Benilüks Azərbaycanlıları Konqresinin II qurultayı keçirilib
Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən "Səs" qəzetinə verilən məlumata görə, Niderland Krallığının paytaxtı Amsterdamda Benilüks Azərbaycanlıları Konqresinin (BAK) II qurultayı keçirilib. Qurultay Azərbaycan Dövlət himninin səsləndirilməsi ilə başlanıb, konqresin ikiillik fəaliyyətindən bəhs edən film nümayiş etdirilib. Konqresin sədri Sahil Qasımov rəhbərlik etdiyi qurumun fəaliyyəti ilə bağlı hesabat məruzəsi ilə çıxış edib.
O, iki il əvvəl bu konqres yaradılarkən Benilüks məkanında - Belçika, Niderland və Lüksemburqda yaşayan Azərbaycan diaspor təşkilatlarını birləşdirməyə çalışdıqlarını bildirib. Həmin dövrdə bütün təşkilatları birləşdirmək mümkün olmasa da, 15 qurumun konqres ətrafında birləşdirildiyini, beləliklə, Benilüks Azərbaycanlıları Konqresinin yarandığını söyləyib. Yeni model kimi, yəni 3 dövlətdə yaşayan soydaşlarımızı ətrafında toplayan BAK-da Azərbaycan cəmiyyətləri ilə yanaşı türk icmaları və türk dünyasının digər təşkilatları da birləşib.
S.Qasımov deyib ki, konqresin fəaliyyətinin ən yaddaqalan məqamlarından biri ana dilinin təbliği ilə əlaqədar Amsterdamda və Rotterdamda həftəsonu məktəblərinin açılmasıdır. Xarici ölkələrdə Azərbaycanla bağlı tədbirlərin keçirilməsinə hərtərəfli yardım göstərən Heydər Əliyev Fondu həmin məktəbləri dərslik və ləvazimatla təmin edib. "Bu gün həmin məktəblər öz fəaliyyətlərini uğurla davam etdirir" deyən S.Qasımov ölkənin Utrext şəhərində keçirilmiş beynəlxalq turizm sərgisində konqresin bilavasitə təşkilatçılığı sayəsində Azərbaycanın yüksək səviyyədə təmsil olunduğunu da vurğulayıb. Azərbaycanın zəngin mətbəx nümunələrinin, musiqisinin və rəqslərinin iştirakçıların böyük marağına səbəb olduğunu qeyd edib. Konqres yerli əhali arasında Azərbaycan həqiqətlərinə maraq oyatmaq məqsədilə rəngarəng tədbirlər həyata keçirməklə yanaşı, ölkəmiz barədə televiziya və mətbuatda getmiş yanlış məlumatlara dəfələrlə sərt reaksiya verib, onları təkzib verməyə məcbur edib.
Azərbaycanın Niderland Krallığındakı səfiri Fuad İsgəndərov ölkədə fəaliyyət göstərən diaspor təşkilatlarının Azərbaycanın tanınması istiqamətində mühüm işlər gördüyünü, bu sahədə BAK-ın fəaliyyətini yüksək qiymətləndirib, konqresin ikitərəfli əlaqələrin yaranması və inkişaf etdirilməsi istiqamətində əhəmiyyətli işlər gördüyünü bildirib. Niderlanddakı Azərbaycan diasporunun təşkilatlanması yönündə BAK-ın xüsusi rolu olduğunu qeyd edib. Azərbaycan həqiqətlərini nəinki Niderlandda, həmçinin, bütün Avropada tanıtmaq sahəsində bütün diaspor təşkilatlarının birliyinin vacibliyini vurğulayan səfir, soydaşlarımızın ölkənin ictimai-siyasi həyatına inteqrasiyası, parlamentə seçilmək, müxtəlif təşkilatlarda təmsil olunmaq və onlarda Azərbaycan maraqlarının həyata keçirilməsi zərurətini ifadə edib. Azərbaycan diaspor təşkilatlarının digər ölkələrin diaspor qurumları ilə əlaqələr yaratmasının əhəmiyyətindən danışıb. F.İsgəndərov bildirib ki, Azərbaycan xalqının diaspor vasitəsilə digər xalqlarla əməkdaşlığının ölkəmizin hər yerdə tanınmasında böyük əhəmiyyəti olacaq.
