PDF Oxu

Sosial

  • 11

Qanunların dövrün tələblərinə uyğun müasirləşdirilməsi davamlı və zəruri səciyyə daşıyır

Qanunların dövrün tələblərinə uyğun müasirləşdirilməsi davamlı və zəruri səciyyə daşıyır
Demokratikləşmə, insan hüquq və azadlıqlarının etibarlı təminatı baxımından uzun məsafə qət edərək yüksək inkişaf mərhələsinə çatmış qabaqcıl dövlətlərin təcrübəsi göstərir ki, cəmiyyətin təkamül sistemini, habelə, dövlət idarəçilik mexanizmlərinin səmərəli fəaliyyətini tənzimləyən qanunların dövrün tələblərinə uyğun müasirləşdirilməsi davamlı və zəruri səciyyə daşıyır. Bu istiqamətdə həyata keçirilən mütərəqqi islahatların praktik nəticələr verməsi isə daha çox tətbiq olunan yeniliklərin zamanla nə dərəcədə səsləşməsi, cəmiyyətin inkişaf tempinə uyğunluğu ilə şərtlənir. Hər bir islahatın uğuru həm də onun aktuallığından, miqyasından, ən başlıcası, vətəndaşların hüquq və azadlıqlarını özündə yüksək səviyyədə əks etdirməsindən asılıdır.
Bu baxımdan, deyə bilərik ki, ölkə Konstitusiyasının 29 maddəsinə edilən əlavə və dəyişikliklərlə bağlı martın 18-də keçiriləcək referendum mövcud zərurətdən yaranıb. Konstitusiyanın 29 maddəsinə ümumilikdə 41 dəyişiklik nəzərdə tutulur və bu dəyişikliklərlə bağlı müxtəlif təhlillər, analizlər aparılır. Mövzu ilə əlaqədar "Səs" qəzetinə açıqlama verən "Tərəqqi" referendum üzrə təşviqat qrupunun vəkili, millət vəkili Rafael Cəbrayılovun sözlərinə görə, "Azərbaycan Respublikasının Konstitusiyasına əlavələr və dəyişikliklər edilməsi haqqında" Referendum Aktı layihəsinin ümumxalq səs-verməsinə təqdim olunması demokratik inkişaf istiqamətində mühüm addım olmaqla, respublikanın sivil, demokratik dəyərlərə sadiqliyini bir daha təsdiqləyir. Referendum aktı layihəsində nəzərdə tutulan əlavə və dəyişikliklərin mütərəqqi xarakter daşıdığını, beynəlxalq hüquq normalarına tamamilə uyğun olduğunu, insan və vətəndaş hüquq və azadlıqlarının təminatına yönəldiyinin ilk baxışda qabarıq göründüyünü vurğuladı.
Onun sözlərinə görə, Konstitusiyanın 29 maddəsinə təklif olunan 41 əlavə və dəyişikliyin böyük qismi sırf insan hüquq və azadlıqları ilə bağlı olub, bu sahədə daha səmərəli təminat mexanizmləri formalaşdırmaq məqsədi daşıyır. Həmin dəyişikliklər aktuallığı və əhəmiyyəti ilə diqqəti cəlb edir: "İnsan və vətəndaş hüquq və azadlıqlarının daha da genişləndirilməsi, bu hüquq və azadlıqların təminatı üçün dövlətin üzərinə əlavə vəzifələr qoymaqla dövlət idarəçiliyinin təkmilləşdirilməsi Konstitusiyaya ediləcək əlavə və dəyişikliklərin əsas iki səciyyəvi cəhətləridir. Bütövlükdə, konstitusiya islahatları ölkəmizdə insan hüquqlarına dair beynəlxalq normaların da maneəsiz tətbiqinə imkan verməklə, dünya birliyndə daha layiqli yer tutmağımıza imkan yaradacaq".
Açıqlamasında Konstitusiyanın ayrı-ayrı maddələri ətrafında fikir yürüdən R.Cəbrayılov bildirdi ki, əsas qanunun 12-ci maddəsinə (Dövlətin ali məqsədi) təklif olunan dəyişikliyə görə insan və vətəndaş hüquq və azadlıqlarının təmini ilə yanaşı, "Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi" dövlətin ali məqsədləri sırasına daxil edilir. Bu dəyişiklik Azərbaycanda insan hüquqlarının təminatı ilə bağlı məsələnin özünün yüksək inkişaf mərhələsinə adladığını göstərir. Millət vəkilinin fikrincə, belə bir mühüm müddəanın Konstitusiyada əksini tapması respublikamızın ötən 14 ildə maliyyə imkanlarının əhəmiyyətli dərəcədə genişlənməsi, habelə, iqtisadi siyasətdə sosialyönümlü məsələlərin həllinin prioritet mahiyyət kəsb etməsidir.
