PDF Oxu

Sosial

  • 12

Xocalı soyqırımı bəşəriyyətə qarşı törədilmiş ən ağır cinayətdir

Xocalı soyqırımı bəşəriyyətə qarşı törədilmiş ən ağır cinayətdir
Xocalı soyqırımı Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olmuşdur. Azərbaycanın ümummilli lideri Heydər Əliyev Xocalı soyqırmının on illiyi münasibətilə Azərbaycan xalqına müraciətində demişdir: "Bu amansız və qəddar soyqırım aktı insanlıq tarixinə ən qorxulu kütləvi terror aktlarından biri kimi daxil oldu". Qeyd etmək lazımdır ki, Azərbaycan xalqı 200 il ərzində erməni millətçi-şovinistlərinin davamlı olaraq etnik təmizləmə, soyqırım siyasətinə məruz qalmışdır. Azərbaycan xalqı tarixi torpaqlarından qovulmuş, qaçqına, məcburi köçkünə çevrilmiş və bütün bunlar ermənilər tərəfindən kütləvi qırğınlarla müşayiət olunmuşdur. Azərbaycanlıların öz tarixi-etnik torpaqlarından qovulması sovet dövründə də davam etmişdir.1948-1953-cü illərdə Ermənistandan 150 min azərbaycanlı deportasiya olunmuş Azərbaycanın Kür-Araz düzənliyində yerləşdirilmişdir. 1988-ci ildə isə öz tarixi torpaqlarında yaşayan 250 min azərbaycanlı bu ərazidən qovulmuşdur. 1988-ci ildən Dağlıq Qarabağ ətrafında başlayan hadisələr erməni ideloloqlarının "dənizdən dənizə Ermənistan" adlı sərsəm bir ideyasını reallaşdırmaq cəhdi kəndlərin, şəhərlərin dağılması, on minlərə günahsız insanın ölümü, yüz minlərlə azərbaycanlının öz tarixi torpaqlarından didərgin düşməsi ilə nəticələndi. Bütün beynəlxalq hüquq normalarına zidd olaraq Ermənistan dövləti Dağlıq Qarabağı özünə birləşdirmək istəyir, bu yolda bütün cinəyət və vəhşiliyə hazır olduqlarını nümayiş etdirirlər. XX əsrin faciəsi olan Xocalı soyqırımı bu aqressiv və cinayətkar erməni siyasətinin nəticəsidir. XX əsrin sonunda baş vermiş bu faciə təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biridir. Xocalı soyqırımı əsrin Xatın, Xirosima, Naqasaki və Sonqmi kimi dəhşətli faciələri ilə bir sırada dayanır. Bu faciənin şahidi olmuş Xocalı PŞ-nin sabiq rəisi, təqaüdçü, Qarabağ müharibəsi veteranı, Xocalı yaddaş diplomunun təltifçisi Sabir Məmmədovun dediklərindən: - 1992-ci il fevralın 26-da Ermənistan hərbi birləşmələri 7 min əhalisi olan Xocalı şəhərində genosid aktı həyata keçirdi. Ermənistan hərbi birləşmələrinin şəhərə hücumu zamanı yerli əhaliyə qarşı vəhşiliklər törədildi. Bütün bunlar erməni hərbçiləri tərəfindən xüsusi amansızlıqla və ağlasığmaz vəhşiliklə həyata keçirilmişdir. Hadisələrin şahidi olaraq qeyd edim ki, Xocalı blokada şəraitində yaşayırdı. 1991-ci ilin noyabrından Ağdam-Xocalı-Şuşa yolu Əsgəran qalasının keçidi ermənilər tərəfindən betonlaşmış, maşın yolu tamamilə bağlanmışdı. Əlac ancaq hava yollarına qalmışdı. Hava yollarında vertolyotlar gah görünür, gah da olmurdu. Əhali nəinki saatlarla, həftələrlə vertolyot gözləyirdilər. Əksər hallarda hava dumanlı olanda və açığını desək, pilotlar Əsgəran kəndlərinin üzərindən uçmağa ehtiyat edirdilər. Daha doğrusu, qorxurdular. Vertolyot gözləməkdən şuşalı və xocalıların səbr kasası dolmuşdu. İşıqsız, qazsız, çörəksiz yaşamaq camaatı təngə gətirsə də, yenə də şəhərkənarı postlarda hərbi qaydada dayanırdılar. Şəhərin taleyi Xocalı polisinin yəni mənim, könüllülər dəstəsinin 22 nəfərdən ibarət döyüşçünün komandiri mərhum, milli qəhrəman Aqil Quliyevin, özünümüdafiə dəstəsini Xocalı camaatından düzəlmiş qüvvələrinin hesabına komandir mərhum, milli qəhrəman Tofiq Hüseynovun, Xocalı hava limanı dəstəsinin üzvlərinin polis rəisi mərhum, milli qəhrəman Əlif Hacıyevin hesabına müdafiə olunmaqla yaşayırdı. Buna baxmayaraq, ara-sıra DİN-nin nümayəndələri, jurnalistlər də Xocalıya baş çəkirdilər. Onları da qınamıram. Yolun bağlı olmağı, ara-sıra vertolyotun olması hamını çaş-baş salmışdır. Bir müddət idi ki, Xocalıya jurnalist ayağı dəymirdi. Həmin vaxt 1991-ci ilin dekabr ayının 29-da, üç nəfərdən ibarət jurnalist Bakıdan Xocalıya gəlmişdilər. Bu mənə Ona görə mənə çox təəccüblü gəlirdi. Onlar Xocalıya dediklərinə görə, birinci dəfə idi ki, gəlirdilər. Xocalı icra hakimiyyətinin başçısı Elman Məmmədov yol üstündə olduğuna görə, o, Bakıya