PDF Oxu

Sosial

  • 7

QHT Şurasının həyata keçirdiyi layihə böyük rəğbətlə qarşılanıb

QHT Şurasının həyata keçirdiyi layihə böyük rəğbətlə qarşılanıb

Bu günlərdə Azərbaycan Respublikasının Prezidenti yanınında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının həyata keçirdiyi müsabiqənin nəticələri açıqlandı. Bu müsabiqədə müxtəlif QHT-lər iştirak etmiş və öz layihələrini təqdim etmişlər. Qeyd edək ki, Azərbaycan dövləti tərəfindən ölkədə vətəndaş cəmiyyətinin gücləndirilməsinə, bütövlükdə, ictimai sektorun inkişafına göstərilən qayğı və diqqətin təzahürü olaraq 13 dekabr 2007-ci ildə yaradılmış QHT-lərə Dövlət Dəstəyi Şurasının həyata keçirdiyi ikinci maliyyə yardımı müsabiqəsidir. Birinci maliyyə yardımı müsabiqəsi zamanı şura tərəfindən maliyyələşdirilmiş layihələrin həyata keçirilməsi Azərbaycan ictimai sektorunda böyük canlanma yaratmış, vətəndaş cəmiyyəti quruculuğunun nəzəri və praktik məsələlərinin cəmiyyətdə yenidən qabardılmasına təkan vermiş, milli donor institutunun formalaşması yolunda atılmış real addımların önəmini nümayiş etdirmişdir. İkinci müsabiqə də öz əhəmiyyəti baxımından birincidən geri qalmamışdır. Bunu qalib olmuş layihələrin rəhbərləri də təsdiqlədilər.

Elçin Behbudov: "Dövlətə çox minnətdarıq ki, işləyən adamlara, iş fəaliyyətinə qiymət verir"

İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Elçin Behbudov:

- "Əlbəttə ki, nəinki mən, bütün QHT-lər bunu müsbət qiymətləndirir və dövlətin bu addımını sonuna qədər alqışlayırıq. Dövlətin QHT-lərə maliyyə yardımı ayırması çox müsbət bir haldır. Bizim təşkilatın da fəaliyyəti göz qarşısında  olan və xeyirli məqsədlərə qulluq edən bir fəaliyyətdir. Belə ki, istənilən bir Azərbaycan vətəndaşı statusundan asılı olmayaraq, işgəncəyə məruz qala bilər. Biz əgər bu işgəncənin qarşısını almağa çalışırıqsa, bu, çox yüksək qiymətləndirilməlidir. Dövlətə çox minnətdarıq ki, işləyən adamlara, iş fəaliyyətinə qiymət verir. Bu dəstəyi bizə dövlət verir. Əlbəttə ki, bunu yalnız və yalnız müsbət qiymətləndirmək olar.
O ki qaldı bizim keçirəcəyimiz layihəyə bizim iş fəaliyyətimiz güc strukturları ilə bağlıdır. Nəzərdə tutulub ki, polis işçilərinə insan hüquqları ilə bağlı təlimlər keçirilsin.

Vüqar Bayramov: "Layihələr seçilən zaman ayrıseçkiliyə yol verilməməsi müsbət bir hal kimi qiymətləndirilməlidir"

