PDF Oxu

Sosial

  • 10

Konustitusiyaya dəyişikliklər xalqımızın və dövlətimizin maraqlarına uyğundur

Konustitusiyaya dəyişikliklər xalqımızın və dövlətimizin maraqlarına uyğundur
Səbail rayon icra hakimiyyətinin akt zalında Yeni Azərbaycan Partiyasının təşəbbüsü ilə yaradılmış "Yeni Azərbaycan" təşviqat qrupunun şəhər və rayon qərargahlarının sədrlərinin iştirakı ilə ümumrespublika müşavirəsi keçirildi. Müşavirəni giriş sözü ilə YAP Sədrinin müavini, YAP İcra katibi, "Yeni Azərbaycan" təşviqat qrupunun səlahiyyətli nümayəndəsi, Milli Məclisin deputatı Əli Əhmədov açdı. Ə.Əhmədov müşavirənin keçirilməsinin məqsədinin referendumla bağlı təşviqat işinin yüksək səviyyədə təşkili üçün qarşıda duran vəzifələrin müəyyən edilməsindən, onun yüksək səviyyədə həyata keçirilməsi ilə əlaqədar fikir mübadiləsinin aparılmasından, müvafiq təlimat və tövsiyələrin verilməsindən ibarət olduğunu qeyd etdi. YAP Sədrini müavini parlamentin 2008-ci il dekabrın 26-da keçirilmiş iclasında Azərbaycan Konstitusiyasına bir sıra əlavələr və dəyişikliklər edilməsinə dair ümumxalq səsverməsinin (referendumun) keçirilməsi haqqında qərar qəbul edildiyini xatırlatdı. Ə.Əhmədov onu da bildirdi ki, referendumun keçirilməsilə ilə əlaqədar bu günə kimi bir sıra zəruri tədbirlər həyata keçirilib. Referendum kampaniyasında iştirak etmək üçün Mərkəzi Seçki Komissiyasında 9 təşviqat qrupu qeydiyyata alınıb. Bunlardan ilk yaranan Yeni Azərbaycan Partiyasının yaratdığı "Yeni Azərbaycan" təşviqat qrupudur. Qalan ikisi müxalifət partiyaların, digərləri isə ayrı-ayrı peşə nümayəndələrinin yaratdığı təşviqat qruplarıdır. YAP Sədrinin müavini Ə.Əhmədov 18 mart 2009-cu ildə Azərbaycan Respublikasının Konstitusiyasına əlavə və dəyişikliklərlə bağlı keçiriləcək ümumxalq səsverməsi (referendum) ilə bağlı görülmüş işlər və qarşıda duran vəzifələr barədə ətraflı məlumat verdi. Onun sözlərinə görə, Mərkəzi Seçki Komissiyasında Yeni Azərbaycan Partiyasının yaratdığı "Yeni Azərbaycan" təşviqat qrupu ilk qeydiyyatdan keçdikdən sonra bu sahədə geniş iş tempi ilə işlər aparılır: "Çünki Yeni Azərbaycan Partiyasının və "Yeni Azərbaycan" təşviqat qrupunun yetərincə həm insani, həm də təşkilatı resursları var". Ə.Əhmədov bildirdi ki, "Yeni Azərbaycan" təşviqat qrupu qeydiyyatdan keçdikdən sonra referendumla əlaqədar kampaniyanı uğurla aparmaq üçün 25 səlahiyyətli nümayəndəsi və 25 vəkili seçilib. Eyni zamanda, qanunvericiliyə əsasən "Yeni Azərbaycan" təşviqat qrupunun Mərkəzi Seçki Komissiyasında YAP Siyasi Şurasının üzvü, millət vəkili Aydın Mirzəzadə məşvərətçi səs hüququna malik olan nümayəndəsi, millət vəkili Rauf Əliyev isə təşviqat qrupunun müşahidəçisi təyin edilib. Ə.