Səməd Seyidov: “Azərbaycan demokratik inkişafda ən aktiv iştirak edən ölkədir”
Dünən ölkəmizdə keçirilən referendumun nəticələrindən bütün ölkə nümayəndələri ilə yanaşı beynəlxalq müşahidəçilər də razı qaldıqlarını bildiriblər. Millət vəkili Səməd Seyidov bizə verdiyi açıqlamada son günlərdə qəbul olunan Amnistiya Aktı və referendumla bağlı fikirləri ilə paylaşıb.
Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin sədri, millət vəkili,Səməd Seyidov:
- Biz referendumdan sonra da onun nəticələrini təhlil edəcəyik. Hesab edirəm ki, beynəlxalq müşahidə missiyasının verdiyi rəy obyektiv müşahidələr əsasındadır. Obyektiv müşahidələr göstərir ki, referendum Azərbaycan xalqının iradəsini əks etdirən bir proses və ən əsas bir məsələdir. Biz dəfərlərlə demişik ki, Azərbaycan xalqı öz fikir və münasibətini bu referendumla bağlı bildirəcək. Bütün bunları referendumdan sonra təşkil olunan rəylər, mətbuat konfransları bir daha sübut etdi. Beynəlxalq müşahidəçilər də tam obyektiv bir şəkildə müşahidələr nəticəsində Azərbaycan xalqının iradəsini əks etdirən prosesin şahidi oldular. Ölkəmizdə islahatlar daim davam etdirilib. Bu gün Azərbaycan demokratik inkişafda ən aktiv iştirak edən ölkədir.
Referendum Azərbaycan monitorinqi altında olduğuna görə, ona Avropa Şurasında da baxılacaq. Ancaq hesab edirəm ki, referendumun çox yüksək səviyyədə keçirilməsi müzakirələrin mövcudluğunu təsdiq edə bilər. Amma hansısa bir kəskin, yaxud belə bir məsələlərin mövcudluğuna inanmıram.
Bir neçə gün bundan əvvəl Mehriban Əliyeva tərəfindən irəli sürülən təşəbbüs əsasında Amnistiya Aktı qəbul olunub. Bu aktın qəbulu və icrası Azərbaycanın Şərqi Avropa ölkələrində olan standartlara yaxınlaşması, onlarla eyni səviyyədə olması deməkdir. Bu özü-özlüyündə islahatların, inkişafın, Azərbaycanda gedən dünya standartlara uyğunlaşması prosesinin göstəricisidir.
Könül Kamilqızı