Ümumxalq səsverməsi milli həmrəyliyin təsdiqidir
Martın 18-i ölkəmizin ictimai-siyasi həyatında mühüm hadisə kimi tarixə düşdü. Xalqın arzu və istəyini özündə əks etdirən bu tarixi gündə Konstitusiyaya əlavə və dəyişikliklər dəstəkləndi. Ümumxalq səsverməsində seçicilərin 80 faizdən çoxunun iştirak etməsi də bunu bir daha təsdiq etdi.
Müstəqil dövlətimizin 1993-cü ildən bəri keçdiyi inkişaf yolu hər birimizə bəllidir. Azərbaycanın bu gün inkişafın hansı mərhələsində olduğunu düzgün qiymətləndirmək üçün müstəqilliyimizin ilk illərində yaşanan duruma nəzər salmaq kifayətdir. Bu baxımdan ki, həmin dövrdə ölkəyə rəhbərlik edənləri yalnız və yalnız özlərinin şəxsi maraqları düşündürürdü. Təbii ki, ictimai-siyasi durumun gərginliyi digər sahələrə də öz mənfi təsirini göstərirdi. Belə bir məqamda, təbii ki, demokratiyanın inkişafından danışmaq, ümumiyyətlə, qeyri-mümkün idi.
Ölkəmiz yalnız ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra inkişaf, tərəqqi yoluna çıxdı. Sivil, hüquqi dövlət quruculuğu yolunu tutan Azərbaycan demokratik prinsipləri bu gününün, sabahının əsası kimi dəyərləndirərək, onların bərqərar olması istiqamətində mühüm addımlar atdı. Bir məqamı qeyd etmək kifayətdir ki, Azərbaycanın Avropa Şurasına tamhüquqlu üzv qəbul olumasını istəməyən daxili və xarici qüvvələr nə qədər cəhdlər göstərdilərsə, heç bir nəticə əldə edə bilmədilər. Ulu öndər Heydər Əliyevin "Azərbaycan demokratiya yolu ilə gedir və heç bir qüvvə onu bu yoldan döndərə bilməz" fikri daxili və xarici bədxahlara ən tutarlı cavab oldu.
Azərbaycan 2001-ci ilin yanvarında dünyanın nüfuzlu təşkilatlarından olan Avropa Şurasına tamhüquqlu üzv qəbul olunmaqla demokratik dəyərlərə sadiqliyini, onların inkişafında, ən başlıcası ölkədə mövcud olan meyarları dünyanın qabaqcıl ölkələrinin dəyərlərinə uyğunlaşdırmaqda maraqlı olduğunu bir daha nümayiş etdirdi. Avropa Şurasında təmsil olunan 47 ölkənin təmsilçiləri ilə münasibətlərin qurulması, onlara ölkəmiz haqqında dolğun məlumatların çatdırılması da olduqca əhəmiyyətlidir.
Demokratikləşmə prosesinin sürətləndirilməsi, təbii ki, iqtisadi tərəqqiyə öz müsbət təsirini göstərdi. Azərbaycanla əməkdaşlıq əlaqələrinin qurulmasında maraqlı olan dövlətlərin sayı günbəgün artdı. İqtisadi əlaqələr genişləndi, siyasi mövqe daha da möhkəmləndi. Ulu öndər Heydər Əliyev hər bir çıxışında bu fikri qeyd edirdi ki, demokratik cəmiyyətin varlığını təsdiqləyən əsas amillərdən biri kimi, insan hüquq və azadlıqlarının qorunması dövlətin həyata keçirdiyi siyasətin əsasında dayanmalıdır. 1995-ci ilin noyabrın 12-də ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə qəbul olunan Milli Konstitusiyamızda əksini tapan maddələrin böyük əksəriyyəti də insan hüquq və azadlıqlarının yüksək səviyyədə qorunmasına xidmət edir.
