir.
Respublikamızın istər Rusiya, istər ABŞ, istər Avropa, istərsə də müsəlman dövlətləri ilə münasibətləri bütün sahələrdə dinamik inkişaf edir və hansısa tərəfdən mənfi reaksiya doğurmur. Xarici siyasət, eləcə də, qlobal iqtisadi layihələrin reallaşdırılması sahəsində həyata keçirilən bu və digər tədbirlər, Azərbaycanın milli təhlükəsizliyinə beynəlxalq təminatı daha da gücləndirmişdir. Ölkəmiz həm də öz milli maraqlarına zidd olan hər hansı bir təhdidə dərhal cavab vermək gücündədir ki, bunun dövlət başçısı Təhlükəsizlik Şurasının iclasında bir daha bəyan etdi: "Regionda baş verən və baş verə biləcək hadisələri izləyirik, mümkün olan geosiyasi dəyişikliklər bizim tərəfimizdən izlənilir və lazımi tədbirlər görülür. Bir daha bəyan etmək istəyirəm ki, bu istiqamətdə Azərbaycan öz prinsipial mövqeyindən heç vaxt əl çəkməyəcək. Bizim ölkəmiz heç vaxt başqa ölkələrin daxili işlərinə qarışmayıb və gələcəkdə də belə niyyətimiz yoxdur. Azərbaycan başqa ölkələr arasındakı ikitərəfli münasibətlərə də heç vaxt müdaxilə etməyib və etməyəcək. Ancaq bununla bərabər öz siyasətini, regionda yaranan və yaxud yarana biləcək vəziyyətə uyğun şəkildə siyasət aparmaq bizim təbii hüququmuzdur və bu hüquqdan istənilən formada istifadə edəcəyik".
Etiraf etməliyik ki, ötən 6 ildə əsası ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulmuş mütərəqqi islahatları bütün sahələrdə dövrün tələblərinə uyğun davam etdirən Azərbaycan Prezidenti İlham Əliyev həm də respublikamızı sürətli tərəqqi yoluna çıxarmış, bütün sahələrdə həlledici uğurlara imza atmışdır. Azərbaycan Prezidentinin yürütdüyü siyasətin məqsədyönlülüyü, ardıcıllığı, obyektiv gerçəkliyə adekvatlığı, bu siyasətin ölkənin milli mənafelərini əks etdirməsi respublikanın hər bir vətəndaşında gələcəyə böyük inam və əminlik yaradır. Dövlət başçısının inamla davam etdirdiyi sosial-iqtisadi inkişaf strategiyası, böyük entuziazmla həyata keçirdiyi islahatlar həm də onun yüksək idarəçilik qabiliyyətinin, mükəmməl iş təcrübəsinin əyani təzahürü kimi dəyərləndirilə bilər. Dövlət başçısı bəyan etdi ki, bu il də həmin siyasət uğurla davam etdiriləcək: "2009-cu ildə ölkəmizin uğurlu inkişafı davam edir, bütün sahələrdə müsbət meyillər daha da güclənir, Azərbaycanın uzunmüddətli inkişaf strategiyası icra olunur. Bütün bunlar bir daha göstərir ki, bizim seçdiyimiz yol düzgün yoldur, bu yolda artıq böyük nailiyyətlər əldə edilibdir. Azərbaycan müxtəlif zamanlarda çətin sınaqlardan şərəflə çıxa bilmişdir və indi ölkəmiz həm siyasi, həm də iqtisadi cəhətdən çox uğurla inkişaf edir. 2009-cu ildə qarşıda duran bütün vəzifələr icra olunmalıdır, konkret proqramlar icra edilməli, nəzərdə tutduğumuz bütün məsələlər həyatda öz əksini tapmalıdır. Azərbaycanda çox gözəl ictimai-siyasi vəziyyət mövcuddur. Uzun illərdir ki, ölkədə sabitlik, əmin-amanlıq hökm sürür və bu amillər hər bir ölkə, o cümlədən, Azərbaycan üçün, hər bir ölkənin inkişafı üçün başlıca şərtdir".
