“YÜKSƏKLİYƏ DOĞRU” KİTABININ TƏQDİMATI OLMUŞDUR
Dünən Azərbaycan Dillər Universitetinin Amerika Mərkəzində Azərbaycan Marketinq Cəmiyyətinin və ABŞ Təhsilli Azərbaycan Məzunları Assosiasiyasının təşkilatçılığı ilə xarici işlər nazirinin müavini, Diplomatik Akademiyanın rektoru Hafiz Paşayevin "Yüksəkliyə doğru" kitabının Azərbaycan dilində nəşrinin təqdimatı olmuşdur.
Mərasimi açan ABŞ Təhsilli Azərbaycan Məzunları Assosiasiyasının sədri Ceyhun Kərəmov bildirmişdir ki, tanınmış diplomat Hafiz Paşayevin 1993-cü ilin fevralından 2006-cı ilin iyununa qədər Vaşinqtonda, Azərbaycanın Amerika Birləşmiş Ştatlarındakı ilk səfiri kimi işlədiyi dövrdə fəaliyyətini əks etdirən müxtəlif materiallar kitab şəklində 2006-cı ildə Vaşinqtonda ingilis dilində nəşr edilmişdir. Oxucuların marağı nəzərə alınaraq, kitab Azərbaycan Marketinq Cəmiyyətinin təşəbbüsü ilə dilimizə tərcümə olunmuşdur. Kitaba müəllifin Amerika universitetlərində, müstəqil tədqiqat mərkəzlərində, habelə ABŞ-ın 30-dan çox ştatında keçirilən biznes forumlarda çıxışları, ABŞ mətbuatında dərc olunmuş bir sıra məqalələri, müsahibələri və bəyanatları daxil edilmişdir.
Oxucular bu nəşrdə Azərbaycanın ABŞ-dakı səfirliyinin açılmasından etibarən ABŞ-Azərbaycan ikitərəfli əlaqələrinin mürəkkəb inkişaf dinamikası barədə ətraflı məlumat alacaqlar.
Mərasimdə çıxış edən Dillər Universitetinin prorektoru Natiq Yusifov, Azərbaycan Marketinq Cəmiyyətinin sədri, Rəhim Hüseynov, İqtisad Universitetinin rektoru, Milli Məclisin elm və təhsil məsələləri daimi komissiyasının sədri Şəmsəddin Hacıyev, BDU-nun professoru Abuzər Xələfov, tərcüməçi Xumar Hüseynova və başqaları kitabın məziyyətlərindən danışmışlar. Bildirilmişdir ki, burada toxunulan məsələlərin - Xəzərin enerji ehtiyatlarının Qərb ölkələrinə çatdırılması, regional münaqişələrin həlli, yeni müstəqil dövlətlərdə demokratiyanın dəstəklənməsi, Cənubi Qafqazda təsiri gücləndirmək üstündə geosiyasi rəqabət və ABŞ-ın xarici siyasətinin formalaşdırılmasında Konqresin rolu kimi məsələlərin əhəmiyyəti ABŞ-Azərbaycan əlaqələrinin çərçivəsindən çox-çox kənara çıxır. Azərbaycanlı
oxucular buradakı materiallar əsasında ölkəmizin beynəlxalq aləmdə özünü təsdiqləmək üçün keçdiyi çətin, kəşməkəşli yolu, aradan qaldırdığı maneələri təsəvvür edə biləcəklər.
Sonra çıxış edən professor Hafiz Paşayev kitabın yazılma səbəbi, nəşr prosesi, habelə okeanın o tayında Azərbaycan diplomatlarının fəaliyyəti barədə məlumat vermişdir. Müəllifin ümummilli liderimiz Heydər Əliyevin 1997-ci il iyulun 27-dən avqustun 7-dək ABŞ-a ilk rəsmi səfəri, burada keçirdiyi görüşləri haqqında xatirələri xüsusi maraq doğurmuşdur. Hafiz Paşayev Prezident İlham Əliyevin 2006-cı ilin aprelində ABŞ-a səfərinin, Prezident Buşla, digər dövlət rəsmiləri ilə danışıqlarının, səmimi söhbətlərinin ölkələrimiz arasında münasibətlərin inkişafında yeni mərhələ açdığını bildirmişdir. O demişdir ki, kitabın 1993-94-cü illəri əhatə edən birinci fəsli "Azərbaycanın Vaşinqton xəritəsində yerləşdirilməsi", 1995-2001-ci illəri əhatə edən ikinci fəsli "ABŞ-Azərbaycan münasibətlərinin möhkəmlənməsi", 2001-2006-cı illəri əks etdirən üçüncü fəsli isə "Əməkdaşlıqdan strateji tərəfdaşlığa doğru" adlanır və bunlar həm də iki dövlət arasında əlaqələrin mərhələlərini göstərir.
Daha sonra müəllif suallara cavab vermişdir.