PDF Oxu

Sosial

  • 12

Azərbaycan beynəlxalq turizm festivallarında təmsil olunur

Azərbaycan beynəlxalq turizm festivallarında təmsil olunur
Turizm sahəsində dövlət siyasətini həyata keçirən Mədəniyyət və Turizm Nazirliyi tərəfindən ölkəmizin turizm potensialının beynəlxalq aləmdə tanınması, turistlərin Azərbaycana çoxsaylı səfərlərinin təşkili, turizmin müxtəlif növlərinin inkişaf etdirilməsi, müasir turizm infrastrukturun yaradılması sahəsində məqsədyönlü işlər görülməkdədir. Ötən il ölkəmizdə turizm sahəsində çoxsaylı beynəlxalq tədbirlər keçirilmiş və beynəlxalq marşrutlar işlənmişdir. Respublikamıza gələn turistlərin sayı ildən-ilə artmışdır. Eyni zamanda, Prezidentinin Sərəncamı ilə təsdiq edilən "Azərbaycan Respublikası regionlarının-sosial-iqtisadi inkişafı Dövlət Proqramının (2004-2008-ci illər)" turizm sahəsi üzrə bəndlərinin tələbləri çərçivəsində sahibkarlığın inkişafı üçün kreditlər ayrılmış, turizm obyektlərinin inşasının dəstəklənməsi, bir sıra hüquqi sənədlərin hazırlanması sahəsində işlər görülmüşdür. Dövlət Proqramı ilə yanaşı, Prezident tərəfindən təsdiq edilən Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair silsilə sərəncamların turizmə aid bəndlərinin icrasının təmin olunması məqsədilə, Lənkəran şəhəri, Tovuz, Gədəbəy, Oğuz, Masallı, Astara rayonlarının turizm inkişaf planı hazırlanmışdır. Turizmin müxtəlif növlərinin inkişaf etdirilməsi, həmçinin, turizmin inkişafının yeni mərhələsinə təkan verəcək "Azərbaycan Respublikasında Turizmin İnkişafına dair 2008-2016-cı illər üçün Dövlət Proqramı" hazırlanmışdır.

Hər il dünya ölkələrində qeyd olunduğu kimi, Azərbaycanda da 27-sentyabr "Ümumdünya Turizm Günü" kimi qeyd olunur. Bu münasibətilə Mədəniyyət və Turizm Nazirliyinin turizm şöbəsi geniş tədbirlər planı işləyib hazırlamışdır. Mədəniyyət və Turizm Nazirliyi tərəfindən hazırlanmış "siti-tur" avtobusları iki saat ərzində paytaxtımıza gələn qonaqları və bundan əlavə Azərbaycanda yaşayan xarici tələbələri qədim, amma gündən-günə yeniləşən və gözəlləşən Bakı ilə tanış edirlər. Ölkəyə Ümumdünya Turizm Təşkilatından dəvət olunmuş şəxslərin iştirakı ilə Azərbaycanda turizmin inkişafı ilə bağlı müxtəlif çıxışlar dinlənilmişdir. Həmin gün Bakı şəhərində fəaliyyət göstərən bütün muzeylərdə "Açıq Qapı" günü elan edilərək, tamaşaçılara ödənişsiz mədəni xidmət göstərilmişdir. Həmin gün təşkil olunan tədbirlər çəriçivəsində, həmçinin, hər il müxtəlif mövzularda - turizm sahəsində mövcud problemlər və onların həlli yollarının müzakirəsi, turizm sahəsində xidmət səviyyəsinin yaxşılaşdırılması, turizm infrastrukturunun yaradılması və s. mövzusunda "Ümumrespublika Daxili Turizm Konfransları" da keçirildi. Eyni zamanda, ölkəmizin turizm potensialının beynəlxalq aləmdə tanınması məqsədilə Almaniya və Avstriya turizm şirkətləri və kütləvi informasiya vasitələrindən ibarət nümayəndələr üçün info-turlar təşkil edildi. Bununla yanaşı, Azərbaycanda fəaliyyət göstərən turizm şirkətləri və kütləvi informasiya vəsaitələrindən ibarət nümayəndələr üçün Quba, Zaqatala və Lerik rayonlarına info - turlar təşkil olundu.