Etiraf etməliyik ki, sosialyönümlü mahiyyət daşıyan bu intibah strategiyası iqtisadi inkişaf prosesində yeni keyfiyyət göstəricilərinin əldə olunması, qeyri-neft sektorunun yüksəlişi yolu ilə regionların tarazlı və davamlı inkişafının sürətləndirilməsi, əhalinin sosial rifah halının daha da yaxşılaşdırılması, faydalı məşğulluğunun təmin edilməsi, yeni iş yerlərinin açılması üçün milli sahibkarlığın hərtərəfli dəstəklənməsi kimi vacib məqamları özündə ehtiva edir.
Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı ölkəmizdə orta təbəqənin mövqelərinin güclənməsi prosesində də öz sözünü demişdir. Məlumdur ki, bütün sivil dövlətlərdə orta təbəqə cəmiyyətdə demokratik inkişafın hərəkətverici qüvvəsi, ictimai-siyasi sabitliyin təminatçısı rolunu üzərinə götürür. Dövlət Proqramının nailiyyətləri sayəsində maddi- rifah halına görə orta təbəqəyə aid vətəndaşların sırasının sürətlə genişlənməsi, ələlxüsus, bu prosesin daha çox ucqarları əhatə etməsi son 6 il ərzində Azərbaycanın əldə etdiyi ciddi nəticələrdən biridir. Ötən illər ərzində sahibkarlığın hüquqi bazasının sistem halına gətirilməsini təmin edən qanunlar və bir sıra digər mühüm normativ sənədlər qəbul edilmişdir. Vergi siyasətinin kiçik və orta sahibkarlığa dövlət köməyinin digər istiqamətləri ilə əlaqələndirilməsinə dair tədbirlər həyata keçirilmiş, sahibkarların vergi yükü azaldılmış, bu sistem xeyli dərəcədə sadələşdirilmişdir.
Eyni zamanda, mərkəzdə və regionlarda infrastrukturun yeniləşdirilməsinin, respublikanın ən müxtəlif bölgələrində modul tipli elektrik stansiyalarının qurulmasının, əyalətlərin mavi yanacaqla təchizatının özü də dövlətin özəl sektora dəstəyinin tərkib hissəsidir. Müasir dövrdə qarşısıalınmaz prosesə çevrilən qloballaşma meyilləri bütün mütərəqqi cəhətləri ilə yanaşı, dövlətlərin milli maraq və təhlükəsizliyi baxımından müəyyən potensial təhdidləri də ön plana çıxarır. Belə şəraitdə hər bir dövlətin milli təhlükəsizlik konsepsiyası onun iqtisadi imkanları, elmi-intellektual potensialı, dünya siyasətindəki rolu və yerindən asılı olaraq müxtəlif məqsədlər üzərində qurulur. Hazırda bütün dünya ölkələrinin etiraf etdiyi bir həqiqət isə, məhz bundan ibarətdir ki, milli maraqların etibarlı təminatı məsələsi yalnız daxili imkanlar hesabına deyil, beynəlxalq birliyin qarşılıqlı-faydalı əməkdaşlığı sayəsində mümkündür.
Şərqlə Qərbi birləşdirən geostrateji tranzit xətlərinin, qlobal enerji layihələrinin başlıca təminatçısına çevrilən, milli-etnik və dini dözümlülüyün yüksək səviyyəsinə görə fərqli sivilizasiyaları, müxtəlif mədəniyyətləri bir araya gətirən Azərbaycan üçün milli maraqların hərtərəfli təminatı xüsusilə aktualdır.
