Bakı Slavyan Universitetində Xocalı faciəsi anıldı
Xocalı soyqırımının 17- ci ildönümü ilə əlaqədar fevral ayının 25-dən başlayaraq, Bakı Slavyan Universitetinin fakültələrində Xocalı şəhidlərinin anımına həsr olunmuş silsilə tədbirlər keçirilib.
Dərs gününün birinci saatı faciəyə həsr olunub. Həmçinin, Heydər Əliyev adına radioqovşaqda mövzu ilə əlaqədar verilişlər hazırlanıb. Tədbirlər ədəbi-bədii kompozisiya şəklində təşkil olunaraq Xocalı qurbanlarının anımına həsr olunmuş 15 dəqiqəlik filmin nümayişi ilə başlayıb. Müəllim və tələbələr öz çıxışlarında Xocalı həqiqətləri əsasında çıxışlar ediblər.
Silsilə tədbirlərin hər kəsi yekunu olaraq BSU-nun elmi şurasında rektor, AMEA-ın müxbir üzvü professor Kamal Abdullayev çıxış edərək, erməni vəhşiliklərindən söhbət açıb, ulu öndər Heydər Əliyevin davamçısı Prezident İlham Əliyev cənablarının siyasi kursu ətrafında birləşməyə çağırıb. Bu mübarizədə qalib gələrək, torpaqlarımızı azad edib şəhidlərimizin qanını yerdə qoymayacağımıza əminliyini vurğulayıb. Şurada müəllim və tələbələr öz çıxışlarında Xocalı qurbanlarını bir daha yad edərək, onların ruhları qarşısında baş əydiklərini bildiriblər.