Xocalı tarixdə misli görünməmiş bir faciədir
Dünən "Aztelekom" İstehsalat Birliyində Xocalı soyqırımının 17-ci ildönümünə həsr olunmuş anım mərasimi keçirildi. İlk öncə Xocalı faciəsi zamanı, eləcə də, Azərbaycanın ərazi bütövlüyü və dövlət müstəqilliyi uğrunda şəhid olmuş soydaşlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Tədbiri giriş sözü ilə birliyin direktoru Məhəmməd Məmmədov açaraq bildirdi ki, 1992-ci il fevral ayının 25-dən 26-na keçən gecə erməni silahlı birləşmələri tərəfindən dinc Xocalı sakinlərinin başına olmazın müsibətlər gətirilib: "1992-ci il fevral ayının 25-dən 26-na keçən gecə ermənilər Azərbaycanın ayrılmaz hissəsi olan Xocalı şəhərində dəhşətli soyqırım həyata keçirdilər. Bu amansız faciə kütləviliyi ilə yanaşı, eyni zamanda, dünyada analoqu olmayan vəhşilik aktı idi. Ermənilərin heç bir beynəlxalq hüquq normalarına məhəl qoymadan atdığı bu addımı, dövlət müstəqilliyimizə və ərazi bütövlüyümüzə ən böyük qəsd kimi qiymətləndirmək olar".
M.Məmmədov onu da bildirdi ki, ermənilər bu soyqırımı törədərək bütün dünyaya meydan oxuduqlarını bəyan etməklə, bəşəriyyətə və insanlığa qarşı yönəlmiş ən qəddar cinayət törətdilər: "Faciə zamanı mənfur ermənilər Xocalı şəhərini tamamilə yandırıb külə döndərmiş, əhalisini isə məhv etmişdilər. 613 nəfər dinc sakin bu soyqırımın günahsız qurbanına çevrilmiş, 487 nəfər şikəst qalmışdır. Ölənlərin arasında 106 nəfər qadın, 63 nəfər uşaq, 70 nəfər qoca var idi. Xocalıdakı erməni vəhşiliyi bununla bitmir. Düşünülmüş erməni siyasəti nəticəsində o şaxtalı faciə gecəsində 1275 nəfər insan əsir götürüldü, 150 nəfər isə itkin düşdü".
Tədbirdə çıxış edən birliyin həmkarlar ittifaqının sədri Bəylər Qurbanov vurğuladı ki, 17 il ərzində xalqımızın qəlbində yaşayan Xocalı soyqırımı unudulmayıb: "Ermənistanın işğalçılıq və hərbi təcavüzünün bariz təzahürü olan Xocalı soyqırımı Qarabağ müharibəsində Azərbaycanın aldığı ən ağır zərbələrdəndir. 1988-ci ildən başlamış Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi dövründə ən müdhiş və faciəvi, tarixdə analoqu olmayan hadisələrdən biri Xocalı soyqırımıdır. 1992-ci ildə Ermənistan terrorçu dəstələri rus ordusunun köməyi ilə Xocalı şəhərində XX əsrdə misli görünməmiş dəhşətli faciə törədiblər. Şəhər əhalisinin qocasına, qadınına, körpəsinə məhəl qoymadan vəhşicəsinə qətlə yetiriblər. XX əsrin sonunda baş vermiş bu faciə təkcə Azərbaycan xalqına qarşı deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biridir".
Mərasimdə çıxış edənlər qeyd etdilər ki, xalqımıza zaman-zaman üz vermiş faciələri unutmağa mənəvi haqqımız yoxdur və bu faciələrdən daha qanlısı, daha dəhşətlisi olan Xocalı hadisələri millətimizin qan yaddaşına əbədi həkk oluunub.
Tədbirin sonunda Xocalı faciəsi barədə sənədli kadrlar nümayiş etdirildi.