Konstitusiya dəyişikliyinin edilməsi xalqın tarixi inkişaf mərhələsi ilə bağlıdır
Fevralın 22-də "Yeni Azərbaycan" Təşviqat Qrupu Xızı rayon Mədəniyyət evində Xələc və Baxışlı kəndlərinin, Altıağac qəsəbəsinin seçiciləri ilə görüş keçirib.
Tədbirdə çıxış edən Yeni Azərbaycan Partiyasının Xızı rayon təşkilatının sədri Fərrux Haqverdiyev, müstəqil Azərbaycanın ilk Konstitusiyasının qəbulundan 13 il ötdüyünü bildirdi. Qeyd etdi ki, bu müddətdə ölkədə aparılan sürətli siyasi-iqtisadi islahatlar, gedən demokratik proseslər Konstitusiyaya əlavə və dəyişikliklərin edilməsi zərurətini yaradıb. Bu, həm də cəmiyyətin arzu və istəyindən doğan məsələdir. Xüsusilə, 101-ci maddənin 5-ci bəndinə toxunan təşkilat sədri, bir şəxsin iki dəfədən artıq prezident seçilə bilməməsi ilə bağlı məhdudiyyətin aradan qaldırılmasının cəmiyyətdən gələn sosial sifariş olduğunu vurğuladı: "Ümumilikdə Referendum Aktı layihəsində Konstitusiyanın 29 maddəsində təklif olunan əlavə və dəyişikliklərin çoxu insan hüquq və azadlıqlarının təminatını daha da möhkəmləndirəcək, xalqın öz iradəsini ifadə etməsinə daha geniş imkanlar yaradacaq. Layihədə seçki hüququ olan 40 min vətəndaşa qanunvericilik təşəbbüsü ilə çıxış etmək imkanının verilməsi də təqdirəlayiq addımdır".
"Konstitusiyaya əlavə və dəyişikliklər edilməsi haqqında" Referendum Aktı layihəsinə istər ölkə daxilində, istərsə də beynəlxalq aləmdə marağın çox böyük olduğunu söyləyən F.Haqverdiyev, bunu ölkənin kütləvi informasiya vasitələrində, xarici media orqanlarında, müxtəlif ictimai dairələrdə, araşdırma mərkəzlərində aparılan müzakirələrin də təsdiqlədiyini diqqətə çatdırdı: "Həmin müzakirələrdən belə ümumi nəticə çıxarmaq olar ki, Azərbaycan Konstitusiyasında həyata keçirilməsi nəzərdə tutulan islahatlar, o cümlədən, bir şəxsin iki dəfə prezident seçilə bilməsi kimi məhdudiyyəti nəzərdə tutan müddəanın aradan qaldırılması mütərəqqi addımdır. Bu məsələdə bəzi müxalif qüvvələri bərk əl-ayağa düşüblər. Onlar layihədəki bu maddəni, guya Azərbaycanda demokratiyanın boğulması kimi qələmə verərək, ictimai fikri çaşdırmağa çalışırlar".
Tədbirdə çıxış edən Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü, "Yeni Azərbaycan" Təşviqat Qrupunun vəkili Şahlar Əsgərov, konstitusiya islahatlarının həyata keçirilməsinin və dövlətin əsas qanununun mətnində zamanın tələblərinə müvafiq olaraq dəyişiklik və əlavələrin edilməsini hər bir dövlətin müəyyən tarixi inkişaf mərhələsi ilə bağlı olduğunu bildirdi. Qeyd etdi ki, dünya ölkələri üçün vahid konstitusiya modeli mövcud deyil və bu sənədin qəbulu hər bir dövlətin və vətəndaşlarının daxili işi olduğundan, sənədin mətnində hansısa dəyişikliklər və əlavələrin edilməsi də beynəlxalq aləmdə hər bir xalqın suveren hüququ kimi qəbul edilir: "Bu baxımdan ölkə Konstitusiyasında dəyişikliklər edilərək mətndə bəzi düzəlişlərin həyata keçirilməsi zamanın diktəsidir.
Ş.Əsgərovun sözlərinə görə, 12 noyabr 1995-ci ildə ulu öndər Heydər Əliyevin rəhbərliyi altında hazırlanıb qəbul edilən Azərbaycan Respublikasının Konstitusiyası hüquqi dövlət quruculuğu sahəsində ölkəmizin gələcək inkişafına demokratik imkanlar yaradan, mühüm hüquqi və siyasi əhəmiyyətə, bəşəri dəyərlərə malik bir sənəd olduğunu ötən illər ərzində sübut edib: "Son illər sosial-iqtisadi, mədəni sahələrdə qazanılan nailiyyətlər, regionların sürətli inkişafı, insanların rifah halının gündən-günə yaxşılaşdırılması, beynəlxalq əlaqələrin möhkəmləndirilməsi, ölkəmizin dünyaya inteqrasiyası istiqamətində atılan addımlar uğurlarımızın tərkib hissəsidir. Azərbaycan gündən-günə şöhrətlənir, yeniləşir və yüksəlir. Sürətli inkişaf həyatımızın bütün sahələrində əsaslı islahatların həyata keçirilməsini zərurətə çevirir. Konstitusiyaya əlavə və dəyişikliklərin edilməsi də bu inkişafın, yeniləşmənin, zamanın tələbidir. Dünyada baş verən hadisələr, ölkəmizin sosial-iqtisadi, siyasi inkişaf kursunun daha mükəmməl həyata keçirilməsi, vahid və davamlı siyasətin yeridilməsi, milli maraqlarımızın və mənafelərimizin tam təmin olunması, demokratik təsisatların genişləndirilməsi indi bu tələbləri reallaşdırıb".
Konstitusiyaya əlavə və dəyişikliklər edilməsinin mahiyyətinin aydın olduğunu vurğulayan "Yeni Azərbaycan" Təşviqat Qrupunun vəkili, irəli sürülən mühüm müddəaların xalqın və dövlətin mənafeyinə, insanların hüquq və azadlıqlarının daha etibarlı təminatına, gələcək sürətli inkişafımıza xidmət etdiyini nəzərə çatdırdı.
O, sonda ölkə Konstitusiyasına əlavə və dəyişikliklərin edilməsi haqqında Referendum Aktının ölkəmizin və xalqımızın inkişafı, dövlətçiliyimizin möhkəmləndirilməsi, milli maraqlarımızın təmin olunması baxımından əhəmiyyətli bir sənəd olduğunu qeyd etdi.