PDF Oxu

Sosial

  • 5

Azərbaycanda yaşayan ruslar Konstitusiya islahatlarını dəstəkləyir

Azərbaycanda yaşayan ruslar Konstitusiya islahatlarını dəstəkləyir

Artıq bir müddətdir ki, Konstitusiyaya edilən əlavə və dəyişikliklərlə bağlı martın 18-də keçiriləcək referendumla əlaqədar ictimaiyyətlə geniş toplantılar keçirilir. Bu toplantılarda seçicilərin fəal şəkildə iştirakı onu göstərir ki, xalq hüquqi dəyişiklikləri dəstəkləyir. O cümlədən, Azərbaycanda yaşayan rus icmasının nümayəndələri ilə söhbət zamanı bir daha bunun şahidi olduq.
Kadımova Kerina İvanovna: "Bu dəyişikliklər bizlərin firavanlığına, dövlətimizin daha da möhkəmlənməsinə zəmin yaradır"
- Bu gün cəmiyyətin müxtəlif təbəqələri referenduma hazırlıq mərhələsində fəal iştirak edir, ölkənin siyasi sisteminin daha da demokratikləşdirilməsinə, insan hüquq və azadlıqlarının müdafiəsinin təkmilləşdirilməsinə yönəldilən, dövrün tələbinə uyğunlaşdırılan ali qanunda olunacaq əlavə və dəyişiklikləri dəstəkləyirlər. O cümlədən, biz Azərbaycanda - doğma vətənimizdə Konstitusiyaya əlavə və dəyişiklikləri dəstəkləyir və martın 18-də keçiriləcək referendumda hamılıqla iştirak edəcəyik. Çünki bu dəyişikliklər ancaq və ancaq bizlərin firavanlığına, dövlətimizin möhkəmlənməsinə, gələcəyimizin daha etibarlı və dünya dövlətlərinin həsəd apardığı Prezidentə dəstək olmağımıza zəmin yaradır. Mən ali savadlı ziyalıyam. Ölkədə gedən uğurlu iqtisadi inkişafın şahidiyəm. Zamanın tələbindən irəli gələn bu dəyişikliklərə diqqət yetirsək, görərik ki, bunların hamısı xalqın firavanlığına söykənən islahatlardır. Bir anlığa dönüb 1988-93-cü ilə qədər olan dövrə diqqət yetirək. Hansı vəziyyətdə yaşayırdıq. Qorxu, özbaşınalıq, hərc-mərclik... Bu gün isə müstəqilliyini əldə etdiyi az müddətdə Azərbaycan demokratik inkişaf baxımından bu sahədə əsrdən artıq təcrübəsi olan dövlətlərlə eyni səviyyədə dayanır. Bəzi məqamlarda isə həyata keçirdiyi demokratik islahatların əhəmiyyətinə görə nümunə göstərilir. Son prezident seçkiləri nümayiş etdirdi ki, Azərbaycanda demokratiya institutu təkmilləşir, müasirləşir, mütərrəqqi qanunların tətbiqinə diqqət artırılır. Dünya təcrübəsindən istifadəyə maraq güclənir. Konstitusiyaya əlavə və dəyişikliklərdə bu məqamlar öz əksini tapır. Ən sevindirici məqam isə, Azərbaycanda bütün xalqlara eyni münasibət var. Dövlət qayğımıza qalır, firavan yaşayırıq. Belə olan halda nə üçün referenduma getməyək? İnanıram ki, Azərbaycanda yaşayan bütün vətəndaşlar martın 18-də referendumda birlik nümayiş etdirəcəklər.

