PDF Oxu

Sosial

  • 10

Azərbaycanı uğurlu inkişafa aparan islahatlar

Azərbaycanı uğurlu inkişafa aparan islahatlar

Dünən Gəncə şəhər Bağmanlar qəsəbəsinin "Aqil" şadlıq sarayında, Heydər Əliyev prospektindəki "İnşaatçılar" mədəniyyət sarayında Konstitusiyaya əlavə və dəyişikliklərlə bağlı şəhər ictimaiyyəti ilə görüş keçirildi.
Tədbiri giriş sözü ilə "Yeni Azərbaycan" referendum üzrə Təşviqat Qrupunun Gəncə şəhər şöbəsinin sədri İsrafil İsmayılov açaraq, Azərbaycan Respublikasının Konstitusiyasına edilən əlavə və dəyişikliklərin mahiyyətindən, respublikada gedən islahatlarla bağlı yeni iqtisadi və siyasi-hüquqi münasibətlər sisteminin formalaşmasından, son illər ölkə başçısı cənab İlham Əliyevin daxili və xarici siyasətinin ölkəmizə gətirdiyi uğurlardan danışdı: "Ulu öndər Heydər Əliyev dövlətin təməlinin möhkəm hüquqi əsaslar üzərində qurulması üçün, ilk növbədə, müstəqil Azərbaycan Respublikasının Konstitusiyasının hazırlanıb qəbul edilməsini vacib saymışdır. Əsas Qanunun hazırlanmasında həm ölkənin tarixi keçmişi, milli dəyərləri, həm də ümumbəşəri dəyərlərdən, demokratik dövlətlərin təcrübəsindən istifadəni mühüm vəzifə kimi irəli sürmüşdür. 1995-ci ilin 12 noyabrında referendum yolu ilə qəbul edilmiş müstəqil Azərbaycan Respublikasının Konstitusiyasında, məhz bu mütərəqqi ideyalara - müasir dünyanın sivil dəyərlərinə və qanun yaradıcılığı təcrübəsinə, xalqın çoxəsrlik dövlətçilik ənənələrinə, milli və ümumbəşəri prinsiplərə söykənərək, demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu üçün möhkəm təməl yaratmışdır".
İ.İsmayılov, həmçinin, onu da vurğuladı ki, Əsas Qanunumuza təklif olunan əlavə və dəyişikliklər insan hüquq və azadlıqları ilə bağlı mövcud prinsipləri daha da gücləndirmək məqsədi daşıyır. Məhz bu baxımdan, xalqımızın mütləq əksəriyyəti Konstitusiyaya əlavə və dəyişikliklərin edilməsini zəruri sayır.  
"Yeni Azərbaycan" referendum üzrə Təşviqat Qrupunun səlahiyyətli nümayəndəsi, YAP Siyasi Şurasının üzvü, millət vəkili Musa Quliyev çıxış edərək, qeyd etdi ki, xalq öz tarixinin ən mühüm günlərini yaşayır. 1995-ci ilin 12 noyabrında referendum yolu ilə müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası qəbul edilmişdir. Bu Konstitusiyanın hazırlanması və qəbul edilməsində ümummilli lider Heydər Əliyevin xidmətləri danılmazdır. Sivil dövlətlərdən olan Amerikada Konstitusiyada dəyişikliklər 13, İngiltərədə isə 15 dəfə olmuşdur. Zaman keçdikcə respublikamızda əsaslı dəyişikliklər baş vermiş, dövlətimiz bir iqtisadi formasiyadan digərinə keçmişdir. Bu gün bazar iqtisadiyyatına keçid olduğundan, eyni zamanda, Konstitusiyada olan maddələr zamanın tələblərinə uyğun gəlmədiyindən əsaslı dəyişikliklərin edilməsi zamanın tələbindən irəli gəlir: "Yeniliklər aparılmasa, güclü islahatlar keçirilməsə, cəmiyyətimiz inkişaf edə bilməz. Ölkə inkişaf etdikcə Konstitusiya da inkişaf etməlidir. Azərbaycan iqtisadi inkişaf tərzinə görə qüdrətli bir dövlətə çevrilib. Azərbaycan Respublikasında dövlət hakimiyyətinin yeganə mənbəyi xalqdır. Ölkəmizdə vətəndaş cəmiyyəti qurulursa, hər bir kəs Konstitusiyaya müraciət edib, onun müddəalarını öyrənməlidir. Edilən əlavə və dəyişikliklərdə vətəndaşların yaşam tərzinə daha böyük imkanlar açılacaq. Xalqımızın sosial sifarişi olan Konstitusiyada edilən əlavə və dəyişikliklər demokratik proseslərin sürətlənməsinə rəvac verəcək".
Konstitusiyanın 101-ci maddəsini şərh edən M.Quliyev qeyd etdi ki, bu maddənin 5-ci hissəsinin yeni redaksiyada verilməsi də respublikamızın yeni dinamik inkişafı ilə şərtlənərək, hər bir vətəndaşın aktiv seçki hüququnun səmərəli təminatı baxımından xüsusi əhəmiyyət kəsb edir: "Təklif edilən dəyişiklikdə bir nəfərin iki dəfədən artıq prezident seçilməsi məhdudiyyəti aradan qaldırılır. Lakin bu, o demək deyildir ki, bu maddə ilə prezident ömürlük seçilməlidir. Əgər seçiminə məhdudiyyət qoyulursa, xalqımızın seçim hüququ tapdanır. Ona görə də, xalqımızın bu Referendum Aktına səs verəcəklərinə tam əminəm".