Daha sonra Konstitusiyanın 15-ci maddəsinin (İqtisadi inkişaf və dövlət) ikinci hissəsinə təklif olunan dəyişikliyə nəzər yetirdi. Bildirdi ki, sözügedən maddənin "Azərbaycan dövləti bazar münasibətləri əsasında sosial yönümlü iqtisadiyyatın inkişafına şərait yaradır, azad sahibkarlığa təminat verir, iqtisadi münasibətlərdə inhisarçılığa və haqsız rəqabətə yol vermir" hissəsinə təklif olunan "sosial yönümlü" ifadəsinin obyektiv reallığa əsaslandığını söylədi: "Bu dəyişiklik Azərbaycan dövlətinin sosialyönümlü siyasətini özündə ehtiva edir. İnkişaf etmiş dövlətlərin təcrübəsi göstərir ki, hər bir inkişaf etmiş dövlətdə bazar münasibətlərinin inkişafı, iqtisadi sərbəstlik, azad sahibkarlıq və özəl mülkiyyətçilik şəraitində sosial hüquqların təminatı sisteminə xüsusilə diqqət yetirilir. Vətəndaşların sosial və iqtisadi təminat hüquqlarının reallaşdırılması demokratik inkişaf yolu tutmuş bütün dövlətlər üçün mühüm vəzifələrdəndir. Müasir dünyada sosial-iqtisadi və mədəni hüquqlar əsas insan hüquqları sisteminə aid olmaqla, fərdin yaşayışının, sosial-iqtisadi şəraitinin qorunması və möhkəmləndirilməsi məsələlərinə toxunur. İnsanların qorxu və ehtiyacdan azad olma şəraitinin yaradılması məqsədilə əmək və məişət, məşğuliyyət, güzəran və sosial müdafiəsi sferasındakı vəziyyətini müəyyənləşdirir".
R.Cəbrayılov dövlət başçısı cənab İlham Əliyevin ilk gündən sosialyönümlü siyasət strategiyasına üstünlük verdiyini vurğuladı. Qeyd etdi ki, bu, Azərbaycanda insan amilinə, insan hüquqları sisteminə yüksək həssaslıq nümunəsidirsə, digər tərəfdən bazar iqtisadiyyatı yolu ilə inkişaf etmiş bir sıra qabaqcıl dünya dövlətlərinin təcrübəsinə əsaslanır: "Prezident İlham Əliyev hesab edir ki, bəşər cəmiyyəti sivilizasiyanın daha yüksək mərhələsinə çatdıqca, cəmiyyətdə formalaşmış mənəvi dəyərləri qoruyub saxlamaqla sosial müdafiəyə ehtiyacı olan insanlara daha diqqətlə yanaşmalı, həmin insanların sosial teləbatının ödənilməsi bir növ həmin cəmiyyətin mənəvi göstəricisinə çevrilməlidir".
Ölkəmizin Birləşmiş Millətlər Təşkilatının (BMT) 1966-cı il tarixli "İqtisadi, sosial və mədəni hüquqlar haqqında Pakt"ına, "Mülki və siyasi hüquqlar haqqında Pakt"ına, habelə, Avropa Şurasının 1961-ci il tarixli Avropa Sosial Xartiyasına qoşulmuş müstəqil dövlət kimi xalqının sosial və mədəni inkişafını özünün başlıca vəzifəsi hesab etdiyini nəzərə çatdırdı. Konstitusiyanın 38-ci maddəsinə əsasən, hər kəsin sosial təminat hüququnun olduğunu xatırladan Milli Məclisin deputatı, ölkədə yaşayan hər bir vətəndaşın dövlət qarşısında onun maddi rifah halının yaxşılaşdırılması tələbinin aktuallaşdırmaq hüququnun tanındığını bildirdi: "Prezident cənab İlham Əliyevin qənaətincə, sosial-iqtisadi hüquqların müdafiəsi sahəsində dövlətin vəzifəsi mütərəqqi iqtisadi və sosial islahatları həyata keçirmək, iqtisadi inkişaf prosesində hər bir vətəndaşın iştirakını təmin etmək, mövcud potensialdan hər bir fərdin bacarıq və qabiliyyətinə görə ədalətli şəkildə yararlanmasına şərait yaratmaqdır. Azərbaycan Prezidenti daim bildirir ki, dövlətin öz vətəndaşlarının həyati tələbatlarının ödənilməsinə göstərdiyi qayğı özünü bilavasitə sosial təminat sistemində büruzə verir. Başqa sözlə deyilsə, siyasi quruluşların hüquqi cəhətdən müxtəlifliyinə baxmayaraq, sosial təminat tədbirləri insanların həyati tələbatlarının, heç olmasa, minimum səviyyədə ödənilməsinə xidmət edir".
