Ölkəmiz taekvando üzrə Dünya Kubokuna ev sahibliyi edəcək
Dünən Gənclər və İdman Nazirliyində gənclər və idman naziri Azad Rəhimov Ümumdünya Taekvando Federasiyasının baş katibi Cin Sun Yanq, baş katibin müavini Çul Ox Kim, İdman Departamentinin meneceri Ceo Kanq Seo və Paralimpiya Komitəsinin rəhbəri Filip Beobonu qəbul edib.
Nazirliyin mətbuat xidmətindən verilən məlumata əsasən, Azad Rəhimov ilk olaraq son illər ərzində idman sahəsində görülən işlər, 17 illk müstəqilliyi dövründə Azərbaycan idmanının inkişafı və ölkə başçısı, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyevin bu sahəyə göstərdiyi qayğı, ölkəmizin gimnastika üzrə Avropa çempionatı, güləş, boks üzrə dünya çempionatı və digər mötəbər yarışlara yüksək səviyyədə ev sahibliyi etməsi, 19 olimpiya idman komplekslərinin fəaliyyəti və 17 daha belə kompleksin də 2010-cu ilin sonlarınadək istifadəyə veriləcəyi haqda danışdı. Nazir Sumqayıt şəhərində yerləşən Paralimpiya Kompleksinin fəaliyyəti, paralimpiyaçılarımızın Pekin Yay Olimpiya Oyunlarında 2 qızıl, 3 gümüş və 5 bürünc medala sahib olmalarını vurğuladı. Nazir, eyni zamanda, ölkəmizdə güləş, boks, cüdo və digər idman növləri ilə bərabər taekvandonun da çox sevildiyini, regionlarda böyük sayda taekvando zallarınının fəaliyyəti və ölkə üzrə 10 min gəncin bu idman növü ilə məşğul olmasını bildirdi.
Bundan başqa, nazir taekvando üzrə dünya kubokunun və paralimpiya üzrə 1-ci dünya çempionatının iyun ayında məhz Bakıda keçirilməsinin çox təqdirəlayiq hal olduğunu bildirərək, istər dövlət, istərsə də federasiya səviyyəsində bu yarışlara ciddi hazırlıq getməsindən bəhs etdi.
Ümumdünya Taekvando Federasiyasının baş katibi Cin Sun Yanq Azərbaycanın taekvando üzrə dünya kuboku və paralimpiya üzrə 1-ci dünya çempionatına bu cür sürət və yüksək səviyyədə hazırlığına heyran olduğunu vurğuladı. O, Azərbaycanın Avropa və Asiya arasında yerləşməsi ilə taekvando siyasətinin tək idman deyil, dünya siyasəti rolunu oynadığını qeyd etdi. Qonaq bu gün Ümumdünya Taekvando Federasiyasına 188 ölkənin üzv olduğunu və nəticədə 88 milyon insanın bu idman növü ilə məşğul olduğunu və bu göstəricilərdən 10 mininin Azərbaycanın payına düşdüyünü məmnunluqla bildirdi. Coğrafi mövqeyinə görə Bakını regional mərkəz adlandıran qonaq ölkənin istər Avropa, istərsə də dünya çempionatları keçirməyə qadir olduğunu bildirərək, dəfələrlə bunun əyani şahidi olduğunu söylədi . Bu səbəbdən baş katib gələcəkdə dünya taekvando federasiyasının qanunlara edilən dəyişiklikləri ilk olaraq hakimlərə çatdırmaq məqsədi ilə Bakıda seminarların keçirilməsi haqda artıq müraciət olunduğunu söylədi.