Mart ayının 18-də Konstitusiyaya əlavə və dəyişikliklərlə bağlı referendum keçiriləcək. Referendumda seçicilərə maksimum geniş seçim imkanı yaradılacaq. Bu mənada ki, onlar referenduma çıxarılmış 29 müddəanın hər birinə ayrı-ayrılıqda səs verə biləcəklər.
Ekspertlər aşağıdakı maddələrə aydınlıq gətirdilər.
101-ci maddənin V hissəsi aşağıdakı redaksiyada verilsin:
"V. Müharibə şəraitində hərbi əməliyyatların aparılması Azərbaycan Respublikası Prezidenti seçkilərinin keçirilməsini mümkün etmədikdə Azərbaycan Respublikası Prezidentinin səlahiyyət müddəti hərbi əməliyyatların sonunadək uzadılır. Bu barədə qərar seçkilərin (referendumun) keçirilməsini təmin edən dövlət orqanının müraciətinə əsasən Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi tərəfindən qəbul edilir".
108-ci maddənin mövcud mətni I hissə hesab edilsin, maddəyə aşağıdakı məzmunda II hissə əlavə edilsin:
"II. Əvvəllər Azərbaycan Respublikasının Prezidenti seçilmiş şəxsin təminatı qaydaları Konstitusiya qanunu ilə müəyyən edilir".
109-cu maddənin I hissəsində:
10-cu bənddə "Milli" sözü "Mərkəzi" sözü ilə əvəz edilsin, bəndə aşağıdakı sözlər əlavə edilsin:
"Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyətinin üzvləri sırasından Azərbaycan Respublikası Mərkəzi Bankının sədrini təyin edir";
13-cü bənddə "İcra Aparatını" sözləri "Administrasiyasını" sözü ilə əvəz edilsin;
17-ci bənddə "dövlətlərarası beynəlxalq" sözləri "dövlətlərarası və Azərbaycan Respublikasının qanunlarından fərqli qaydalar nəzərdə tutan hökumətlərarası" sözləri ilə əvəz edilsin.
Politoloq Elman Nəsirov:
- Azərbaycan Respublikasının Konstitusiyasına edilməsi nəzərdə tutulan əlavələrdən biri də 101-ci maddədir. Həmin maddədə Azərbaycan Respublikasının Prezidenti seçkilərinin əsasları adlanır. 1995-ci ildə qəbul edilmiş Konstitusiyada hər kəsin iki dəfədən artıq təkrarən Azərbaycan Respublikasına Prezident seçilə bilməməsi bəndi öz əksini tapmışdır. İndiki versiyada bu variant çıxarılıb, V bənd əlavə edilib. V bənddə isə, dəqiq şəkildə belə bir məsələ qoyulur ki, müharibə şəraitində hərbi əməliyyatların aparılması Azərbaycan Respublikası Prezidenti seçkilərinin keçirilməsini mümkün etmədikdə Azərbaycan Respublikası Prezidentinin səlahiyyət müddəti hərbi əməliyyatların sonuna qədər uzadılır. Bu barədə qərar seçkilərin keçirilməsini təmin edən dövlət orqanının müraciətinə əsasən, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi tərəfindən qəbul edilir. Təbii ki, bu əlavənin edilməsi, ümumiyyətlə, iki dəfədən artıq təkrarən Prezident seçilməsinə qoyulan məhdudiyyətin götürülməsi indiki zamanın və reallığın nəticəsidir. Onu qeyd edim ki, söhbət demokratiyanın inkişafından və demokratik qaydalardan gedirsə, burada demokratiyada əsas sözün sahibi xalqdır. Konstitusiyada yazılıb ki, məhz hakimiyyətin mənbəyi xalqdır. Belə olan təqdirdə, istənilən şəxsin iki dəfədən çox Prezident seçilməsi məsələsində də xalqın istəyidir. Yəni, istənilən şəxs 2 dəfədən artıq namizədliyini verə bilər. Xalq yenə də həmin şəxsin prezidentlik dövründəki fəaliyyətindən razıdırsa, növbəti dəfə ona səs verib seçməlidir. Yox, narazıdırsa, belə olan halda onsuz da həmin şəxsi növbəti dəfə prezident seçməyəcək. Yeri gəlmişkən, belə prosedur qaydaları onsuz da dünyanın bir çox ölkələrində mövcuddur. ABŞ-ın özündə uzun müddət ərzində bu məsələ ilə bağlı debatlar keçirilir. Hətta bir neçə dəfə bu məsələ müzakirəyə çıxarılıb ki, belə bir məsuliyyətin özü aradan götürülsün. Hətta ABŞ-ın ilk Konstitusiyası tərtib edilərkən o zaman qeyd olunurdu ki, dörd ildən bir, altı ildən bir prezident seçkiləri keçirilsin. Bu günün özündə də ABŞ-da seçki sisteminin dəyişdirilməsi ilə bağlı debatlarla müzakirələr keçirilir. ABŞ-ın seçki sisteminin özünün xeyli qüsurları olduğu qeyd olunur.