Azərbaycanın bazar iqtisadiyyatı və demokratiya yolunu prioritet olaraq seçdiyini və bu sistemdə Prezident İlham Əliyevin apardığı sosial-yönümlü siyasətin məqsədinin heç də sosial bərabərsizliyi aradan götürmək olmadığını qeyd etdi. Burada əsas məqsədin sadəcə onu tarazlaşdırmaq, vətəndaşların maddi vəziyyətlərindəki kəskin fərqliliyi aradan qaldırmaq, sosial müdafiəyə ehtiyacı olan insanların yaşayış səviyyəsini yüksəltmək hesabına cəmiyyətin bütün üzvlərini layiqli həyat səviyyəsi ilə təmin etmək üçün fərdin ictimai statusunu artırmaqdan ibarət olduğunu diqqətə çatdırdı: "Dövlət başçısı bu fikirdədir ki, bazar iqtisadiyyatı prinsipləri vətəndaşların sosial təminatının yaxşılaşdırılması tədbirlərini qətiyyən inkar etmir. Sosializm dövrünün populizmə əsaslanan "bir nəfər hamı üçün, hamı bir nəfər üçün" devizindən, formal səciyyə daşıyan "sosial bərabərlik" şüarından fərqli olaraq, Azərbaycan hökuməti bazar iqtisadiyyatının sərt tələbləri şəraitində məhz vətəndaşların aztəminatlı təbəqəsi üçün ünvanlı sosial yardım sisteminin formalaşdırılmasına, sosial ədalət prinsipinin bütün səviyyələrdə tam bərqərar olmasına çılışır. Burada söhbət əsla sosial bərabərlikdən deyil, sosial ədalət prinsipinin qorunmasından gedir".
Millət vəkilinin bildirdiyinə görə, Azərbaycanda sosial məsələlərə xüsusi diqqət yetirilməsi həm də respublikanın 70 ildən artıq sosializm sistemində yaşaması ilə səciyyələnir. Uzun illər bu sistemdə-mərkəzləşdirilmiş iqtisadiyyat şəraitində maddi yaşayışını təmin edən vətəndaşların müəyyən qisminin keçid dövrünün gerçəkliklərinə, habelə, bazar iqtisadiyyatı prinsiplərinə uyğunlaşması bir qədər çətin və mürəkkəb prosesdir. Bu üzdən R.Cəbrayılov hesab edir ki, ictimai-iqtisadi formasiya dəyişkənliyini yaşayan bütün postsosialist dövlətlərində ictimaiyyətin baş verən köklü dəyişikliklərə mənəvi-psixoloji baxımdan adaptasiyası özünü ciddi problem kimi göstərir: "Bu baxım-dan, keçmiş SSRİ respublikalarında, o cümlədən, Azərbaycanda vətəndaşların layiqli həyat səviyyəsinin təmin edilməsi məsələsinin xüsusi diqqət mərkəzində saxlanılması son dərəcə vacibdir. Bu baxımdan Konstitusiyanın 15-ci maddəsinə "sosialyönümlü" ifadəsinin daxil edilməsilə Azərbaycan iqtisadiyyatının sosial yönümlü iqtisadiyyat kimi konstitusion-hüquqi təsbitinin nəzərdə tutulması dövlətin sosial siyasətindən qaynaqlanır".
Konstitusiyanın 17-ci maddəsinə (Ailə və dövlət) təklif olunan əlavə və dəyişikliklər isə son 14 ildə Azərbaycanda uşaq hüquqlarının təminatı istiqamətində qəbul olunmuş qanunlara və digər normativ-hüquqi aktlara konstitusion stasus vermək, habelə, dövlətin bu sahədə üzərinə düşən vəzifələri konkretləşdirmək məqsədi daşıyır. Millət vəkilinin ifadəsinə əsasən, "Ailə, uşaqlar və dövlət" adlandırılacaq bu maddəyə əlavə olunmuş III hissədə göstərilir ki, "Valideynləri və ya qəyyumları olmayan, valideyn qayğısından məhrum olan uşaqlar dövlətin himayəsi altındadır".