Yeni beynəlxalq turist marşrutlarının yaradılması çərçivəsində respublikamızın Xanlar, Tovuz, Şəmkir, Ağstafa rayonlarında məskən salmış və Azərbaycanın tarixində, mədəniyyətində dərin iz qoymuş almanların yaşadığı ərazilərdə mədəni turizm marşrutunun yaradılması, alman yaşayış məskənlərinə aid abidələrin bərpa olunması, nümayiş obyekti kimi bu bölgədə olan tarix - mədəniyyət abidələrinin bərpası və turizm infrastrukturunun yaradılması məqsədilə "Azərbaycanda Alman yaşayış məskənləri" adlı layihəsi üçün tədbirlər həyata keçirilməkdədir.

Azərbaycanın əlverişli coğrafi mövqeyini nəzərə alaraq, "İpək Yolu" kimi bir çox tarixi yolların ölkəmizin ərazisindən keçməsi, bu gün də Qərbdən-Şərqə, Şimaldan-Cənuba aparan turizm marşrutlarında Azərbaycan da iştirak edir. 2008-ci ildə ölkədaxilində keçirilən tədbirlər çərçivəsində mədəniyyət və turizm naziri Əbülfəs Qarayev ilə İordaniya Haşimiyyə Krallığının turizm və qədim əşyalar naziri xanım Maha Xatib arasında görüş keçirilmişdir. Görüşdə hər iki tərəf mədəniyyət və turizm üzrə milli siyasət və davamlı turizmin inkişafı istiqamətində öz ölkələrində aparılan işlər haqqında məlumat mübadiləsi aparmışlar. 2006-cı ilin 7 noyabr tarixində imzalanmış "Azərbaycan Respublikası hökuməti ilə İordaniya Haşimiyyə Krallığı hökuməti arasında turizm sahəsində əməkdaşlıq" haqqında Sazişin bəndlərinin icrası ilə əlaqədar işçi qrupun yaradılması ətrafında müzakirə aparılmış və qarşılıqlı razılaşma əldə olunmuşdur. Bundan əlavə, Azərbaycanın və İordaniyanın turizm şirkətləri və kütləvi informasiya vasitələrindən ibarət nümayəndə heyətləri üçün hər iki ölkənin turizm potensialı ilə yaxından tanış olmaq məqsədilə qarşılıqlı info-turların təşkil olunması barədə fikir mübadiləsi aparılmışdır. 2009-cu ilin 16-18 aprel tarixlərində Bakıda keçiriləcək "AİTF 2009" VIII Beynəlxalq turizm sərgisində iştirak etmək üçün İordaniyanın turizm şirkətləri Azərbaycana dəvət olunmuşdur. Azərbaycan və İordaniyanın turizm potensialını əks etdirən qısa sənədli film və reklam çarxlarının hər iki ölkənin televiziya kanallarında qarşılıqlı olaraq yayınlanması ilə bağlı razılıq da əldə olunmuşdur.

Bu il turizm sahəsində əməkdaşıq haqqında hökumətlərarası sazişlər çərçivəsində müəyyən işlər görülmüşdür. Azərbaycan ilə bir sıra dövlətlər arasında turizm sahəsində əməkdaşlıq haqqında sazişlər bağlanmışdır. İmzalanmış sazişlərin müddəalarının həyata keçirilməsi ilə əlaqədar mütəmadi olaraq tədbirlər görür və digər ölkələr ilə turizm sahəsində ikitərəfli əlaqələrin qurulması istiqamətində müvafiq işlər aparır. Hazırda Azərbaycan ilə 26 ölkə Birləşmiş Ərəb Əmirlikləri, Küveyt, Rusiya Federasiyası, Səudiyyə Ərəbistanı Krallığı, Avstriya Respublikası, Böyük Britaniya, İsrail, İran, Bəhreyn, Oman Sultanlığı, Macarıstan, Koreya, İsveçrə, Yaponiya, İndoneziya, Bruney Krallığı, Malayziya, San Marino, Mərakeş, Argentina, Meksika, Makedoniya, İsveç, Filippin, Kuba və Xorvatiya arasında turizm sahəsində əməkdaşlıq haqqında saziş layihələri hazırlanmışdır.

