PDF Oxu

Sosial

  • 12

2380 nəfər əhali içməli su ilə təmin olunub

2380 nəfər əhali içməli su ilə təmin olunub
Ölkə Prezidenti tərəfindən 2007-ci il 20 iyun tarixində təsdiq olunmuş "Əhalinin ekoloji cəhətdən təmiz su ilə təminatının yaxşılaşdırılması ilə əlaqədar bəzi tədbirlər haqqında" Sərəncamda Kür və Araz çaylarının suyundan içməli su kimi istifadə edən bir sıra yaşayış məntəqələrinin ekoloji cəhətdən təmiz su ilə təmin edilməsi nəzərdə tutulub.
Sərəncamın icrası nəticəsində keyfiyyətli su imkanları məhdud olan 100 kənddə modul tipli sutəmizləyici qurğuların quraşdırılması hesabına 166 min kənd əhalisinə verilən su Ümumdünya Səhiyyə Təşkilatının normalarına uyğun təmizlənəcək. Sərəncamın icrası olaraq artıq keçən il Zərdab, Kürdəmir, Yevlax, İmişli, Sabirabad, Saatlı, Salyan və Neftçala rayonlarının içməli sudan əziyyət çəkən 50 yaşayış məntəqəsinin 55 mindən çox əhalisi təmiz içməli su ilə təmin olunub.
Hazırda Ağcabədi, Biləsuvar, Sabirabad, Kürdəmir, Yevlax, Zərdab, İmişli, Saatlı, Salyan, Neftçala, Naxçıvan MR-in Babək və Şərur rayonlarının 50 yaşayış məntəqəsinə qənaət olunmuş vəsait hesabına 10 kənd də əlavə olunmaqla, ümumilikdə, 60 yaşayış məntəqəsinin 140 min əhalisinin keyfiyyətli su ilə təmin edilməsi istiqamətində işlər yekunlaşmaq üzrədir.
Dünən Sabirabad rayonunun Həşimxanlı, Quruzma və Şəhriyar kəndlərində Cənubi Koreyanın "Hyundai" şirkətinin istehsalı olan ən müasir "Osmos" texnologiyalı sutəmizləyici qurğuların açılış mərasimi keçirilib.
Gün ərzində 50 kubmetr sutəmizləmə gücünə malik modul tipli qurğunun fəaliyyəti nəticəsində Həşimxanlı kəndinin 2380 nəfər əhalisi 15 bulaq, gün ərzində 40 kubmetr sutəmizləmə gücünə malik modul tipli qurğunun fəaliyyəti nəticəsində Quruzma kəndinin 2000 nəfər əhalisi 15 bulaq, gün ərzində 50 kubmetr sutəmizləmə gücünə malik modul tipli qurğunun fəaliyyəti nəticəsində Şəhriyar kəndinin 2600 nəfər əhalisi isə 11 bulaq vasitəsilə təmiz içməli sudan istifadə edəcək.

Digər xəbərlər