Martın 18-də keçirilən ümumxalq səsverməsini yerli müşahidəçilərlə yanaşı beynəlxalq qurumları təmsil edən müşahidəçilər də izlədi. AŞ PA müşahidəçilərinin diqqətini səsvermə zamanı ən çox cəlb edən vətəndaşların fəallığı oldu. AŞPA-nı təmsil edən müşahidə missiyasının rəhbəri belçikalı deputat Pol Villi seçki məntəqələrindəki prosesi müsbət qiymətləndirib: "Seçki məntəqələrinə baş çəkdikdən sonra məndə yaranan ilkin təəssürat müsbətdir. Seçicilərin xüsusi aktivliyini qeyd etmək istərdim. Səsvermə kabinələri kifayət qədər olduğundan seçicilər çox gözləməli olmurlar. 16 saylı Yasamal II seçki dairəsinin 7 saylı məntəqəsində saat 10-a olan məlumata əsasən, bu məntəqədə seçicilərin təxminən 50 faizi iştirak edib. Bu, çox yüksək nəticədir".
P.Villi seçicilərin kabinələrdə 5-6 dəq qaldığına da diqqət çəkərək bunu onların seçim etməzdən əvvəl bülletenləri oxuması ilə əlaqələndirdi. O, səslərin sayılması prosesini izləyəcəklərini də açıqladı: "Bülletenlər 29 maddədən ibarət olduğu üçün bütün səslərin sayılması kifayət qədər vaxt aparacaq".
Pol Villi 16 saylı ikinci seçki dairəsinin 7 saylı məntəqəsində yüksək seçici fəallığı müşahidə etdiyini dedi. Saat 10-a qədər həmin məntəqədə qeydə alınmış 1463 seçicidən 500-ə yaxını səsvermədə iştirak edib: "Referendumla bağlı ilkin təəssüratlarımızı soruşsanız cavab olaraq deyə bilərik ki, müsbətdir. Çox sevindirici haldır ki, bu seçki məntəqəsində saat 10-a qədər bütün seçicilərin 50 faizi səs verib. Bu da yüksək seçici fəallığının olduğu deməkdir. Seçicilər səs verən zaman avtomatik olaraq bülletenləri doldurmurlar. Oxuyurlar, mətnləri başa düşürlər, səs verirlər. Nəticə budur ki, referenduma çıxarılan 29 maddəyə dəyişikliyi yaxşı dərk edirlər".
Fransa parlamentinin deputatı, Fransanın Avropa Şurası Parlament Assambleyasında nümayəndə heyətinin rəhbəri Voisin Mişel də Azərbaycanda keçirilən seçkilərdə mütamadi iştirak etdiyini dedi: "Azərbaycanda seçkilərin mütəmadi keçirilməsi müsbət haldır. Hər il müxtəlif seçkilərin keçirilməsi vətəndaşları demokratik təsisatlara alışdırır və bu, müsbət haldır".
Fransalı deputat 17 saylı Yasamal birinci Seçki Dairəsinin dairə seçki komissiyasında və bu dairəyə daxil olan 5 məntəqədə müşahidə apartdığını bildirib: "Səsvermə prosesi texniki baxımdan yüksək səviyyədə təşkil olunub. Konstitusiyaya əlavə və dəyişikliklərə gəldikdə isə, burada antidemokratik məqamlara rast gəlməmişəm".
Fransanın AŞ PA-da nümayəndə heyətinin üzvü Mariane Tyerri səsvermə prosesinin gedişində hər hansı neqativ halla rastlaşmadığını vurğuladı. 26 saylı Sabunçu birinci seçki dairəsinin 3 məntəqəsində müşahidə apardığını deyən deputat həmin məntəqələrdə səsvermənin texniki baxımdan yüksək səviyyədə təşkil olunduğunu, prosesinin gedişini müşahidə eləməyə sərbəst şərait yaradıldığını, seçici aktivliyinin normal olduğunu bildirdi.
Belçika parlamentinin üzvü, Belçikanın NATO Parlament Assambleyasında nümayəndə heyətinin rəhbəri Harmegines Yvon isə, Azərbaycan Konstitusiyasına əlavə və dəyişikliklərlə bağlı keçirilən referendumun gedişi ilə bağlı təəssüratlarının müsbət olduğunu vurğuladı: "Seçki məntəqələrində səsvermə prosesinin təşkili texniki baxımdan yüksək səviyyədədir. Müşahidə apardığım seçki məntəqələrində seçici fəallığı yaxşıdır. Müqayisə üçün deyə bilərəm ki, seçkilərin keçirilməsi prosesi Belçikada keçirilən seçkilərdən fərqlənmir. Sadəcə, Azərbaycanda səsverməyə çıxarılan əlavə və dəyişikliklərin sayı çoxdur. Amma vətəndaşlar bu seçkilərdə mütləq iştirak etməlidir, çünki səsverməyə çıxarılan müddəalar ölkənin Əsas Qanunu ilə bağlıdır".