Azərbaycanda hələ sovetlər birliyi dövründən bugünədək valideyn himayəsindən məhrum olmuş körpələrin və uşaqların dövlətin himayəsinə götürülərək körpələr evlərində, habelə, internat məktəblərində, xüsusi pansionatlarda saxlanıldığını və onların 18 yaşınadək təhsilə, təlim-tərbiyəyə cəlb edildiyini vurğuladı: "Azərbaycan müstəqillik qazandıqdan sonra bu sahədə sistemli və ardıcıl tədbirlər həyata keçirilmiş, respublikamız uşaq hüquqları haqqında konvensiyalara, sazişlərə qoşulmuş, Milli Məclisdə bir sıra qanunlar qəbul edilmişdir. Valideyn himayəsindən məhrum olmuş uşaqlar haqqında indiyədək konstitusiyada heç bir düzünə müddəanın olmaması isə Azərbaycan dövlətinin bu sahədə yeritdiyi siyasətə adekvat deyil. Uşaq hüquqlarının və onlara qayğının bütün dünyada aktuallığı ilə seçildiyi bir zamanda Azərbaycan Konstitusiyasında uşaq hüquqlarının qorunmasının dövlət təminatlarının təsbit edilməməsini konstitusion-hüquqi boşluq kimi xarakterizə etsək düzgün olardı. Bu baxımdan 17-ci maddənin III hissəsinə təklif olunan əlavə valideyn himayəsindən məhrum olmuş uşaqlarla bağlı dövlətin üzərinə konstitusion vəzifələr qoyur".
17-ci maddənin IV hissəsinə təklif edilən əlavəyə görə isə "Uşaqları onların həyatına, sağlamlığına və mənəviyyatına təhlükə törədə bilən fəaliyyətə cəlb etmək qadağandır". R.Cəbrayılov belə hesab edir ki, bu əlavənin konstitusiyada əksini tapması son 14 ildə ölkənin dinamik sosial-iqtisadi tərəqqisi ilə əlaqədar əmək bazarının inkişafı, işçi qüvvəsinə tələbatın kəskin artması, habelə, qanunvericiliyin tələblərinə zidd olaraq uşaqların onların sağlamlığına və mənəviyyatına zidd fəaliyyətə cəlb edilməsi kimi arzuolunmaz halların geniş yayılmasıdır. O, sahibkarlığın hələ o qədər də inkişaf etmədiyi, sosial-iqtisadi problemlərin özünü qabarıq göstərdiyi, işsizlər ordusunun mövcud olduğu 1995-ci ildə belə bir müddəanın əsas qanunda əksini tapmasına zərurətin duyulmadığını söylədi. Bildirdi ki, hazırda konstitusiyaya belə bir əlavənin təklif edilməsi Azərbaycanın gələcəyi olan uşaqların sağlam ruhda tərbiyə edilməsi, habelə, fiziki sağlamlığının qorunması baxımından son dərəcə aktual görünür: "Konstitusiyanın 17-ci maddəsinin V hissəsində yer almış digər əlavəyə görə isə "15 yaşına çatmamış uşaqlar işə götürülə bilməzlər. Azərbaycanda işsizlik probleminin sürətlə həllini tapması, son beş ildə 765 minə yaxın yeni iş yerinin açılması, habelə, sahibkarlığın sürətli inkişafı şəraitində belə bir əlavənin əsas qanunda yer alması son dərəcə vacibdir. Bəzən 15 yaşına çatmamış uşaqlar məktəbdən yayınaraq özlərinin mənəviyyatına, sağlamlığına və şəxsiyyət kimi formalaşmasına mane olan müxtəlif işlərdə çalışır, mənəvi aşınmaya məruz qalırlar. Gərgin əmək bahasına qazanılan əməkhaqqı isə çox hallarda onların zərərli vərdişlərə aludə olmasına gətirib çıxarır. Uşaq əməyinin istismarı beynəlxalq hüquq normaları ilə də birmənalı qadağan olunduğundan 15 yaşına çatmamış uşaqların işə götürülməsinə yaradılan konstitusion məhdudiyyət tamamilə məntiqi və zəruridir. Bu məhdudiyyət uşaqların valideynlər tərəfindən məktəbdən və təhsildən yayındırılması hallarına qarşı inzibati mübarizə üsullarına da konstitusion əsas yaradacaqdır".

Digər xəbərlər