Qeyd etmək lazımdır ki, Milli Konstitusiyamız o dövrun gerçəkliklərini özündə əks etdirirdi. Zaman keçdikcə, qeyd olunan inkişaf prosesi daha da sürətləndikcə konstitusion islahatların həyata keçirilməsinə zərurət yaranırdı. Məhz, bu baxımdan da ilk referendum 2002-ci il avqustun 24-də keçirildi. Konstitusiyaya təklif olunan əlavə və dəyişikliklər ölkə ictimaiyyəti tərəfindən yüksək dəyərləndirildi. Həmin dövrdə də xalqı yalnız bir sual düşündürürdü - Konstitusiyaya əlavə və dəyişiklikləri zəruri edən səbəb nədir və bu dəyişikliklər Azərbaycana nə vəd edir? 2002-ci ildə keçirilən referendumda müzakirəyə çıxarılan məsələlərdən biri baş nazirin səlahiyyətlərinin artırılması, digər mühüm dəyişiklik isə proporsional seçki sisteminin ləğvi, majoritar seçki sisteminin tətbiqi idi. Xalq bəlkə də ilk anlarda bu dəyişiklikləri çaşqınlıqla qarşılasa da, istər ümumxalq səsverməsinə hazırlıqla bağlı keçirilən təbliğat-təşviqat kampaniyası zamanı maarifləndirmə işinin yüksək səviyyədə qurulması, istərsə də referendumdan sonra hadisələrin gedişi, ölkənin həyatında baş verən yeniliklər xalqın ümumxalq səsverməsində fəal iştirakının əbəs olmadığını təsdiqlədi.
İlk referendumun keçirilməsindən 7 il sonra yenidən Konstitusiyaya əlavə və dəyişikliklərin edilməsinə zərurət yarandığı aydın sezilirdi. 2002-ci ildən ötən dövr ərzində Azərbaycan böyük inkişaf yolu keçərək, bütün sahələrdə mühüm uğurlara imza atdı. Ölkəmizin iqtisadi, siyasi, demokratik islahatlar sahəsində qazandığı uğurlar bu dəyişikliklərə böyük ehtiyacın olduğunu gündəmə gətirdi. Ölkənin ictimai-siyasi həyatında mühüm rol oynayan, daim Azərbaycanın inkişafına, tərəqqisinə, xalqın daha yaxşı yaşayışına çalışan Yeni Azərbaycan Partiyası Konstitusiyaya əlavə və dəyişikliklərin edilməsi təşəbbüsü ilə çıxış etdi. Bir sıra təkliflər irəli sürüldü, müzakirələr aparıldı və "Azərbaycan Respublikasının Konstitusiyasına əlavələr və dəyişikliklər edilməsi haqqında" Referendum Aktı layihəsi qəbul olundu. Həmin Referendum Aktına uyğun olaraq martın 18-də ümumxalq səsverməsi keçirildi.
Demokratiyanın hüdudlarının daha da genişləndirilməsinə, dövlətin konstitusion əsaslarının möhkəmləndirilməsinə, insan hüquq və azadlıqlarının yüksək səviyyədə qorunmasına, yerli özünüidarənin inkişafına, bir sözlə, Azərbaycanın hərtərəfli tərəqqisinə, hər bir kəsin rifahına xidmət edən əlavə və dəyişikliklərin mahiyyətinin təbliğat kampaniyası dövründə ictimaiyyətə dolğun çatırılması, ümümxalq səsverməsinin yüksək fəallıq şəraitində keçməsinə səbəb oldu.
Keçirilən referendum zamanı 29 maddəyə təklif olunan 41 əlavə və dəyişikliyə ayrı-ayrılıqda münasibət bildirildi. Əlavə və dəyişikliklər sosial-iqtisadi inkişafın yeni mərhələyə qədəm qoduğunu təsdiqləyir. Belə ki, insan hüquq və azadlıqlarının qorunması ilə yanaşı onların layiqli həyat səviyyəsinin təmin edilməsinin də dövlətin ali məqsədi kimi 12-ci maddədə öz əksini tapması dövlətin üzərinə götürdüyü öhdəlikləri artırır.