MDB müşahidə missiyasının rəhbəri, MDB İcraiyyə Komitəsinin sədr müavini Toktasın Buzubayev isə təklif olunan dəyişikliklərin dərin mahiyyətə malik olduğunu bildirdi: "Azərbaycanda Konstitusiyanın təkmilləşdirilməsi baxımından böyük iş görülür. Xüsusilə, xoşuma gələn məqam odur ki, Azərbaycan Əsas Qanuna edilən dəyişikliklərlə sosial-iqtisadi yönümlü kursa meyillənir. Səsverməyə çıxarılan hər əlavə və dəyişiklikdən insanlara qayğı hissi aşıb-daşır. Referenduma çox yaxşı hazırlıq işi aparılıb, çox ciddi iş görülüb. Müşahidə apardığımız məntəqələrdə seçici aktivliyi yüksək olub. Bu, referendumla bağlı yaxşı maarifləndirmə işi aparılması ilə bağlıdır. Hələ gün yarı olmamış baş çəkdiyimiz məntəqələrdə seçicilərin 50 faizi səsvermə hüququndan istifadə etmişdi.
Biz qərargahla daim əlaqə saxlamışıq, hələlik, hansısa şikayət daxil olmayıb. Seçki məntəqələrində veb-kameraların quraşdırılması yüksək qiymətləndirilməlidir. Veb-kameralardan kütləvi istifadə olunur, onlar tək Bakı, digər şəhərlərdə yox, regionlarda da quraşdırılıb. Məntəqələr, hələlik, 100 faiz kameralarla təmin olunmasa da, bu, çox yaxşı işdir.
Mən özüm də onların rejimində seçkilərin gedişini izləmişəm. Seçicilərə təqdim olunan sualların çoxluğunu nəzərə alaraq bütün seçki məntəqələrində kabinələrin sayını artırıblar, seçki məntəqələrində əlavə seçki qutuları da saxlanır ki, qutular dolduğu halda yeniləri ilə əvəz etsinlər. Bizə bildiriblər ki, referendum üçün 1000-dən artıq yeni qutu əldə olunub".
22 saylı Nəsimi 2-ci seçki dairəsinin 22 saylı məntəqə seçki komissiyasında olan Belorusun parlamentinin vitse-spikeri, MDB PA nümayəndəsi Mariya Birrukova insanların yüksək seçki fəallığı göstərməsindən məmnun qaldığını söylədi: "Ən çox xoşuma gələn referendumda gənclərin fəallıq göstərməsidir. Referendum çox sakit keçməkdədir. Bu isə Azərbaycan xalqının demokratik ənənələrə sədaqətli olduğunu göstərir".
22 saylı Nəsimi seçki dairəsinin 26 saylı məntəqəsində səsvermə prosesini müşahidə edən MDB-dən olan nümayəndə Likot Anatoli qeyd etdi ki, MDB ölkələrində, hələ ki, bu cür demokratik referendum keçirilməyib. L.Anatoli məsələ ilə bağlı əlavə fikir söyləmək istəmədiyini bildirərək, dedi ki, referendumun başa çatmasından sonra bəyanatla çıxış edəcəklər.
İspaniyadan olan müşahidəçilər Ortiz Perez Juan Joze və Manuel Guillermo Altava məntəqələrdə narazılıq yaradan problemlərlə qarşılaşmadıqlarını bildirdilər. Bolqarıstan parlamentinin deputatı Nikola Prodanov əhalinin referendumda fəal iştirak etdiyini, hər şeyin qaydasında olduğunu və heç bir pozuntunun qeydə alınmadığını dedi.
Bolqarıstan parlamentinin digər üzvü Yuseyn Dsxemilli də seçki zamanı heç bir pozuntunun qeydə alınmadığını, referendumun normal keçdiyini bildirdi.
ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) nümayəndəsi Skott Teylor isə seçicilərin fəallığının yüksək olduğunu dedi. Qeyd edərək bildirdi ki, heç bir qanun pozuntusu müşahidə edilməyib: "75 saylı Lənkəran - Masallı seçki dairəsinin bir neçə məntəqəsinə baş çəkmişəm, səsvermənin sərbəst, maneəsiz keçdiyinin şahidi oldum. Səhərdən 10-a yaxın seçki məntəqəsində səsverməni müşahidə etmişəm. Prosesin çox şəffaf və demokratik şəraitdə getdiyi qənaətinə gəldim".
Bolqarıstan parlamentinin üzvü Qrızanov İvan isə seçkidə əhalinin aktivliyinin yüksək olduğunu dedi: "Bu seçki məntəqəsində iki saat əvvəl də olmuşuq. Artıq 50 faiz seçici səsvermədə iştirak edib. Ümumilikdə, 30-a yaxın məntəqədə müşahidə aparmışıq onlarda da fəallıq yüksəkdir. Həm yaşlıların, həm də gənc nəslin səsvermədə iştirakı təqdirəlayiqdir".
Beynəlxalq müşahidəçi, Bolqarıstan parlamentinin üzvü Dimitar Qandev də seçki ilə bağlı müsbət fikirdə olduğunu vurğuladı: "Çox yaxşı təəssüratlarımız var. Məni daha çox gənclərin fəallığı sevindirir. 2 gün əvvəl referendumla əlaqədar gənclərin təbliğat apardıqlarının şahidi oldum. Bu, sevindirici haldır".
Estoniya parlamentinin üzvü, beynəlxalq müşahidəçi Toomas Alatalu səsvermə prosesinin yaxşı getdiyini bildirdi: "Əhali gəlib rahat səs verir. Müşahidəçilər arasında qadınların çox olmasını da yüksək qiymətləndiririk. Bu könüllülüyün yüksək olduğunu göstərir".
Belçika parlamentinin üzvü Jan Pol Anri seçkilərin öz qaydasında getdiyini bildirərək, qeyd etdi ki, insanlar gəlib heç bir maneə olmadan öz seçimlərini edirlər.
Belçika parlamentinin nümayəndəsi Guy Saulmont da həmkarları ilə eyni fikirdə olduğunu dedi: "Hər şey yaxşıdır. Demokratik və şəffaf bir seçki prosesinin şahidi oldum. Ümid edirəm ki, sona qədər də belə olacaq".
Fransa parlamentinin üzvü Jak Le Quen referendumun şəffaf keçdiyini və məntəqələrdə bunun şahidi olduğunu bildirdi: "Mən iki seçki məntəqəsinə baş çəkdim. Seçki həqiqətən şəffaf keçir və heç bir problem yoxdur".
Müstəqil Dövlətlər Birliyi müşahidə missiyası başçısının müavini, missiyanın qərargah rəhbəri Yevgeni Sloboda da bildirdi ki, Mərkəzi Seçki Komissiyası, dairə və məntəqə seçki komissiyaları tərəfindən referendumla bağlı böyük izahat işinin aparıldığını qeyd etdi: "Referenduma çıxarılan suallarla bağlı müqayisə cədvəlinin paylanması seçicilərin aktivliyində böyük rol oynayıb. Kütləvi informasiya vasitələrində də yaxşı təbliğat aparılıb. Məntəqələrdə səsvermənin gedişini onlayn rejimində izləmək təcrübəsi MDB məkanında ilk dəfə Azərbaycanda 2008-ci ilin prezident seçkilərində tətbiq olunub. Hazırkı referendumda da bu sistemdən istifadə edilməsi yüksək qiymətləndirilməlidir. Azərbaycanda gedən seçki prosesini Yer kürəsinin istənilən nöqtəsindən izləmək olar. Bu təcrübənin MDB məkanında yayılması təklifi ilə çıxış edəcəyik".
Böyük Britaniya parlamentinin deputatı, Avropa Şurası Parlament Assambleyasının üzvü Maykl Henkok isə seçki prosesinin müsbət keçdiyin və seçicilərin aktivlik göstərdiklərini bildirdi. Qeyd etdi ki, gənclərin və qadınların seçkidə fəal iştirakı xüsusi qeyd olunmalıdır: "İnsanların kimi prezident seçmək və neçə dəfə seçmək hüquqları var. Böyük Britaniyada da belədir. Məsələn, xanım Marqaret Teççer və Toni Bler iki dəfədən artıq baş nazir seçiliblər. Sonra isə xalq onlara etimad göstərməyib. Buna görə də, düşünürəm ki, bu, heç də qeyri-demokratik hal deyil və müxalifətin seçkiləri boykot etmək çağırışı uğursuzluğa düçar olub".