Artıq Mətbuatın İnkişafına Dövlət Dəstəyi Fondu layihəsi reallaşmaq ərəfəsindədir. Bu isə Azərbaycan mətbuatının inkişafı üçün yeni dövrünün başlanğıcı olacaq. Bu mövzu ilə bağlı bir neçə KİV nümayəndələrinə müraciət etdik:
Akif Aşırlı, "Şərq" qəzetinin baş redaktoru:
- Bildiyiniz kimi, bu layihənin reallaşdırılması 2008-ci ildə nəzərdə tutulmuşdur. 2009-cu ildən bu layihə artıq dövlət büdcəsinə daxil olub. Mətbuata yardımların ayrılması büdcədə nəzərə tutulub. Sadəcə olaraq, problem ondadır ki, Mətbuatın İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılması gecikir. Əgər layihə reallaşsa büdcədə nəzərdə tutulan vəsait fonda keçiriləcək və fondun vəsaiti mətbuat orqanları arasında bölüşdürüləcək. Bu vəsait müəyyən edilən əsas istiqamətlərə xərclənəcək, yəni qəzetlərin müstəqilliyinin artmasına hesablanacaq bir addım olacaq.
Məlum olduğu kimi, reket jurnalistikası elə bir yaradır ki, onu birdəfəlik müalicə etmək mümkün deyil. Ancaq müəyyən mənada irəliləyişlərin əldə olunması mümkündür. Hesab edirəm ki, ciddi qəzetlər nə qədər inkişaf etsə, onların imkanları artıqca reket jurnalistikasının da sıradan çıxma ehtimalı böyük olacaq. Mətbuatın İnkişafına Dövlət Dəstəyi Fodunun ciddi qəzetlərinin imkanlarının artmasına yönələcəksə, ədalətli bölgü aparılacaqsa, müstəqil qəzetlərin vəziyyəti yaxşılaşdıqca reket mətbuatı da yavaş-yavaş zəifləyəcək. Mənim fikrimcə, Mətbuatın İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılması müəyyən mənada reket mətbuatının zəifləməsinə xidmət edə bilər.
Tahir Rüstəmov, "Xalq Qəzeti"nin baş redaktorunun müavini:
- Dövlətin yardım ayırması qəzetlərin daha geniş spektrdə uğurlu fəaliyyət qurmalarına imkanlar yaradacaq. Nəzərə almaq lazımdır ki, mətbuatın müxtəlif xərcləri var. İnanıram ki, mətbuat bu yardımlardan bəhrələnəcək. Bildiyimə görə, artıq texniki maliyyə sənədləri hazırlanıb Prezidentin İcra Aparatına təqdim olunub.Sənədin imzalanmasından sonra büdcədən vəsait ayrılacaq. Maliyyə yardımından mətbuat bəhrələnə biləcək.
Bildiyimiz kimi, reket və jurnalist ifadələrini biz zorla birləşdirmişik. Ancaq bunlar başqa-başqa fəaliyyət sahələridir. Bir jurnalistika var, bir də reketçilik. Jurnalistikada reketçilik üsulu ilə çalışanlar da var ki, onları qidalandıranlar mövcuddur.
Mətbuata yardımı yalnız ciddi qəzetlər alacaq. Azərbaycan Mətbuat Şurası bu barədə çox fundamental əsaslı təkliflər irəli sürüb ki, bu vəsait fəaliyyəti şəffaf, jurnalist etikası olan qəzetlərə ayrılsın.
Rəşad Məcid, "525-ci" qəzetin baş redaktoru:
- Bu məsələ araşdırılır. Müvafiq dövlət qurumlarının rəyi alındıqdan sonra onların rəyi əsasında bu məsələ reallaşacaq. Ümid edirəm ki, bu günlərdə məsələ öz müsbət həllini tapacaq. Mətbuatın İnkişafına Dövlət Dəstəyi Fondu layihəsinin reallaşması ölkəmizdə KİV-in inkişafına öz müsbət təsirini göstərəcək. Çünki mətbuatın dövlət yardımlarından layihələşməsi zəruri məsələdir.
Cəmaləddin Quliyev, "Paritet" qəzetinin baş redaktoru:
- Mətbuatın İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılması Azərbaycan mətbuatı, cəmiyyəti üçün çox faydalıdır. Düşünürəm ki, bu layihə tezliklə reallaşacaq və bu fond vasitəsilə mətbuata yardıma start verəcək.