Provarov Vladimir Vasileviç: "Bu islahatlar ölkə vətəndaşalarının firəvanlığını təmin edən dəyişikliklərdir"

- Çox böyük bir kampaniya ərəfəsindəyik. Martın 18-də referendum keçiriləcək. Böyük tarixi hadisədir. Belə ki, Konstitusiyaya edilən əlavə və dəyişikliklərlə artıq çoxdan tanışı olmuşuq. Bilirik ki, bu islahatlar ölkə vətəndaşalarının şəxsi həyatına müdaxilələrin qanunla qəbul olunmuş qaydalara uyğun müdafiəsinin təşkili üçün nəzərdə tutulan dəyişikliklərdir. Ən əsası isə odur ki, uşaq hüquqlarının qorunması, onların həyatına, mənəviyyatına, sağlamlığına təsir edə biləcək halların qarşısının alınması üçün dövlət nəzarətinin artırılması, vətəndaşların hüquqlarının, yalnız Konstitusiyanın müddəalarına əsasən qorunması, insanların vəzifələrinin yalnız ali qanunla müəyyənləşdirilməsi kimi maddələr beynəlxalq hüquq normaları ilə eynilik təşkil edir. Bu gün ölkədə baş verənləri görmək istəməyənlərə ürəyimiz "arıyır". Axı, niyə bu kəslər uğurları görmək istəmirlər? Bəs nə istəyirlər? Bir anlığa Rusiyada, Gürcüstanda, istərsə də Ermənistanda baş verən hadisələrə, iqtisadi duruma baxsaydılar yaxşı olardı. Görərdilər ki, ölkəni güclü siyasətə malik olan lider idarə edərkən hansı durum yaranır. Əgər dövlət başçısı uğurlu fəaliyyəti ilə ölkəni dinamik inkişaf yolu ilə irəliyə aparırsa, insanlar bu siyasəti dəstəkləyirsə, nə üçün vətəndaşların bu arzusuna məhdudiyyət qoyulmalıdır? Buna görə də prezidentin səlahiyyət müddəti ilə bağlı edilən düzəlişə, ümumiyyətlə, 29 maddəyə edilən bütün əlavə və dəyişikliklərə rus icmasının nümayəndələri yekdilliklə səs verəcək.

Qalina Sergeyevna: "Həyata keçirilən islahatlar əhalinin sosial müdafiəsinin gücləndirilməsinə möhkəm zəmin yaradacaq"

- Bu gün Azərbaycanın hər bir vətəndaşı növbəti kampaniyaya hazırlaşır. Həmçinin, biz rus icmasının nümayəndələri də ölkədə keçirilən bütün siyasi proseslərdə fəal olmağa çalışırıq. Axı, niyə də fəal olmayaq? Ötən prezident seçkisində bir nəfər kimi seçkilərdə iştirak etdik. Bu gün Konstitusiyaya edilən əlavə və dəyişikliklərlə bağlı keçiriləcək referendumda da birlik nümayiş etdirəcəyik. İqtisadiyyatın aynası büdcədir. Son beş ildə dövlət büdcəsinin 10 dəfədən artıq artması da deyilənlərə əyani sübutdur. 2008-ci ilin dövlət büdcəsindən əhalinin sosial müdafiəsinə yönəldilmiş xərclərin məbləği 2003-cü illə müqayisədə 5,2 dəfə çox olmuşdur. Ötən dövrdə əhalinin gəlirləri 3,5 dəfə artmışdır. Yoxsulluğun səviyyəsinin 49 faizdən 13,2 faizə enməsi bu istiqamətdə atılan addımların bariz nümunəsidir. Eyni zamanda, işsizlik probleminin həlli daim diqqət mərkəzində olub. Son illərdə 700 mindən artıq yeni iş yerinin yaradılması ölkədə qeyri-neft sektorunun inkişafına diqqətin göstəricisidir. Bütün bunlar onu deməyə əsas verir ki, həyata keçirilən iqtisadi siyasətin əsasında əhalinin sosial müdafiəsinin gücləndirilməsi dayanır. Belə olan halda bu iqtisadi inkişafın daha da genişlənməsi üçün hamını martın 18-də keçiriləcək referendumda birlik nümayiş etdirməyə çağırıram.

Digər xəbərlər