iş dalınca getməli idi. Belə ki, o vaxtlar Xocalıda hərbi-sursat, çörək, salyarka, neft olmadığına və çatmadığına görə, növbə ilə E.Məmmədov, A.Atakişiyev, Murad Şükürov və mən Bakı və rayonlara gedib kimin nəyə gücü çatsa, onu da gətirirdik. Ona görə jurnalistlərlə söhbətindən sonra E.Məmmədov Ağdama uçdu. Gələn qonaqlarla şəhərin və Xocalının sərhədlərini, camaatın güzəranı ilə tanışlığı və jurnalistlərin təhlükəsizliyini mən öz üzərimə götürmüşdüm. Yüksəkliklərdən ermənilərin istehkamlarını onlara göstərirdim. Gələnlər Xocalıda camaatın çətin vəziyyəti, çörəksiz, silahsız, işıqsız olmalarını şahidi oldular. Jurnalist Qulu Məhərrəmovun və onunla gələn yoldaşlar Xocalının bir çox yerlərini gəzərək, postları, camaatdan müsahibə götürərək lentə çəkirdilər. Bu bir həftə ərzində çox məlumat aldıqlarına görə onlar Bakıya qayıtmağa hazırlaşırdılar.Təhlükəsiz olmalarına görə biz qonaqları Xocalı maliyyə şöbəsinin rəisi etibarlı yoldaş Sahib Əliyevin evində saxlayırdıq. İşıqsız, qazsız, çörəksiz, silahsız xocalıların yaşadığı dözülməz blokada həyatının ağrı-acısını onlar da görməli və dadmalı oldular. Nəhayət, çox çətinliklə yanvarın 5-də 1992-ci il tarixdə qonaqları Ağdama yola sala bildik. Xocalı aeroportunda Xocalı sakinləri onlara bir çox suallar verirdilər. Xocalı sakini "Zil" sürücüsü, ağsaqqal Yaqub kişi onların yanında yarıtmaz respublika rəhbərliyinin ünvanına ciddi və təhqiramiz sözlər işlətdi. Lentə çəkilən görüntülər bir-iki dəfə televiziya vasitəsilə yayımlandı. Mən 1992-ci il yanvarın 29-30-da Bakıda rəhmətlik Əlif Hacıyevlə DİN-nin qarşısında görüşdüm. Səmimi görüşdən sonra onun Gəncəyə vertolyot məsələsini həll etməyə gedəcəyini söylədi. Mən onunla Ağdam aeroportunda imkan olduqca görüşəcəyimizi planlaşdırdıq. DİN-dən şəxsi heyət üçün götürdüyüm isti pal-paltar götürüb Ağdama gətirdim. Xocalı polis şöbəsinin əməkdaşlarını aparmaq üçün Xocalı polis əməkdaşından sürücü V.Zeynalov, V.Piriyev, Y.Hacıyev və S.Mədətovla birgə Ağdam aeroportuna apardıq. Lakin hava şəraiti pis olduğundan, vertolyot tapa bilmədik. Fevral ayının 2-si saat 14-15 arasında DİN-nin, DQMV-nin və DİN-nin rəis müavini olmuş polkovnik Sadir Məmmədovun köməkliyi sayəsində bir ədəd "Krokadil" vertolyot əldə edə bildim. Biz yenidən Ağdam aeroportuna gələrək, 500 kq çörəyi vertolyota yüklədik. Lakin pilotlar yükün ağır olacağı barədə deyinirdilər. Ona görə, işçilərimdən heç kimi götürə bilmədim. Mən vertolyota mindim, hətta vertolyotun lükunda pilotlardan gizli əlavə bir qədər çörək də ötürdüm. Yerdə qalanlar isə, ikinci vertolyotu gözləməli oldular. Hava dumanlı olduğu üçün vertolyot göydə bir-iki dövrə vurduqdan sonra, Naxçıvanik deyilən erməni kəndi üzərindən çox çətinliklə keçib, Xocalı aeroportuna endi və 500 kq çörəyi həmin aeroportda könüllülər dəstəsinin komandiri ölümündən sonra milli qəhrəman adını almış Aqil Quliyevə verdim. Aqilin üzündən sevinc və xoş təbəssüm məni həddən artıq kövrəltdi. Elə buna görə də, məndə Yaqub kişi kimi o vaxtkı respublika rəhbərliyinə nifrətimi gizlədə bilmədim. Öz - özlüyümdə qeyrətsizlər deyərək, gileyləndim. Xocalı soyqırımının epizodları insanı dəhşətə gətirir. Ermənilər sağ qalmış insanlar üzərində tamamilə təhqiredici hərəkətlər həyata keçirmişdilər. Onların başının dərisini soymuş, başlarını və bədəninin digər orqanlarını kəsmiş, uşaqların gözlərini çıxarmış, hamilə qadınların qarnını yarmışdılar. Hücum zamanı Xocalıda istifadəsi qadağan olunmuş 5,45 kalibrli patronlardan və kimyəvi silahlardan istifadə edilmişdir. Bütün bunlar Ermənistanın Cenevrə konvesiyasının protokollarını pozaraq, müharibə qaydalarına zidd olaraq dinc sakinlərə qarşı həyata keçirilən soyqırım olduğunu təsdiqləyir. Cinayət cəzasız qalmamalıdır. Ermənistanın hərbi-siyasi təcavüzü dünya ictimaiyyəti tərəfindən ittiham edilməlidir. Beynəlxalq təşkilatlar, dünya dövlətlərinin parlamentləri Ermənistan Respublikasının Azərbaycan torpaqlarında törətdiyi hərbi cinayətə - Xocalı soyqırımına, əsil soyqırım hadisəsi kimi beynəlxalq siyasi-hüquqi qiymət verməlidirlər.

Digər xəbərlər