Misir Mərdanov: “Azərbaycanda təhsil alan əcnəbi tələbələrin ödədikləri təhsil haqqının artırılmasına çalışırıq”
"Hazırda Təhsil Nazirliyinin qarşısında duran başlıca vəzifə təhsil müdətini başa vuran və gələcəkdə bitirəcək məzunların Azərbaycanda müvafiq işlə təmin olunmasıdır". Bu barədə SİA-ya təhsil naziri Misir Mərdanov açıqlama verib. Onun sözlərinə görə, xaricdə təhsil alan mütəxəssislərin işlə təminatı ilə əlaqədar məlumat bazasının, veb-saytın yaradılması, dövlət və özəl sektordan təkliflərin qəbul olunması nəzərdə tutulub. Bundan əlavə, müvafiq göndərişlərin verilməsi və digər məsələləri əhatə edən mexanizmin hazırlanması istiqamətində də işlər görüləcək.
Ölkəmizdə təhsil alan əcnəbi tələbələrin sayının ilbəil artdığını deyən nazir qeyd edib ki, əgər 2004-cü ildə Azərbaycanın ali məktəblərində 28 ölkədən 2471 nəfər əcnəbi tələbə təhsil alırdısa, hazırda onların sayı 40 ölkəni təmsil etməklə 7111 nəfərə çatıb. "Amma hesab edirəm ki, bu say da kifayət deyil. Bu baxımdan, ölkəmizin ali təhsilini necə və hansı yollarla yüksək inkişaf etdirə biləcəyimizi düşünməliyik. Biz istərdik ki, Azərbaycanda təhsil alan əcnəbi tələbələrin sayı və ödədikləri təhsil haqqı artsın. Təhsil haqqı ilə bağlı artıq işçi qrupları yaradılıb və Tarif Şurasına təkliflər hazırlayırıq", - deyə nazir əlavə edib.