Azərbaycan-Lüksemburq parlamentlərarası dostluq qrupunun sədri, Milli Məclisin deputatı Elmira Axundova xarici ölkələrdə yaşayan azərbaycanlıları öz doğma Vətənləri ətrafında sıx birləşdirmək məqsədilə ulu öndər Heydər Əliyevin diasporun yaradılmasına xüsusi önəm verməsindən danışıb, milli liderin 1991-ci ildə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri vəzifəsində çalışarkən 31 dekabrın Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü kimi elan edilməsində xüsusi xidmətini xatırladıb. "İndi bir çox ölkələrdə fəaliyyət göstərən Azərbayan diasporları arasında BAK-ın öz yeri var. Qurum cəmi iki əvvəl yaranmasına baxmayaraq, Avropada, eləcə də, Benilüks məkanında Azərbaycan həqiqətlərini tanıtmaq sahəsində onlarla maraqlı və dəyərli tədbirlər keçirib" deyən millət vəkilinin sözlərinə görə, BAK ictimai baxışlarından, siyasi əqidəsindən asılı olmayaraq Benilüks ölkələrində yaşayan sağlam, işgüzar qüvvələri öz ətrafında toplaya bilib. "Sevindiricidir ki, Avropada məskunlaşmış azərbaycanlılar yaşadıqları ölkələrin ictimai həyatına inteqrasiya olunur. Arzumuz budur ki, onlar yaşadıqları ölkələrin ictimai, siyasi, iqtisadi strukturlarında, yerli özünüidarəetmə orqanlarında, parlamentlərdə və digər təşkilatlarda təmsil olunsunlar. Onlar ermənilərin Azərbaycana qarşı apardığı işğalçılıq siyasəti, 20 Yanvar və Xocalı faciələri barədə avropalılara dolğun və ətraflı məlumatlar verməli, düşmənlərimizə layiqli cavab verməyə hazır olmalıdırlar" - E.Axundova belə deyib.
Azərbaycan-Niderland parlamentlərarası işçi qrupunun rəhbəri, Milli Məclisin deputatı Adil Əliyev isə çıxışında bildirib ki, BAK-ın balaca soydaşlarımızın soyköklərindən uzaq düşməməsi, ana dillərini unutmamaları üçün Amsterdam və Rotterdamda həftə sonu məktəblərini açması diqqətəlayiq haldır. O, qeyd edib ki, biz deputatlar xaricdə yaşayan soydaşlarımızla hər zaman birlikdə olmaqdan daim qürur hissi duyur, sizlərlə birlikdə xalqımız, dövlətimiz naminə bir çox nailiyyətlərə nail olmağa çalışırıq. Bunun üçün hər cür imkanlarımız var.
Diasporla İş üzrə Dövlət Komitəsi Qərbi Avropa şöbəsinin müdiri İlham Məmmədov çıxışında BAK-ın Azərbaycanı Benilüks ölkələrində tanıtmaq istiqamətindəki fəaliyyətini yüksək qiymətləndirib. Niderland krallığında Azərbaycanın müxtəlif təşkilatları ölkə naminə çiyin-çiyinə fəaliyyət göstərirlər. Dövlət komitəsi Niderlanddakı Azərbaycan diasporlarını, xüsusilə, BAK-ın işini yüksək dəyərləndiir. "Ümid edir ki, bundan sonra da BAK, eləcə də, müstəqil fəaliyyət göstərən digər təşkilatlar əldə edilmiş nailiyyətlərlə kifayətlənməyəcək, Azərbaycanı tanıtmaq, onu haqq işini təbliğ etmək yolunda daha intensiv çalışacaqlar" - deyə İ.Məmmədov əlavə edib.
Ukrayna, Qazaxıstan və Gürcüstanın Niderland Krallığındakı səfirləri, Almaniya, Fransa, Rumıniya və İngiltərədəki, habelə, Benilüks məkanındakı Azərbaycan və türk icmalarının təmsilçiləri, Niderlandda yaşayan soydaşlarımız qurultayda iştirak ediblər.
Niderland parlamentinin üzvləri Songul Akkaya və Koksal Gor, Xristian Partiyasının nümayəndəsi Osman Almacı, Avropa Türk Demokratlar Birliyinin baş katibi Əhməd Suat Ari, Heydər Əliyev Fondunun Rumınyadakı nümayəndəliyinin rəhbəri İqbal Hacıyev və BAK-ın idarə heyətinin üzvü Musa Pünhan ulu öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı olan Prezident İlham Əliyevin düzgün və uğurlu siyasəti, ölkənin qlobal layihələrdə iştirakı nəticəsində Azərbaycanın beynəlxalq aləmdəki nüfuz və imicinin yüksəldiyini diqqətə çatdırıblar. Tədbirdə, həmçinin, Amsterdam meriyasının, Eyndhoven şəhər bələdiyyəsinin, Brabant əyaləti rəhbərliyinin və senator Coyse Slivesterin qurultaya ünvanladıqları təbrik məktubları oxunub.
Tədbirdə, həmçinin, qurultayın qətnaməsi qəbul edilib. Sahil Qasımov rəhbərlik etdiyi quruma əməli kömək göstərdiklərinə görə BAK-ın mükafatlandırdığı şəxsləri elan edib.
Qurultayda səsvermə yolu ilə 12 nəfərdən ibarət BAK idarə heyətinin üzvləri seçilib. İdarə heyətinin ilk iclasında isə Elsevər Məmmədov sədr, Sahil Qasımov isə fəxri sədr seçiliblər.
Sonda Amsterdam və Rotterdamdakı həftəsonu məktəblərinin şagirdləri Azərbaycan şairlərinin şeirlərini ifa edib, kiçik səhnəciklər göstəriblər. Azərbaycan incəsənət ustaları konsert proqramı təqdim ediblər.