PDF Oxu

Sosial

  • 11

Minsk Qrupunun fəaliyyəti qaneedici deyil

Minsk Qrupunun fəaliyyəti qaneedici deyil
Son günlər ATƏT-in Minsk Qrupunun həmsədrlərinin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı müxtəlif və heç də birmənalı qarşılanmayan fikirləri siyasi aləmdə böyük əks-sədaya səbəb oldu. Qrupun amerikalı həmsədri Metyu Brayza yenə də həmişəki kimi emosional fikirlər səsləndirməklə yadda qalsa da, onun fransalı həmkarı Bernar Fasye isə nə özü, nə də təmsil etdiyi dövlət tərəfindən indiyə kimi nümayiş etdirilməmiş mövqe göstərərək, ermənilər tərəfindən işğal edilmiş ərazilərin qaytarılmasının vacibliyini qəti şəkildə vurğulayıb. "Madrid prinsipləri"nin ideal olmadığını qeyd edən diplomat bununla belə, ideal olmayan kompromisin ideal müharibədən üstün olduğunu bildirib.
İndiki vəziyyətdə nisbətən real variant Ermənistan hərbçilərinin nəzarətində olan ərazilərin Azərbaycana qaytarılması, Dağlıq Qarabağın müvəqqəti statusuna Bakı və Yerevan üçün məqbul olan təhlükəsizlik qarantiyası verilməsi olduğunu bildirən həmsədr, əhalinin öz müqəddəratının həll edilməsi məsələsinin reallaşmasının isə azərbaycanlı icmasının qayıdışından - 5-10, yaxud 15 ildən sonra mümkün olacağını bildirib. Ümumilikdə götürdükdə isə, bu fikirlər Azərbaycanın xeyrinə olan fikirlərdir. Lakin tarixə nəzər salsaq, Minsk Qrupunun yarandığı gündən etibarən münaqişənin həlli yolunda buna oxşar müxtəlif fikirlər sələndirsə də, nəticədə heç bir işin görülmədiyi göz qabağındadır. Minsk Qrupunun vasitəçi kimi fəaliyyəti Azərbaycan tərəfini heç bir zaman qane etməsə də, Ermənistan tərəfinə onun bu fəaliyyəti sərf etmişdir. Bu prosesdə Minsk Qrupu zərərli daha açıq desək, ermənipərəst, üçüncü subyekt rolunu oynayır. Bir neçə il öncə Minsk Qrupunun fəaliyyətinə ulu öndər Heydər Əliyev belə qiymət vermişdir: "Əgər biz bir az da ləngisək, ATƏT-in Minsk Qrupu artıq böyük oğlan olacaq, gərək onu evləndirək. Yaxud ola bilər ki, qız olsun, onu ərə verək. Ona görə biz düşünməliyik ki, bu yaşlar nə qədər artacaqdır."
Azərbaycan parlamenti də bu quruma öz iradlarını açıq bildirmişdir. Parlamentin martın 1-4 2008-ci il tarixli iclasında həm birinci vitse-spiker Z. Əsgərov, həm də deputatlar Minsk Qrupunun fəaliyyəti ilə bağlı öz iradlarını söyləyərək, onları ədalətli qərarlar qəbul etməyə çağırdılar.
Hələ bir müddət bundan əvvəl edilmiş bu iradlar, görünür, Minsk Qrupunu yuxudan oyadıb və ona öz fəaliyyətini daha ciddi məcraya yönəltməyə sövq edib. Lakin Minsk Qrupunun həmsədrləri bunu başa düşməlidirlər ki, yalnız fikir söyləmək və tez-tez regiona səfər etməklə, monitorinqlər təşkil etməklə bu fəaliyyəti yüksək səviyyəyə qaldırmaq olmaz. Monitorinq demişkən, bəlkə bir müddət bundan əvvəl ATƏT-in Minsk Qrupu təmas xəttində monitorinq apararkən, erməni tərəfindən atəşə tutulması onların belə bir mövqe nümayiş etdirməsinə səbəb olub. Axı, belə bir özbaşınalığa yol verilməsi, əslində, Avropa tərəfindən çox ciddi bir hal kimi qarşılanmalı və buna qarşı mütləq bir sanksiya qəbul olunmalı idi. Hər halda burada atəşkəs başqa bir vaxtda deyil, məhz Avropanın rəsmi nümayəndələri olarkən pozulmuşdu. Əgər belə bir hal Azərbaycan tərəfindən edilmiş olsaydı, onda ona qarşı mütləq hansısa bir səviyyədə reaksiya olardı.
ATƏT-in Minsk Qrupunun fəaliyyətinə, daha doğrusu, fəalliyətsizliyinə təsir edə biləcək məqamlardan biri kimi də, Türkiyənin baş naziri R.T.Ərdoğanın ötən həftə telekanalların birinə verdiyi müsahibəsində səsləndirdiyi fikirlərin olması da istisna edilmir. Belə ki, Türkiyə-Ermənistan sərhədlərinin açılması ilə bağlı verdiyi açıqlamada bu prosesin Dağlıq Qarabağ münaqişəsinin həlli prosesi ilə yanaşı aparılacağını diqqətə çatdıran baş nazir bu prosesdə Türkiyə ilə ABŞ-ın birgə səy göstərməsinin vacib olduğunu vurğulayıb. Buna paralel olaraq, "Euronews"un yaydığı məlumatda bu ayın əvvəllərində ABŞ prezidenti Barak Obamanın Türkiyəyə səfərindən sonra sərhədlərin açılacağı bildirilib. Görünür, Minsk Qrupu da, xüsusilə, amerikalı həmsədr M.Brayza prosesi tezləşdirmək məqsədilə belə fikirlər səsləndirməyə çalışır. M. Brayza ABŞ-ın yeni dövlət katibi Hillari Klintonun ona münaqişənin həllinə hər cür yardım göstərməyə hazır olduğunu bəyan etdiyini də bildirib. Buradan belə bir nəticə çıxarmaq olar ki, regionda artıq Rusiyanın deyil, ABŞ-ın maraqları ön plana keçməyə başlayır.

Digər xəbərlər