Yusif Piriyev:
- Ölkə Konstitusiyasına təklif edilən əlavə və dəyişikliklər insan hüquq və azadlıqlarının coğrafiyasının daha da genişləndirilməsi, insanların sosial müdafiəsinin gücləndirilməsi, məhkəmə-hüquq sisteminin mükəmməlləşdirilməsi və nəhayət, dövlətçiliyimizin möhkəmləndirilməsinə xidmət edir. Bu dəyişikliklərlə bağlı təklif Yeni Azərbaycan Partiyası tərəfindən ali qanunverici orqanda səslənib və millət vəkilləri bu təklifi dəstəkləyiblər. Təklif olunan əlavə və dəyişikliklərin böyük əksəriyyəti insan hüquq və azadlıqlarının qorunması ilə bağlıdır. Bu baxımdan bu islahatların həyata keçirilməsi vətəndaşların ürəyincədir.
Təqaüdçü Zemfira Kərimova:
- Cəmiyyət inkişaf etdikcə qanunların da təkmilləşməsinə ehtiyac duyulur. İlk milli Konstitusiyamızın qəbulundan ötən müddət ərzində Azərbaycan iqtisadiyyatı sürətli inkişaf edib, beynəlxalq aləmdə mövqeyi daha da möhkəmlənib. Təbii ki, bu cür yeniliklər Konstitusiyada müəyyən dəyişikliklərin edilməsini zəruri edir.
Referendum Aktı bütövlükdə Azərbaycan dövlətinin və xalqımızın maraqlarına xidmət edir. Mən özüm şəxsən martın 18-də keçiriləcək referendumda yaxından iştirak edəcəyəm və milli maraqlarımızın daha təminatlı müdafiəsi üçün nəzərdə tutulan bu islahatların reallaşmasına səs verəcəyəm.
Akif Allahyarov:
- Əlavə və dəyişikliklər içərisində Konstitusiyanın 101-ci maddəsində bir şəxsin iki dəfədən artıq prezident seçilməsini məhdudlaşdıran müddəanın aradan qaldırılması olduqca vacib məsələdir. Bu məhdudiyyətin nə monarxiya qurmaq, nə də ömürlük prezident seçmək məsələsi ilə heç bir əlaqəsi yoxdur. Bu müddəanın aradan qaldırılması sosial sifarişdir və xalq öz prezidentini seçməsində heç bir məhdudiyyətin olmamasını tələb edir. Əgər bir şəxs prezidentliyi dövründə xalqına və dövlətinə ləyaqətlə xidmət edirsə, deməli, xalq onu yenidən hakimiyyət başına gətirəcək.
Rəşid Hüseynov:
- Referendumun keçirilməsinə artıq bir həftə vaxt qalıb. Düşünürəm ki, hər bir ölkə vətəndaşı bu ümumxalq səsverməsində aktiv olmalıdır. Çünki biz bu Konstitusiya islahatlarının xalqımızın hüquqlarının qorunmasına, eləcə də yaşayış səviyyəsinin daha da yüksəlməsinə xidmət etdiyini anlayırıq. Ona görə bu layihəyə biganə yanaşmaq olmaz. Bu, sırf vətəndaşların rifah halının güclənməsinə sirayət edir.
Namiq Ağayev:
- İlk Konstitusiya 1995-ci ildə qəbul edilib. Hamıya bəllidir ki, ümummilli liderimiz Heydər Əliyevin yaratdığı bu Konstitusiya müstəqil dövlətimizin ilk Konstitusiyasıdır. İlk Konstitusiyamız qəbul olunanda o zamanın ictimai-siyasi mühit nəzərə alınıb. İndi artıq həmin qanunların hazırkı situasiya ilə ayaqlaşması vacibdir. Ona görə Konstitusiyanın bəzi maddələrinin dəyişilməsi mütərəqqi addımdır və bu dəyişikliyin Əsas Qanunumuzda öz əksini tapması üçün hər bir Azərbaycan vətəndaşı ciddi-cəhdlə çalışmalıdır. Çünki bu islahatların reallaşıb-reallaşmaması bizlərdən asılıdır. Referendumda iştirak edəcəyimə gəldikdə isə, bunu mənəvi borcum hesab edir.
Mübariz Şərbətov:
- Ölkəmizin əsas qanunlar toplusu olan Konstitusiyamıza əlavə və dəyişikliklərin edilməsi zərurətdən yaranan bir məsələdir. Əslində, bu dəyişikliklərin edilməsi zamanın diqtəsidir. Bütün ölkələrdə konstitusiyalara zaman-zaman əlavə və dəyişikliklər edilir. Bu da təbii bir prosesdir. Çünki konstitusiyalar, qanunlar qəbul edilərkən, mövcud vəziyyət, şərait nəzərə alınır. Sonradan ölkənin inkişafı və maliyyə potensialının artımı bəzi qanunlarda islahatların aparılmasına səbəb olur. Mən dövlət işçisi kimi bir daha bəyan edirəm ki, Referendum Aktını birmənalı şəkildə dəstəkləyirəm və səsvermədə iştirak etməyi özümə borc bilirəm.