PDF Oxu

Sosial

  • 15

5 mart - Bədən tərbiyəsi və idman günüdür

5 mart - Bədən tərbiyəsi və idman günüdür
"Park İnn - Azərbaycan" mehmanxanasında idmanın aktual problemlərinə həsr olunmuş konfrans keçirilmişdir. "5 mart - Bədən tərbiyəsi və idman günü" ərəfəsində keçirilən tədbirdə gənclər və idman naziri Azad Rəhimov, müxtəlif federasiyaların nümayəndələri, gənc tədqiqatçılar iştirak edirdilər.
Nazir Azad Rəhimov ölkəmizdə idmanın inkişafı istiqamətində dövlət siyasətindən danışaraq demişdir ki, bədən tərbiyəsi və idman gününə həsr olunmuş konfrans bu sahədə mövcud problemlərin həlli yollarını öyrənməyə imkan yaradır. Nazir 2004-2008-ci illərdə idmançılarımızın 1693 medal qazandığını, onlardan 629-nun olimpiya, 1064-nün isə qeyri - olimpiya növlərinə aid olduğunu söyləmişdir.
2009-2020-ci illəri əhatə edən və üç mərhələdə həyata keçiriləcək bədən tərbiyəsi və idmanın inkişafı üzrə milli strategiya layihəsinin hazırlandığını söyləyən nazir, London Olimpiadasına da mükəmməl, elmi konsepsiya ilə hazırlaşmağın vacibliyini diqqətə çatdırmışdır.
"Müasir dövrdə bütün sahələrdə olduğu kimi, bədən tərbiyəsi və idman sahəsində də kompleks elmi tədqiqatların aparılması zərurəti var. Etiraf edim ki, bu sahədə görülən işlər məni qane etmir" - deyən nazir vurğulamışdır ki, Bədən Tərbiyəsi və İdman Akademiyasının sonuncu qış imtahan sessiyasının nəticələri, fakültələr üzrə mənimsəmə faizinin xeyli aşağı düşməsi xüsusi narahatlıq doğurur.
Mədəniyyət İşçiləri Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Cəmilə Səttarova son illər ölkəmizdə müxtəlif beynəlxalq səviyyəli yarışların yüksək səviyyədə təşkil olunduğunu xatırladaraq, Azərbaycanda bədən tərbiyəsi və idmanın təbliğinə, gənc nəslin sağlam böyüməsinə xüsusi fikir verildiyini söyləmişdir. O, demişdir ki, Gənclər və İdman Nazirliyi ilə birgə gənclərin mənəvi tərbiyəsi istiqamətində bir sıra tədbirlər həyata keçirilir.
Konfransda mütəxəssislər, tədqiqatçılar tərəfindən idmanın aktual problemləri mövzuları üzrə müxtəlif məruzələr dinlənilmişdir.

Digər xəbərlər