Oqtay Əsədov Vasili İstratovla görüşüb
Martın 16-da Milli Məclisin sədri Oqtay Əsədov Rusiya Federasiyasının Azərbaycandakı səfiri Vasili İstratovla görüşmüşdür. Milli Məclisin mətbuat xidmətindən verilən məlumata görə O.Əsədov ölkəmizdə rus xalqının çoxlu nümayəndəsinin yaşadığını və onların bərabərhüquqlu vətəndaşlar kimi Azərbaycanın ictimai-siyasi həyatında yaxından iştirak etdiklərini diqqətə çatdırmışdır. Bildirilmişdir ki, burada yaşayan rus icması parlamentdə də təmsil olunur və öz sözünü bu yüksək tribunadan səsləndirmək imkanına malikdir. Onlar Azərbaycan həqiqətlərinin Rusiya və dünya ictimaiyyətinə çatdırılmasında mühüm rol oynayırlar.
Sonra Milli Məclisin sədri Vasili İstratova Rusiyanın Azərbaycanda səfiri kimi göstərdiyi təqdirəlayiq fəaliyyətə görə təşəkkürünü bildirmiş, ölkələrimiz arasındakı münasibətlərin inkişafındakı rolunu yüksək qiymətləndirdi.
Görüş üçün minnətdarlığını bildirən səfir Azərbaycanda fəaliyyət göstərməyin onun üçün çox xoş olduğunu və diplomatik missiyasının başa çatmasına baxmayaraq, bundan sonra da ölkəmizlə əlaqə saxlayacağını diqqətə çatdırıb.