Bütün bunların fonunda Dağlıq Qarabağ münaqişəsinin mövcud durumunu təhlil etdikdə, zamanın Azərbaycanın xeyrinə işlədiyini görmək o qədər də çətin deyil. Dövlət başçısı İlham Əliyev də real situasiyanı ilk gündən düzgün dəyərləndirərək münaqişənin həlli prosesinə təsir amillərini gücləndirmək siyasətinə üstünlük vermişdir. Təsadüfi deyil ki, dövlət başçısı Dağlıq Qarabağ həqiqətlərinin beynəlxalq birliyə açıqlanması istiqamətində görüləcək işlərin proqram şəklinə salınmasını, Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəliklərinin işinin gücləndirilməsini, Azərbaycan diasporu ilə əlaqələrin genişləndirilməsini, ən nəhayət, beynəlxalq təşkilatlarda fəaliyyətin gücləndirilməsini nəzərdə tutan bir sıra səmərəli təkliflərlə çıxış etmişdir. Dövlət başçısı öz prinsipial mövqeyini təhlükəsizlik Şurasının iclasında bir daha açıqladı: "Sülh danışıqlarında konstruktiv iştirak etməklə bu danışıqlara sadiqliyimizi göstəririk. Ancaq qarşı tərəf də konstruktivlik nümayiş etdirməlidir. Qarşı tərəf də bilməlidir ki, Dağlıq Qarabağa heç vaxt müstəqillik verilməyəcək, dünya birliyi heç vaxt Dağlıq Qarabağın müstəqilliyini tanımayacaqdır. Azərbaycan xalqı və Azərbaycan dövləti bu işğalla, etnik təmizləmə siyasəti ilə, torpaqlarımızın müvəqqəti olaraq itirilməsi ilə heç vaxt barışmayacaqdır".
Bu qətiyyətli bəyanatı ilə Prezident İlham Əliyev Azərbaycandan güzəşt umanlara bir daha sərt mesaj ünvanladı, xalqın heç zaman ərazi itkisi ilə barışmayacağını açıq söylədi. Etiraf edək ki, son 6 ildə Azərbaycan Prezidentinin apardığı danışıqlar, nümayiş etdirdiyi qətiyyətli mövqe, verdiyi kəskin bəyanatlar təbliğati prizmadan səmərəli olmaqla yanaşı, münaqişənin həlli ilə bağlı aparılan danışıqlarda rəsmi Bakının psixoloji-siyasi üstünlüyünü də təmin etmişdir. Ölkənin iqtisadi cəhətdən qüdrətlənməsi problemin həlli ilə bağlı danışıqlarda rəsmi Bakının diplomatik mövqelərinin güclənməsi ilə müşayiət olunur. Azərbaycanın iqtisadi potensialının güclənməsi, hərbi büdcəsinin ildən-ilə artması fonunda danışıqlar prosesi də keyfiyyətcə yeni mərhələyə qədəm qoyur.
Ermənistanın münaqişənin "Praqa prosesi", yəni "mərhələli həll" modeli ilə razılaşmaq məcburiyyətində qalması da rəsmi Bakının son 6 ildəki mühüm diplomatik nailiyyətlərindən biri kimi vurğulanmalıdır.
Təsadüfi deyil ki, Prezident İlham Əliyev müxtəlif səviyyələrdə - xarici səfərlərində, keçirdiyi görüşlərdə bu məsələni haqlı olaraq önə çəkmişdir: "Dağlıq Qarabağ erməniləri muxtariyyət çərçivəsində milli azlıq kimi yaşamağı davam etdirə bilərlər. Yaxşı məlumdur ki, Avropada və dünyanın digər hissələrində muxtar qurumlar mövcuddur. Dünyanın bir çox ölkələrində milli azlıqlar vardır. İndi təsəvvür edin ki, dünyada hər bir milli azlıq özü üçün müstəqillik tələb etsə, nələr baş verər! Bu, cəfəngiyyatdır. Bu məsələ ilə bağlı Azərbaycanın mövqeyi ədalətə, həqiqətə və beynəlxalq hüquq normalarına söykənir".
Prezident İlham Əliyevin Təhlükəsizlik Şurasının iclasında söylədiyi bu və digər fikirlərin təhlili bir daha nümayiş etdirir ki, Azərbaycanın milli maraq və mənafeləri yüksək səviyyədə qorunur və ölkəmizin gələcəyi etibarlı əllərdədir...