"Hüquq və demokratiya" referendum üzrə Təşviqat Qrupu Gəncə seçicilərilə görüş keçirdi

"Hüquq və demokratiya" referendum üzrə Təşviqat Qrupunun vəkili, millət vəkili Aydın Abbasov öz çıxışında qeyd etdi ki, daim inkişaf edən dövlətimizdə 29 maddənin hər biri cəmiyyətimizin maraqlarını ifadə edəcəkdir. Konstitusiyaya əlavə və dəyişikliklərin edilməsi ilə bağlı referendum 7 il bundan öncə 2002-ci il avqustun 14-də keçirilmişdi. Lakin xalqın sifarişi olaraq, zamanın tələbindən irəli gələn zərurətdən bu gün də referendumun keçirilməsinə ehtiyac yaranıb. Əlavə və dəyişikliklərin hər biri xalqımızın mənafeyini müdafiə edir. Əsas Qanunumuzun 12-ci maddəsinə təklif edilən dəyişikliklərə görə insan və vətəndaş hüquqlarının təminatı ilə yanaşı, Azərbaycan Respublikasının vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədlərinin sırasına daxil edilmişdir. Bu dəyişiklik Azərbaycanda insan hüquqlarının təminatı ilə bağlı məsələnin özünün yüksək inkişaf mərhələsinə addımladığını göstərir. Belə bir mühüm maddənin Konstitusiyada əksini tapması respublikamızda ötən 14 il ərzində maliyyə imkanlarının əhəmiyyətli dərəcədə genişlənməsi, habelə, iqtisadi siyasətdə sosialyönümlü məsələlərin həllində prioritet mahiyyət kəsb etmişdir. Ölkədə sosialyönümlü vəziyyət ölkə vətəndaşlarının yüksək səviyyədə yaşamasına və onların həyat tərzinin dəyişməsinə təsirini göstərəcəkdir. O, vurğuladı ki, Konstitusiyanın 19-cu maddəsində Azərbaycan Milli Bankının adının dəyişərək Mərkəzi Bank olacağı bildirilmişdir. Bununla əlaqədar əhali arasında pulların dəyişdirilməsi ilə bağlı narahatçılıq yaranıb. Lakin buna heç bir əsas yoxdur.   

