PDF Oxu

Sosial

  • 15

AZƏRBAYCAN NÜMAYƏNDƏ HEYƏTİ OPEK-İN 152-Cİ KONFRANSINDA İŞTİRAK ETMİŞDİR

AZƏRBAYCAN NÜMAYƏNDƏ HEYƏTİ OPEK-İN 152-Cİ KONFRANSINDA İŞTİRAK ETMİŞDİR
Martın 15-də Vyanada OPEK-in mənzil-qərargahında təşkilatın 152-ci konfransı keçirilmişdir. Konfransa təşkilata üzv olan dövlətlərlə yanaşı neft hasilatçısı və idxalçısı olan ölkələrin nümayəndələri də qatılmışlar.
Konfransda Azərbaycanı sənayə və energetika naziri Natiq Əliyevin rəhbərliyi ilə nümayəndə heyəti müşahidəçi qismində təmsil etmişdir. N. Əliyev tədbirdə məruzə ilə çıxış etmişdir.
Nazir Azərbaycan dövlətinin yürütdüyü enerji siyasəti barədə məlumat vermiş, ölkədə neft strategiyasının uğurla həyata keçirilmdiyini diqqətə çatdırmışdır. Qeyd edilmişdir ki, ölkənin enerji siyasətinin əsas prinsipləri respublikanın enerji daşıyıcılarına tələbatını ödəmək və enerji təhlükəsizliyini təmin etmək, Azərbaycanın dünya iqtisadiyyatında rolu və əhəmiyyətini gücləndirmək və enerji resurslarının Avropa bazarlarına çıxarılması üçün etibarlı Şərq-Qərb enerji dəhlizi yaratmaqdan ibarətdir.
Qısa vaxt ərzində Azərbaycan neft və qaz hasilatının həcmini sürətlə artırmış, təbii qaz və elektrik enerjisi idxalından imtina etmiş, xam neft, neft məhsulları, təbii qaz və elektrik enerji ixracatçıları sırasına qoşulmuşdur. Neft və qaz istehsalını ilbəil artırmaqda olan Azərbaycan öz coğrafi məkanı, güclü iqtisadi potensialı, böyük miqdarda karbohidrogen ehtiyatları, Avropa və Avratlantik strukturlara inteqrasiyası ilə Avropa və Asiya arasında çoxtərəfli əməkdaşlığın səmərəliliyini artırmaqdadır.
N.Əliyev, eyni zamanda, Azərbaycanın əsas ixrac kəmərləri barədə məlumat vermiş və qeyd etmişdir ki, Azərbaycan neftini dünya bazarına çıxaran Ceyhan terminalı Aralıq dənizi regionunda ən böyük neft terminallarından biridir. Azərbaycan neft istehsalının və emalının həcminə görə dünyada 10-cu, neft ixracının həcminə görə isə 7-ci yerdədir. 2008-ci ildə ölkədə 45 milyon ton neft hasil edilmişdirsə, 2010-cu ildə bu rəqəm 65 milyon tona çatdırılacaqdır.
Böyük karbohidrogen ehtiyatlarına malik olan Xəzər dənizi hövzəsində yerləşən Azərbaycan, gələcəkdə Avrasiya Neft Nəqli Dəhlizi sistemi vasitəsilə enerji daşıyıcılarının dünya bazarlarına çıxarılmasında mühüm rol oynamaq imkanına malik olacaqdır.
Azərbaycan bazar iqtisadiyyatı, şəffaflıq, rəqabət qabiliyyətinin sərbəstliyi və qarşılıqlı mənfəət əsasında öz karbohidrogen ehtiyatlarının Avropa bazarına çıxarılmasında və onların nəql marşrutlarının çoxşaxəliliyinin təmin olunmasında maraqlıdır.
Bu gün qarşıda duran əsas məqsəd dünyada enerji təhlükəsizliyinin təmin olunmasını diqqətdə saxlamaq, enerji problemlərini hərtərəfli müzakirə etmək, dünya neft bazarlarında qiymətlərin sabitləşməsinə çalışmaq və hasilatçı ölkələr arasında qarşılıqlı mənfəət əsasında əməkdaşlığı gücləndirməkdir.
N.Əliyev konfrans çərçivəsində OPEK-in baş katibi Abdulla əl-Badri, OPEK-in Beynəlxalq İnkişaf Fondunun baş direktoru Süleyman əl-Xərbiş, Rusiyanın energetika naziri Sergey Şmatko və digər yüksək səviyyəli nümayəndələrlə ikitərəfli işçi görüşləri keçirmişdir.
Konfransda qərara alınmışdır ki, OPEK ölkələrinin may ayında baş tutacaq növbəti toplantısınadək neft hasilatının kvotası dəyişməz (gündəlik 24,84 milyon barrel) saxlanılsın. Xatırladaq ki, dünyanın neftə tələbatının 40 faizini hasil edən OPEK ölkələri ötən ilin sentyabrından etibarən mərhələli şəkildə neft hasilatını 4,2 milyon barrel azaltmışdır.

Digər xəbərlər