Əhmədov referenduma hazırlıqla bağlı birinci mərhələnin artıq arxada qaldığını və yeni mərhələnin - təşviqat mərhələsinin başlandığını dedi: "Həmin mərhələdə YAP tərəfindən təşkil edilmiş "Yeni Azərbaycan" təşviqat qrupu Mərkəzi Seçki Komissiyası tərəfindən qeydiyyata alındıqdan sonra qanuna müvafiq qaydada fəaliyyətini qurmuş, yerlərdə çoxsaylı seminar-müşavirələr keçirmişdir. Bu seminarlarda təklif olunan əlavələr və dəyişikliklərin başlıca məqsədi haqqında izahat işlərinin təşkili istiqamətində fikir mübadiləsi aparılmışdır". Qarşıdan bütün ölkəmiz üçün böyük əhəmiyyətə malik olan mühüm siyasi kampaniyanın gəldiyini diqqətə çatdıran Ə.Əhmədov bildirdi ki, həmin əlavə və dəyişikliklərin başlıca məqsədi ölkəmizdə insan hüquq və azadlıqları sisteminin daha da təkmilləşdirilməsini nəzərdə tutur: "Əminəm ki, Azərbaycan seçiciləri bu dəyişikliklərə müsbət münasibət göstərəcəkdir. Çünki əlavə və dəyişikliklər xalqımızın və dövlətimizin mənafelərinə uyğundur. Müşavirənin məqsədinin də həmin referendumla bağlı həyata keçirilən kampaniyanın növbəti mərhələsində qarşıda duran vəzifələrin müəyyən edilməsindən, onun yüksək səviyyədə təşkili və keçirilməsi ilə əlaqədar fikir mübadiləsinin aparılmasından və tövsiyələrin verilməsindən ibarətdir". Yeni Azərbaycan Partiyasının müxtəlif səviyyəli seçkilərin keçirilməsində kifayət qədər təcrübə topladığını və möhtəşəm sosial bazaya malik olduğunu vurğulayan YAP Sədrinin müavini, millət vəkili Ə.Əhmədov, bir daha əmin olduğunu bildirdi ki, partiyanın şəhər və rayon təşkilatları bu mühüm siyasi kampaniyanın yüksək səviyyədə keçirilməsində də yüksək fəallıq nümayiş etdirəcəklər. Müşavirədə "Yeni Azərbaycan" təşviqat qrupunun şəhər və rayon qərargahları tərəfindən referendumla əlaqədar olaraq həyata keçiriləcək işlərin təşkili barədə YAP İcra katibinin müavini, "Yeni Azərbaycan" təşviqat qrupunun maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndəsi, millət vəkili Siyavuş Novruzov geniş məruzə ilə çıxış etdi. Təşviqat işinin təşkili ilə bağlı YAP İcra katibinin müavini, "Yeni Azərbaycan" təşviqat qrupunun səlahiyyətli nümayəndəsi, millət vəkili Mübariz Qurbanlı rayonlarda çoxsaylı seminar- müşavirələrin keçirildiyini dedi. Onun sözlərinə görə, keçirilən seminarlarda Azərbaycan Respublikası Konstitusiyasına əlavə və dəyişikliklərlə bağlı təşviqat kampaniyasının əsas istiqamətlərini tövsiyələr formasında yerli təşviqatçılara çatdırmaqdır: "Yeni Azərbaycan" təşviqat qrupu seçki kampaniyasına, demək olar ki, tam hazır vəziyyətdədir. Əminik ki, aparacağımız geniş və çoxşaxəli işlər sayəsində Azərbaycan Respublikası Konstitusiyasına əlavə və dəyişikliklərlə bağlı layihə və Referendum Aktı barədə hər bir seçiciyə, hər bir vətəndaşa məlumatları geniş, ətraflı çatdıra biləcəyik." M.Qurbanlı maarifləndirmə məqsədilə keçirilən seminar-müşavirələrdə təşviqatçılara Konstitusiyaya əlavə və dəyişikliklərlə əlaqədar Referendum Aktından irəli gələn vəzifələri və onun zəruriliyini izah etmək üçün aparıldığını bildirdi.

Digər xəbərlər