AVROPALI MÜŞAHİDƏ QRUPU: “REFERENDUMUN NƏTİCƏSİ AZƏRBAYCAN XALQININ İRADƏSİNİ ƏKS ETDİRİR”
Dünən "Hyatt Regensy" otelinin Nizami zalında ölkə Konstitusiyasına əlavə və dəyişikliklərlə bağlı keçirilən referendum prosesini izləyən 6 Avropa ölkəsinin (İspaniya, Belçika, Böyük Britaniya, Fransa, Estoniya, Finlandiya) 20 parlament nümayəndəsindən ibarət müşahidə qrupu səsvermənin nəticələri ilə bağlı mətbuat konfransı keçirdi.
Keçirilən mətbuat konfransında Belçika parlamentinin deputatı, bu ölkənin ATƏT Parlament Assambleyasındakı nümayəndə heyətinin üzvü Alan Deştex müşahidə qrupunun bəyanatını səsləndirdi. O bildirdi ki, onlar referendum prosesini izləmək üçün Azərbaycan parlamenti tərəfindən dəvət olunublar: "Biz beynəlxalq müşahidəçilər olaraq referendum günündən bir neçə gün əvvəl gəlmişik və seçki kampaniyasının keçirilməsi barədə rəy bildirmişik".
Referendumun fəal, sakit və peşəkarlıqla həyata keçirildiyini qeyd edən parlamentari, onu da bildirdi ki, səsvermə prosesi onların səfər etdiyi bütün seçki məntəqələrində intizam pozuntusu olmadan keçirilmiş və ciddi problemlər müşahidə olunmamışdır. Bəyanatda, eyni zamanda, bildirilir ki, seçki məntəqələrinə giriş daha da təkmilləşdirilmiş seçici siyahılarına isə heç bir məhdudiyyət qoyulmamışdır.: "Bülletenlərin çaşqınlıq və çətinlik yaratması ilə bağlı əvvəlcədən yaranan qorxular və narazılıqlar özünü doğrultmadı. Seçicilər bütün sualları ayrı-ayrılıqda cavablandırmaq imkanına malik idilər. Hər bir sualın "bəli" və ya "xeyr" kimi cavablarını vermək üçün kifayət qədər seçki bülleteni var idi".
A.Deştexin sözlərinə görə müşahidə qrupu səsvermə prosesi zamanı gecikdirmə və mümkün problemlərin qarşısını almaq üçün kifayət qədər heyət və seçki qutularının olduğunu vurğuladı: "Biz etiraf edirik ki, səsvermə prosesi zamanı ortaya çıxan problemlərin qarşısının alınması istiqamətində bütün lazımi tədbirlər görülmüşdü. Ona görə də, biz belə bir nəticəyə gəlirik ki, referendumun nəticəsi Azərbaycan xalqının iradəsini əks etdirir. Seçki məntəqələrində səslərin hesablanması prosesi də açıq və şəffaf şəkildə aparılmış, heç bir problem aşkar edilməmişdir".
O, təcrübəli beynəlxalq müşahidəçi qrupu kimi ATƏT-i də gələcək seçkilərə və ya referendumlara rəsmi seçki müşahidəçi missiyalarını göndərməyə çağırdı.