İqtisadi və Sosial İnkişaf mərkəzinin rəhbəri Vüqar Bayramov:
- QHT Şurası tərəfindən təsdiq olunmuş layihəmiz Azərbaycanda məcburi sığorta sisteminin tətbiqi ilə bağlı olaraq maarifləndirici işin aparılmasıdır. Burada həm vətəndaşların, həm də həmin işlə bilavasitə bağlı olan dövlət qurumlarının  maarifləndirilməsindən söhbət gedir. Nəzərə almaq lazımdır ki, Azərbaycanda məcburi tibbi sığortanın tətbiqi ilə bağlı artıq 2000-ci ildə ölkə başçısının fərmanı olmuşdur. Amma sonradan həmin sığortanın tətbiqi 2005-ci ilə qədər təxirə salındı. Bu da, onunla bağlı idi ki, məhz həmin dövrdə sığortanın tətbiqi imkanları məhdud idi. Nəhayət, 2007-ci ildə Prezidentin tibbi sığortanın tətbiqi ilə bağlı  digər bir fərmanı imzalandı. Bunula da, 2007-ci ildən başlayaraq ölkədə məcburi tibbi sığortanın tətbiqinə başlanıldı. Biz də bir QHT olaraq düşünürük ki, tibbi sığortanın tətbiqi vacibdir və burada QHT-lərin rolu artırılmalıdır. Buna görə də biz nəinki paytaxtda, regionlarda da tibbi sığortanın tətbiqi ilə bağlı maarifləndirmə işləri aparacağıq. Nəzərə almaq lazımdır ki, ölkə başçısının tibbi sığortanın tətbiqini 5 il müddətinə təxirə salması onunla bağlı idi ki, əhali arasında maarifləndirməyə ehtiyac var.  Bu baxımdan, təbii ki, QHT Şurasının bu layihəni təsdiq etməsi təqdirəlayiq haldır. Mən belə güman edirəm ki, QHT Şurası məhz tibbi sığortanın tətbiqinin əhəmiyyətini bilərək belə bir layihənini  Azərbaycanda keçirilməsinə dəstək verib. 
QHT Şurasının təsdiq etdiyi layihələr siyahısına baxdıqda, görmək olar ki, burada kifayət qədər müstəqil və hətta müxalifət yönümlü təşkilatlar var ki, onlar da QHT Şurası tərəfindən maliyyə yardımı alacaqlar. Bu baxımdan Şuranın layihələri qiymətləndirən zaman təşkilatların siyasi fəaliyyətini nəzərə almaması çox təqdirəlayiqdir. Bu, o deməkdir ki, əslində, QHT Şurası layihələri təsdiqləyən zaman onların hansı cərəyana və ya hansı baxışlara malik olmasını deyil, sadəcə, layihənin Azərbaycanda vətəndaş cəmiyyətinini  möhkəmləndirilməsi üçün əhəmiyyətini nəzərə almışdır. Bütövlükdə bu baxımdan layihələr seçilən zaman ayrıseçkiliyə yol verilməməsi və diskriminasiyanın tətbiq olunmaması də müsbət bir hal kimi qiymətləndirilməlidir.      
 
Tənzilə Rüstəmxanlı: "QHT Şurasının həyata keçirdiyi layihəni alqışlayıram"

Azəri-Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı:

-Qeyri-Hökumət təşkilatlarına Dövlət Dəstəyi Şurasının bu tədbirini mən çox böyük bir rəğbətlə qarşılayır və alqışlayıram. Onu da nəzərinizə çatdırmaq istərdim ki, bizim təşkilat Azərbaycan diasporası ilə məşğul olan ən qocaman təşkilatlardan biridir. Layihəmiz də elə əsasən, onunla bağlı idi. Düzdür, biz QHT Şurası olmadan da öz işimizi görürdük. Amma bu Şuranın əsas köməyi ondan ibarətdir ki, artıq təşkilatlar hansısa başqa xarici fondlardan asılı qalmır. Yəni ən azından Azərbaycan dövlətinin dəstəyini həyata keçirə bilir. Bu da QHT-lər üçün çox əhəmiyyətlidir. Bunun sayəsində onlar Azərbaycan dövlətinin mövqeyindən çıxış edə bilir.
Bizim təqdim etdiyimiz layihə də Azərbaycanın xaricdə təbliği ilə bağlıdır. Bu layihəni təqdim edərkən biz dünyada Azərbaycan həqiqətlərinin tanıdılmasını əsas məqsəd olaraq qarşıya qoymuşuq. Bu sahədə biz layihəmizə güvənərək bir çox tədbirlər həyata keçirmişik. Məsələn, 31 Mart Azərbaycanlıların Soyqırırmı Günü ərəfəsində Belçika Senatının nümayəndəsi Azərbaycana dəvət olunmuş və ona Azərbaycan haqqında ətraflı məlumat verilmişdir. Yəni bütün bunların hamısı dövlətin dəstəyi ilə həyata keçirilərkən daha əhəmiyyətli olur və dövlətin mövqeyindən çıxış edilir. Amma başqa ölkələrdən qrantlar alınan zaman istər-istəməz həmin ölkələrin mövqeyindən çıxış etməyə məcbur olur. Artıq onlar bunu etməli olmayacaqlar. Çünki onların artıq öz büdcələri olacaq və dövlətdən kifayət qədər dəstək alacaqlar. Bizim layihəmizin də təsdiq olunması bizə maliyyə cəhətdən çox yardımçı olacaqdır. QHT Şurasının nəticələri  ilə bağlı bəzi narazılıqları da haqsızlıq adlandırıram və onları bu işdən əl çəkməyə çağırıram.

Digər xəbərlər