PDF Oxu

Sosial

  • 8

Xocalı faciəsi bəşəriyyətə qarşı yönələn soyqırımdır

Xocalı faciəsi bəşəriyyətə qarşı yönələn soyqırımdır
Dünən İnsan Hüquqları üzrə Müvəkkil (ombudsman) Aparatında keçirilən tədbirdə məhz 26 Fevral Xocalı faciəsinin 17-ci ildönümünə həsr olunmuşdur. Tədbiri giriş sözü ilə açan ombudsman Elmira Süleymanova Xocalı faciəsinin xalqımızın başına gətirilən ən ağır faciələrdən biri olduğunu bildirdi.
O, qeyd etdi ki, Xocalı soyqırımından 17 il keçməsinə baxmayaraq, biz bu tarixi faciəni dünya ictimaiyyətinə lazımi səviyyədə tanıda bilməmişik:"Bunun azərbaycanlılara qarşı planlı olaraq əvvəlcədən düşünülmüş şəkildə həyata keçirilmiş soyqırım olması heç kimdə şübhə oyatmır. Lakin biz heç bir beynəlxalq təşkilat və dövlət səviyyəsində Xocalı faciəsinə soyqırım statusu qazandıra bilməmişik."
1988-ci ilin fevralından işğalçı Ermənistanın ölkəmizə qarşı növbəti təcavüzü, Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi çağırışları nümayişlərə keçmiş, SSRİ rəhbərliyinin heç bir siyasi qiymət verməməsi nəticəsində Dağlıq Qarabağ və ətraf yeddi rayon da daxil olmaqla Azərbaycanın əzəli torpaqlarının 20 faizi zəbt edilmişdir. 20 mindən çox soydaşımız həlak olmuş, 50 mindən artıq adam yaralanmış, əlil və şikəst olmuş, bir çox Azərbaycan hərbçisi əsir düşmüş, dinc əhali girov götürülmüş, bir milyon həmvətənimiz öz yurdunda ağır qaçqın və məcburi köçkün həyatı yaşamaqdadır. Erməni təcavüzkarlarının Azərbaycan xalqına qarşı törətdikləri Xocalı soyqırımı adları bəlli olan 613 nəfərin, o cümlədən, 106 qadın, 63 azyaşlı uşağın, 70 qocanın həyatına son qoymuş, 487 nəfər şikəst olmuş, 1275 dinc sakin əsir götürülmüş, 150 nəfər itkin düşmüşdür.
E.Süleymanova onu da bildirdi ki, bütün bunlara baxmayaraq, təbliğatın genişləndirilməsində diaspormızın son zamanlarda rolu artmışdır: "Artıq ikinci ildir ki, Ukraynadakı Azərbaycan səfirinin təşəbbüsü ilə Ukrayna televiziyalarından birində Xocalı faciəsi haqqında film istehsal olunaraq tamaşaçılara təqdim edilib. Xocalı faciəsinin lazımi səviyyədə təbliğ olunmaması bizdə təəssüf hissi oyadır. Xarici dövlətlərdə biz bu facəini tanıtmalı və bu işğalın məğzini açıb göstərməliyik. Bu ildən etibarən uşaqların imza toplaması layihəsi həyata keçirilir. Bu aksiyada nəinki paytaxt məktəbliləri, eyni zamanda, bütün Azərbaycan məktəbliləri fəal iştirak edir."
E.Süleymanova "Xocalı faciəsinin tarixini yaşadıqca, onun xalqımıza qarşı yönəldilən bir siyasət olduğunu bəyan etməli və dünya ictimaiyyətinə çatdırmalıyıq" deyə bildirdi. Erməni təcavüzü bütövlükdə Cənubi Qafqazda sülhyaratma, sabitlik və inkişaf proseslərinə mənfi təsir göstərir. Azərbaycanda tolerantlıq, milli, dini dözümlülük prinsiplərinə hörmət mühitində on minlərlə erməni yaşadığı halda, beynəlxalq hüquq normalarını pozan Ermənistan monomilli dövlət yaratmış və orada yaşayan 200 mindən çox azərbaycanlı dinc əhali, o cümlədən, ahıllar, qadınlar, uşaqlar, əlillər işgəncələrə, insan ləyaqətini alçaldan rəftar və cəzalara məruz qoyularaq, vətəndaşı olduqları bu dövlətin ərazisindən etnik təmizləmə nəticəsində kütləvi surətdə zorla qovulmuşlar.
Tədbirin sonunda ombudsman tərəfindən hazırlanmış bəyanat tədbir iştirakçılarının nəzərinə çıtdırıldı.
Bəyanatda deyilirdi ki, bəşər tarixinin ən qanlı səhifələrindən olan Xocalı soyqırımından 17 il ötür. Bu dəhşətli hadisənin növbəti ildönümü günlərində faciəni törədənlərin məkrli xislətini bir daha açıb göstərmək, erməni vandalizmini, Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq böyük aktuallıq və önəm kəsb edir.
Beynəlxalq hüquqa görə, genosid sülh və bəşəriyyət əleyhinə yönələn əməldir və ən ağır beynəlxalq cinayətlərdən biri hesab olunur.
Xocalı soyqırımı zamanı yol verilmiş cinayət əməllərinin qabaqcadan düşünülmüş qaydada, milli əlamətinə görə insanların tamamilə və ya qismən məhv edilməsi niyyəti ilə törədilməsi beynəlxalq və dövlətdaxili hüquqa əsasən, məhz genosid olduğunu sübut edir. Bu vəhşilik və vandalizm aktı Xatın və Sonqmi faciələri kimi qiymətləndirilməli, insanlığa qarşı törədilən qanlı cinayət öz layiqli qiymətini almalıdır.
Bəyanatda daha sonra deyilir:"Dünya birliyinə, aidiyyəti beynəlxalq təşkilatlara müraciət edərək Azərbaycana qarşı aparılan uzunmüddətli erməni təcavüzünə, terror siyasətinə, kütləvi şəkildə insan hüquqlarının pozulmasına son qoyulacağına, bu münaqişənin sülh və danışıqlar yolu ilə aradan qaldırılmasına dəstək veriləcəyinə, zəbt olunmuş torpaqların qaytarılacağına, yüz minlərlə qaçqın və məcburi köçkünlərin öz yurdlarına dönəcəyinə, onların konstitusion hüquqlarının bərpa ediləcəyinə inanırıq".

Digər xəbərlər