“18 mart referendumu bizə nə verəcək?” adlı kitab hazırlanıb
Martın 18-də keçiriləcək referendumda qeydə alınmış "Şəhər" referendum üzrə Təşviqat Qrupu tərəfindən "18 mart referendumu bizə nə verəcək?" adlı kitab hazırlanıb. "Şəhər" referendum üzrə Təşviqat Qrupunun vəkili Adil Kərimli bildirib ki, təşviqat qrupu tərəfindən hazırlanan kitab referendumqabağı təşviqatın tərkib hissəsi kimi böyük seçici kütləsi üçün nəzərdə tutulub. Onun sözlərinə görə, kitab Bakı şəhərinin müxtəlif yerlərində ziyalılarla keçirilən görüşlərdə paylanıb: "Kitabda ümumilikdə Konstitusiyanın 29 maddəsinə təklif olunan əlavə və dəyişikliklər ətraflı təhlil olunub. Bu da geniş seçici kütləsinin maariflənməsi təklif olunan əlavə və dəyişikliklərin əsil mahiyyətinin açıqlanması baxımından mühüm əhəmiyyət kəsb edir".
Qeyd edək ki, "Şəhər" referendum üzrə Təşviqat Qrupu 2000-dən çox sayda seçicilər tərəfindən yaradılıb.