109-cu maddənin XIII bəndində isə, dəyişlik edilib. Konstitusiyada Azərbaycan Respublikası Prezidentinin icra aparatı gedirdi. İndi isə, dəyişikliyə əsasən, icra aparatı deyil, Administrasiyası şəkilində gedir. Bu dəyişiklikdə göstərilir ki, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasını Azərbaycan Respublikası Prezidentinin Administrasiyası təşkil edir və onun rəhbərini təyin edir. Nəhayət, belə düzəlişlərdən biri XVII bəndlə bağlıdır. Dövlətlərarası və hökumətlərarası beynəlxalq müqavilələri Prezidentin bağlaması və eyni zamanda, dövlətlərarası Azərbaycan Respublikasının qanunlarına fərqli qaydalar nəzərdə tutulan hökumətlərarsı müqavilənin təsdiq və ləğv olunması üçün Azərbaycan Respublikası Milli Məclisinə təsdiq etməsi kimi düzəliş öz əksini tapıb. Bütövlükdə, haqqında gedən referendum layihəsində 29 maddəyə 41 düzəlişdən söhbət gedir. Bütün bu adını çəkdiyimiz düzəliş və əlavələr, əslində, Azərbaycanda hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu məqsədinə xidmət göstərir.
Politoloq Emin Əsgərov:
- 12-ci maddəyə (Dövlətin ali məqsədi) təklif edilən əlavəni nəzərdən keçirək. Belə ki, mövcud variantda dövlətin ali məqsədi kimi sadəcə insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin olunması qeyd olunurdusa, təklif edilən variantda "Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi" dövlətin ali məqsədləri sırasına əlavə edilir. Bu da dövlətin vətəndaşların sosial durumunun, həyat səviyyəsinin yüksəldilməsinə yönələn məqsədindən xəbər verir.
Digər bir dəyişiklik isə, 17-ci maddə (Ailə və dövlət) üçün təklif edilir. Burada valideyn himayəsindən məhrum olan və yetkinlik yaşına çatmayan uşaqların hüquqlarının dövlət tərəfindən qorunması, onların zərərli vərdişlərə yiyələnməsinin qarşısının alınması kimi əlavələr edilməsi nəzərdə tutulur. Bu da, təbii ki, valideyn qayğısından məhrum olan uşaqların layiqli vətəndaş kimi inkişafına şərait yaradacaq. 48-ci maddəyə (Vicdan azadlığı) nəzərdə tutulan əlavələr də mövcud şəraitdən irəli gəlir. Belə ki, vicdan azadlığının daha da genişləndirilməsi, hər kəsə öz dini əqidəsini sərbəst ifadə etməyə şərait yaradır.
Başqa bir dəyişiklik isə 71-ci maddə (İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təminatı) üçün təklif edilir. Burada vətəndaşların qanunla qadağan olunmayan hər bir işlə məşğul olmalarına icazə verən bəndin əlavəsi öz əksini tapıb. Eyni zamanda, dövlət orqanlarının yalnız bu Konstitusiya əsasında, qanunla müəyyən edilmiş qaydada və hüdudlarda fəaliyyət göstərməsi barədə əlavələr qeyd edilir. Bu əlavənin xüsusi əhəmiyyəti var. Belə ki, burada artıq Konstitusiya nəinki vətəndaşların hüquqlarını bəyan edən sənəd kimi, eyni zamanda, vətəndaşların hüquqlarını müdafiə edən bir sənəd kimi çıxış etmiş olur. Yəni, dövlətin istənilən orqanı vətəndaşlara münasibətdə mütləq bu Konstitusiyanın maddələrinə tabeçilik şəraitində çıxış etməlidirlər.
72-ci maddəyə (Vətəndaşların vəzifələrinin əsasları) təklif edilən əlavə isə bunu bir daha sübut edir. Burada vətəndaşların üzərinə qoyulan vəzifələrin də bu Konstitusiya ilə müəyyənləşdirilməsi nəzərdə tutulur.
Bunlardan əlavə, bələdiyyələrin müstəqilliyini təsbit edən 140-cı maddəyə də əlavələr təklif edilir ki, bu da yerli özünüidarə orqanlarının işinin daha da təkmilləşdirilməsini və səlahiyyətlərinin dəqiqləşdirilməsini özündə əks etdirir.
Bütün bu əlavə və dəyişiklikləri nəzərə alsaq, onların nəticələrini diqqətlə analiz etsək, bu referendumun cəmiyyətimiz üçün nə dərəcədə əhəmiyyətli rol oynadığı, qanunçuluğun möhkəmləndiriliməsi istiqamətində nə qədər təsir gücünə malik olduğu nəticəsinə gələrik. Bir sözlə, inkişafa və demokratikləşməyə gedən yolda güclü konstitusion əsaslara, insan və vətəndaş hüquqlarını və azadlıqlarını əsas məqsəd kimi bəyan edən, onların layiqli həyat tərzini təmin etməyi qarşıya qoyan təməl prinsiplərə ehtiyacın olduğunu əsas götürsək, bu referendumun cəmiyyət tərəfindən sifariş olunan bir məsələ olduğunu aydın şəkildə görə bilərik.