Bir daha “26 Bakı komissarları” haqqında:
Tariximizin qara səhifələrindən sayılan Bakı Xalq Komissarları Soveti - 26 Bakı Komissarları barədə çox yazılmış və deyilmişdir. Sovet tarixşünaslığında o, tariximizin şanlı səhifəsi, müasir tarix ədəbiyyatında isə keçmişimizin qara ləkəsi kimi mənalandırılmışdır.
Sahil bağında Bakı komissarlarına aid abidənin sökülməsi və orada basdırılmış sümüklərin 23 nəfərə aid olması geniş mübahisələrə səbəb olmuşdur. Mübahisələrin əsas məğzini - 26 Bakı komissarlarının sayı məsələsi, doğrudan da, bu sümüklərin komissarlara aid olub-olmaması, 1918-ci ilin sentyabr ayında bu şəxslərin, doğrudan da, güllələnib - güllələnməməsi təşkil etmişdir.
Bu məsələyə 31 mart Azərbaycanlıların Soyqırım Günü ərəfəsi bir daha aydınlıq gətirmək üçün bəzi tarixi faktlara nəzər salmaq yerinə düşərdi. Bildiyimiz kimi, Bakı Xalq Komissarları Soveti 1918-ci il aprelin 25-də yaradılmışdı. Onun tərkibinə komissar kimi aşağıdakılar daxil olmuşdu - BXKS sədri və xarici işlər komissarı S.K. Şaumyan, daxili işlər komissarı P.A.Çaparidze, hərbi komissar Q.N.Korqanov, maarif komissarı N.N.Kolesnikova, şəhər təsərrüfatı (qiyabi olaraq) N.N.Nərimanov, ədliyyə komissarı A.B.Karinyan, yollar komissarı Markaryan, fövqaladə komitənin sədri Ter-Qabrielyan, dövlət nəzarət müdiri S.A.Boqdanov, torpaq komissarı M.H.Vəzirov, maliyyə komissarı Kireyev, təchizat komissarı Sibulski, qeyri-şəhərlər komitəsinin sədri, sonradan, quberniya komissarı M.Ə.Əzizbəyov, Xalq Təsərrüfatı Şurasının sədri İ.T.Fioletov - cəmi on dörd nəfər, onların 6 nəfəri erməni olub. Maliyyə komissarı Kireyev BXKS-nin pulunu oğurlayıb qaçmaq istədiyinə görə Fövqaladə Komitə tərəfindən güllələnmişdi.
Bakı komissarlarının güllələnib - güllələnməməsində də müxtəlif fikirlər və mübahisələr mövcuddur. Məsələn, 1919-cu il martın 16 -da Tiflisdə çıxan "Xalq bayrağı" qəzetində tam əminliklə göstərilirdi ki, "əlimizdə olan faktlar sübut edir ki, ingilis komandanlığı, guya güllələnmiş 26 Bakı komissarlarından başqa daha 65 nəfəri Hindistana aparmışdılar."
Akademik Ziya Bünyadov özünün "Əfsanə və əfsanə yaradanlar" məqaləsində göstərmişdi ki, 1919 -cu il fevralın 26 -da Gürcüstanın diplomatik nümayəndəliyi Azərbaycan Xarici İşlər Nazirliyinə bildirmişdir ki, "Tiflis radiostansiyası Həştərxandan Sokolovun adına gələn radioteleqram ələ keçirmişdir. Bu teleqramda Bakı komissarlarının ingilis əsirləri ilə dəyişdirilməsi məsələsindən söhbət açılır. Teleqram "tezliklə Bakıda görüşənə qədər" sözləri ilə qurtarır." Onu qeyd edək ki, adı çəkilən "Sokolov"un kimliyi barədə məlumat hələ müəyyən olunmamışdır.
1919-cu il sentyabrın 20-də RK(b)P Bakı komitəsinin Bakı komissarlarının güllələnməsinin ildönümü münasibətilə çap etdirdiyi məlumatda göstərilmişdi ki, "1918-ci il sentyabrın 20-də 22 nəfər yoldaşımız güllələnib..." Bu məlumatda daha sonra deyilirdi, "Şaumyan, Çaparidze və Fioletovu fəhlələr dəfn etməmişlər və dəfn etməyəcəklər...lakin onların işi qəlbimizdə yaşayır."
Krasnovodskdan ingilis zabitləri öz komandanlığına göndərdiyi teleqramda Bakı komissarlarının güllələndiyini, ancaq 6 nəfər az əhəmiyyətli komissarların saxlandığını göstərmişlər. Lakin bu 6 nəfərin "az əhəmiyyətli" olması haqqında heç bir sübut yoxdur.
26 Bakı komissarı içərisində 8 nəfər daha əhəmiyyətli şəxs sayıla bilərdi. Onların 7-si faktiki BXKS komissarları olan Şaumyan, Çaparizde, Korqanov, S.Boqdanov, Vəzirov, Fioletov. Əzizbəyov və 1918-ci il iyulun ikinci yarısında Lenin tərəfindən Bakıya köməyə göndərilən, "hərbi komandan" sayılan Petrov idi. Amiryan, Osepyan və Boryan jurnalist idilər. Nikolaşvili, Metaksa, A.Boqdanov və Mişne adi işçilər idilər. Maraqlıdır ki, bu adi işçilər 26-lar siyahısına daxil olunsalar da, A. Mikoyan və S.Kandelaki kimi "görkəmli" bolşeviklər bu siyahıya düşməmişdilər. Qeyd edilməlidir ki, komissarların arasında 1918-ci ilin mart hadisələrində xüsusi amansızlıqla fəallıq göstərənlər Şaumyan, Çaparizde, Solntsev, Qabışev, Avakyan, Korqanov, Amirov və başqaları olmuşlar.
Hal-hazırda Sahil bağından çıxarılan sümüklərin 23 nəfərə aid olduğu qeyd olunur. Aşkar olunmayan 3 nəfərin hamıdan yaşlı olduğu göstərilir. 26-ların içərisində ən yaşlıları T.Amirov (45 yaş), M.Əzizbəyov (42 yaş), S.Şaumyan (40 yaş), P.Çaparidze (38 yaş), A.Amiryan (37 yaş) olublar.
Akademik Z.Bünyadov da göstərmişdi ki, "Dehli şəhərinin Videlqarden parkında 20-yə yaxın adsız qəbir var. Sual olunur ki, niyə bu qəbirləri, əsasən, Ermənistandan gələnlər ziyarət edirdilər, nə üçün A.Mikoyan və S.Şaumyanın oğlanları tez-tez Hindistana gedirdilər."
Çox maraqlıdır ki, o dövrdə Bakı komissarları haqqında məsələləri araşdırmaqla məşğul olan V.Çaykin, 1919-cu ildə general Tomsona komissarların güllələnməsinə dair şahidlərin olduğunu bildirsə də, 1922-ci ildə nəşr etdiyi "Rusiya inqlabının tarixinə dair" kitabında Bakı komissarlarının Hindistana aparılması fikirlərinin sübuta yetirilməsinə səy göstərmişdi.
İlkin araşdırmalar göstərir ki, Bakı komissarlarının əsas üzvlərinin güllələnməsi hələ də sual doğurur. Deməli, məsələnin dürüstləşdirilməsi üçün Sahil bağından çıxarılan sümüklərin və Hindistanda olan qəbrlərin kimə mənsub olmasının daha ciddi araşdırılmasına böyük ehtiyac vardır.