Raqif Abbasov: “Bu il açıq çempionatlar, Bakı şəhər kubokları çox olacaq”
- Raqif müəllim, baş idarənin gənclər və idman siyasəti üzrə qarşıda hansı planları var?
- İstər gənclər siyasəti, istərsə də idman siyasəti üzrə bir sıra silsilə tədbirlər planlaşdırılıb. Bakı şəhərində cüdo üzrə Həzi Aslanovun xatirəsinə həsr olunmuş beynəlxalq turnir nəzərdə tutulub. Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin Bolqarıstan Respublikasının Parma şəhərinin Gənclər və İdman Baş İdarəsi ilə həm idman, həm də gənclər siyasəti üzrə ikitərəfli əməkdaşlığa dair saziş imzalaması nəzərdə tutulub. Bununla əlaqədar, bu ilin mart ayında respublikamıza qonaqların gəlişi planlaşdırılır. Keçən il bizim nümayəndə heyəti Bolqarıstanda olub. Bu il isə Bolqarıstanın nümayəndə heyəti Azərbaycana gələcək.
Eyni zamanda, bu il açıq çempionatlar, Bakı şəhər kubokları çox olacaq. Düşünürük ki, bu il dopinqlə mübarizə ilə bağlı bir neçə tədbir keçirəcəyik. Əsası odur ki, uşaq ili çərçivəsində istər islah-əmək müəssisələrində, istər ali təhsil ocaqlarında, istərsə də fiziki qüsur olan uşaqlarla müxtəlif silsilə tədbirlər keçirəcəyik. Çalışacağıq ki, bu il uşaqlara diqqət və qayğı keçən illərə nisbətən daha fərqli və maraqlı olsun.
- İdmançılarımız hansı beynəlxalq yarışlarda iştirak edəcəklər və respublikamızda hansı beynəlxalq yarışların keçirilməsi nəzərdə tutulub?
- Bilirsiniz ki, bu il İran İslam Respublikasında 2-ci islam oyunları keçiriləcək. Biz də şəhər komandasını xüsusi olaraq bu yarışlara hazırlayırıq. Düşünürük ki, bu yarışlarda iştirak və yaxşı nəticə qazanmaq, Sinqapurda keçiriləcək yeniyetmələr arasında növbəti idman oyunlarına böyük bir hazırlıq olar. Biz istəyirik ki, ilk dəfə olaraq Xəzəryanı ölkələrin bir neçə idman növü üzrə oyunlarını keçirək. Bu barədə danışıqlar gedir. İstisna deyil ki, bu il Xəzəryanı ölkələrlə bu barədə müzakirələr başlayacaq.
- Raqif müəllim, gənclərdə hərbi-vətənpərvərlik hissi aşılamaq məqsədilə hansı işlər görülür?
- Hərbi vətənpərvərlik sahəsi əsas istiqamətlərdən biridir. Hazırda bizim Xocalı soyqırımı ilə bağlı internet layihəmiz var. Fevralın 26-na qədər dünyanın müxtəlif ölkələrindəki beynəlxalq qurumlara Xocalıda baş verən həqiqətlərə dair məlumatlar göndəriləcək. Bunu 20 Yanvar faciəsi ilə bağlı həyata keçirmişik. Çağırış zamanı gənclərlə iş aparılacaq. Əsasən də, paytaxtın hərbi hissələrində Sərhəd Qoşunlarının Xəzər dənizinin hövzəsində həqiqi hərbi xidmətdə olan əsgər və zabit heyəti ilə görüşlər təşkil olunacaq.
- Məlumdur ki, baş idarə cəzaçəkmə müəssisələrində məhbuslar arasında bir sıra stolüstü oyunlar keçirib. Bəs digər idman oyunlarının keçirilməsi planlaşdırılıbmı?
- Bilirsiniz ki, islah-əmək müəssisələri qapalı müəssisələrdir. Burda yalnız stolüstü idman növlərinin keçirilməsinə icazə verilir. Bu da başa düşüləndir. Çünki digər yarışlar üçün avadanlıq və yer tələb olunur. Stolüstü idman növlərinə, məhz buna görə üstünlük verilir. Bizim Penitensiar Xidmət ilə əməkdaşlıq haqqında sazişimiz mövcuddur. Yay mövsümündə mini-futbol, voleybol yarışları və xüsusi olaraq, hazırlanmış idman filmlərinə və gənclərlə bağlı materiallara baxış təşkil ediləcək. Qeyd edim ki, dama, şahmat və nərd turnirləri də keçiriləcək.