MDB EKSPERT QRUPUNUN İCLASI KEÇİRİLƏCƏK
MDB İcraiyyə Komitəsinin mətbuat xidmətindən verilən məlumata görə, martın 3-4-də Minskdə ekspert qrupunun iclası keçiriləcəkdir. İclas Müstəqil Dövlətlər Birliyinin üzvü olan ölkələrin Korrupsiyaya Qarşı Mübarizə Sahəsində Əməkdaşlığına dair Saziş layihəsinin tamamlanmasına və razılaşdırılmasına həsr ediləcəkdir. Bu sənəd MDB-nin gələcək inkişaf Konsepsiyasının və 2008-2010-cu illərdə cinayətkarlığa qarşı birgə mübarizə tədbirlərinə dair Dövlətlərarası Proqramın həyata keçirilməsinə aid əsas tədbirlər planının yerinə yetirilməsi məqsədi ilə işlənib hazırlanmışdır. Layihə keçən il dekabr ayında Birlik ölkələrinin daxili işlər orqanlarının korrupsiya yönümlü cinayətlərə qarşı mübarizə sahəsində müvafiq bölmə rəhbərlərinin idarələrarası görüşündə təqdim edilmişdir.
Saziş layihəsi 5 bölmədən ibarətdir. Birinci bölmədə əməkdaşlığın məqsədləri, vəzifələri, istiqamətləri və formaları kimi ümumi müddəalar əks olunmuşdur. Əməkdaşlığın formaları dedikdə, o cümlədən korrupsiya ilə bağlı qanun pozuntularına dair cinayət işləri və mülki işlər üzrə hüquqi yardım göstərilməsi, korrupsiya cinayəti törədənlərin aktivlərinin axtarışı və qaytarılması sahəsində əməkdaşlıq üzrə əlaqələndirilmiş tədbirlər keçirilməsi, operativ informasiya və normativ sənədlər mübadiləsi, elmi araşdırmalar, kadr hazırlığı və ixtisasartırma, müvafiq əməkdaşlıq proqramlarının işlənib hazırlanması nəzərdə tutulur.
Sənəddə MDB üzvü olan ölkələrin iştirakçısı olduğu digər beynəlxalq müqavilələrdən irəli gələn hüquq və vəzifələrinə toxunulmayacaq. Saziş qüvvəyə mindikdən sonra bu sənəd onun məqsəd və prinsiplərini qəbul edən hər bir dövlətin ona qoşulması üçün açıq olacaqdır.