Xarici müşahidəçilər onu da qeyd etdilər ki, seçki məntəqələrinə giriş heç bir məhdudiyyət olmadan sərbəst olmuşdur. Bülletenlərin çaşqınlıq və çətinlik yaratması ilə bağlı əvvəlcədən söylənilən fərziyyələr özünü doğrultmadı. Seçicilər bütün sualları ayrı-ayrılıqda cavablandırmaq imkanına malik idilər. Hər bir sualı "bəli" və ya "xeyr" kimi cavablandırmaq üçün kifayət qədər seçki bülleteni var idi. Seçicilər ümumxalq səsverməsində fəallıqları ilə təbliğat kampaniyasında dəyişikliklər barədə dolğun məlumata malik olduqlarını nümayiş etdirdilər. Azərbaycan demokratik seçki keçirməyə qadir ölkədir.
Avropa Şurası Parlament Assambleyasının, MDB-nin müşahidə missiyalarının da nəticələr barədə fikirləri müsbətdir. Azərbaycanda keçirilən referendumun çox ölkələrə nümunə olduğunu qeyd edən MDB-nin müşahidə missiyasının üzvləri bildirdilər ki, proses qanunverciliyin tələblərinə uyğun, olduqca mükəmməl şəkildə aparıldı. Azərbaycanda keçirilən seçki proseslərində daim müşahidəçi kimi iştirak etdiyini bildirən Rusiya Federal Məclisi Federasiya Şurasının sədr müavini Svetlana Orlova hər dəfə yeniliklə qarşılaşdığını bildirdi. Referendum Azərbaycan üçün mühüm tarixi hadisədir.
AŞPA missiyasının rəhbəri Pol Uill seçici aktivliyini yüksək qiymətləndirdi. Bildirdi ki, Azərbaycan xalqı həyata keçirilən siyasəti dəstəkləyir, ölkənin inkişafına, tərəqqisinə yönələn hər bir addımı dəstəkləyir. Bu, ölkədə xalq-iqtidar birliyinin təsdiqinin nümayişidir.
Ümumxalq səsverməsini 24 təşkilatı və 23 ölkəni təmsil edən 172 beynəlxalq müşahidəçi, 20-dən artıq xarici KİV-lərin nümayəndəsi izlədi.
Onların hər birinin referendum barədə fikirləri müsbətdir, Azərbaycanın demokratik inkişaf yolunda növbəti addımı kimi dəyərləndirilir.
18 mart ümumxalq səsverməsi bu gün dünya mətbuatında da geniş şərh olunur. Azərbaycan demokratiyasının digər ölkələrə nümunə olduğunu yazan xarici mətbuat bu inkişafın əsasında ölkəmizdə həyata keçirilən siyasətin düzgünlüyünün dayandığını qeyd edirlər. İqtisadi və siyasi islahatların paralel şəkildə aparılması beynəlxalq ictimaiyyət tərəfindən də yüksək dəyərləndirilir.
Dünyanın qabaqcıl ölkələrinin təcrübəsinin öyrənilməsində və ölkəmizdə tətbiqində maraqlı olan Azərbaycan hakimiyyətinin bu istiqamətdə atdığı addımlar daim beynəlxalq birlik tərəfindən təqdiq olunur. Barmağın gözəgörünməyən mürəkkəbə boyanması, "exit-poll"un keçirilməsi, əksər məntəqələrdə veb-kameraların quraşdırılması və s. də deyilənlərə əyani sübutdur. Məntəqələrdə veb-kameraların quraşdırılması ilə seçki prosesinin gedişini ölkə xaricində izləmək mümkündür. Bu da demokratiyanın bariz nümunəsidir. Ümumxalq səsverməsində "exit-poll" keçirən təşkilatların açıqladığı nəticələrlə MSK-nın nəticələrinin üst-üstə düşməsi də referendumun azad, ədalətli, beynəlxalq standartlara uyğun keçirildiyini təsdiqlədi.