"Şəhər" referendum üzrə Təşviqat Qrupunun Gəncə seçicilərilə görüşü oldu

"Şəhər" referendum üzrə Təşviqat Qrupunun vəkili, professor Mirdaməd Sadıqov çıxış edərək, qeyd etdi ki, Konstiutsiyaya edilən əlavə və dəyişikliklərin hamısı Azərbaycan vətəndaşlarının hüquq və azadlıqlarının genişlənməsinə, vətəndaş-dövlət münasibətlərinin daha da təkmilləşməsinə, eyni zamanda, insanların dini-vicdani azadlıqlarının təmin olunmasına xidmət edəcək yeniliklərdir. Əgər bu əlavə və dəyişiklikləri qruplaşdırsaq, burada həm bizim sosial həyatımızı, həm siyasi sferanı, həm dini-əxlaqi meyarları, həm də idarəetmə sistemini əhatə edən maddələrin yer aldığını görə bilərik. Konstitusiyanın 18-ci və 48-ci maddələrində nəzərdə tutulan əlavə və dəyişikliklər din və dövlət münasibətlərini, o cümlədən, insanların vicdan azadlıqlarını özündə ehtiva edir. Düzdür, bizim Konstiutsiyamıza görə Azərbaycan müasir, dünyəvi dövlətdir. Eyni zamanda, bu gün Azərbaycanda münasibətlərin formalaşmasında din amili olduqca böyük rola malikdir. Bu baxımdan bu gün Azərbaycanda dini ritualların nə qədər sərbəst, tolerantcasına həyata keçirildiyi göz önündədir.
Bütün seçiciləri referendumda fəal iştirak etməyə çağıran professor M.Sadıqov xalqımızın hər zaman yenilikləri və inkişafı dəstəklədiyini vurğuladı.    
Təbliğatçılardan R.Məmmədov, T.Məlikov və başqaları çıxış edərək, qeyd etdilər ki, ölkə Konstitusiyasına təklif olunan əlavə və dəyişikliklər bir daha sübut edir ki, Azərbaycanda hüquqi dövlət quruculuğu prosesi geniş vüsət alıb və bu, ölkə başçısı cənab İlham Əliyevin genişmiqyaslı fəaliyyəti sayəsində böyük inamla, əzmlə aparılır. Sivil vətəndaş cəmiyyətinin formalaşması, həmçinin, insan hüquq və azadlıqlarının daha etibarlı təminatı sahəsində böyük nailiyyətlər əldə etmiş müstəqil ölkəmiz bu konstitusion islahatlardan sonra öz inkişafının daha səmərəli mərhələsinə qədəm qoyacaqdır.
İctimaiyyətin nümayəndələri ölkəmizin ulu öndər Heydər Əliyev tərəfindən qoyulan möhkəm təməl prinsiplərindən, həyata keçirilən islahatların praktik nəticələrindən, Əsas Qanuna edilən əlavə və dəyişikliklərin mühüm əhəmiyyətindən bəhs etdilər. İnsanların hüquqlarının artırılmasına, onların maddi rifah halının, yaşayış şəraitinin yüksəlməsinə xidmət edən bu  əlavə və dəyişikliklər xalq tərəfindən yekdilliklə dəstəklənir və bu Referendum Aktını mükəmməl sənəd kimi qəbul edən gəncəlilər də mart ayının 18-də öz sözlərini qətiyyətlə deyəcəklər.    
Qeyd edək ki, keçirilən tədbirlərin hər birində 1500-ə qədər seçici iştirak etmişdir. Onlar ulu öndər Heydər Əliyev siyasi kursunun layiqli davamçısı cənab İlham Əliyevin daxili və xarici siyasətini dəstəklədiklərini də ifadə edərək, şüar və alqışlar səsləndirdilər.
Tədbirdə Gəncənin musiqi kollektivlərinin maraqlı konsert proqramları da olmuşdur.

Digər xəbərlər