Azərbaycan və Norveç muzeylərinin əlaqələrini genişləndirmək məqsədilə Bakıda Muzey Mərkəzi və Stavanger Arxeologiya Muzeyi arasında bağlanmış əməkdaşlıq sazişi çərçivəsində nəzərdə tutulmuş seminar-treninqlər təşkil olunmuşdur. Azərbaycan və Norveç muzeylərinin əlaqələrini genişləndirmək məqsədilə iki ölkənin muzey əməkdaşları arasında təcrübə mübadiləsi və onların ixtisaslarının artırılması üçün 3 mərhələdən ibarət seminar-treninqlərin keçirilməsi Azərbaycanla dünya ölkələri arasında olan turizm əlaqələrinini təsdiq edir. Ölkələrin tarixi, turizm bazası ilə bağlı məlumatlar əldə olunur. Hər iki ölkənin tarixi əlaqələri haqqında çox yazılmışdır. Azərbaycanlı muzey mütəxəssisləri - mühafizlər, bərpaçılar, konservatorlar, muzey direktorları Norveçin məşhur muzeyləri olan Arxeologiya, Neft, Uşaq, Vikinq gəmiləri, Munk və digər muzeylərdə, eləcə də, Oslo və Stavangerin mənzərəli yerlərində maraqlı foto çəkilişlər aparmışlar. Norveçli mütəxəssislər isə İçərişəhəri, Suraxanıdakı "Atəşgah"ı və ölkəmizin digər regionlarını bizə fotolarda təqdim etmişlər.

Çoxtərəfli əməkdaşlıq münasibətlərinin qurulması və inkişaf etdirilməsinin turizm siyasətinin prioritet istiqamətlərindən biri olduğunu nəzərə alaraq Azərbaycan Ümumdünya Turizm Təşkilatı, Avropa Şurası, İslam Konfransı Təşkilatı, Müstəqil Dövlətlər Birliyinin Turizm şurası, Demokratiya və İqtisadi inkişaf naminə - GUAM təşkilatı, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı, beynəlxalq təşkilatlarla turizm sahəsində çoxtərəfli əməkdaşlığın təşkil edilməsi, turizm sahələrində mövcud proqramlara qoşulma, beynəlxalq tədbirlərdə fəal iştirakın təmin edilməsi, həmçinin, yeni təklif və layihələrin hazırlanması, əməkdaşlığa dair sənədlərin imzalanması istiqamətində səmərəli və mühüm fəaliyyətini davam etdirir.

İslam dünyası ilə mədəniyyət və turizm sahələrində çoxtərəfli əməkdaşlıq münasibətləri yüksək səviyyədə inkişaf etməkdədir. Bu əməkdaşlıq həm İslam Konfransı Təşkilatı, həm də onun ixtisaslaşmış institutları olan İSESKO, İRJİJA, SESRTJİJ, İslam Texnologiyalar Universiteti və s. təşkilatlar çərçivəsində həyata keçirilir. Azərbaycan İKT üzv dövlətlərin Turizm Nazirlərinin V Konfransına ev sahibliyi etmiş və 2006-2008-ci illər ərzində Turizm Nazirlərinin İslam Konfransında sədrliketmə hüququnu əldə etmişdir. Respublikamızın turizm imkanlarını təbliğ etmək məqsədilə bir sıra tədbirlər həyata keçirilir. Son sifarişi ilə son beş il ərzində ölkəmizin turizm imkanlarını əks etdirən 40-dan çox reklam-çap məhsulları Azərbaycan, ingilis, alman, ərəb, yapon və rus dillərində hazırlanmışdır.

Sərgilərin coğrafiyası genişlənmiş London, Nyu-York, Moskva, Berlin, Pekin, Milan, Madrid, Deli, Vyana, Mumbay, İstanbul, Tokio, Əl-Küveyt, Dubay, Kiyev, Tbilisi, Bəhreyn, Daşkənd, Mahaçkala kimi şəhərlərində keçirilən beynəlxalq turizm sərgilərində iştirak etmişdir. Sərgilər zamanı respublikamıza olan marağın ildən-ilə artmasının şahidi oluruq. Dünyanın ən möhtəşəm turizm sərgilərindən olan İngiltərənin London şəhərində keçirilən "World Travel Market" beynəlxalq turizm sərgisində Azərbaycan da təmsil olunub.

Yunanıstanın Turizm Nazirliyinin Beynəlxalq əlaqələr departamentinin müdiri xanım Mariya Tassiu və nazirliyin nəzdində fəaliyyət göstərən turizm üzrə təhsil və treninq təşkilatının Beynəlxalq əlaqələr departamentinin müdiri cənab Spiros Qasparinatosdan ibarət rəsmi nümayəndə heyəti ötən il Azərbaycan və Yunanıstan arasında turizm sahəsində hökumətlərarası sazişin, həmçinin, turizm üzrə Birgə Komitənin 1-ci iclasının Protokoluna əsasən, gələn ilin əvvəlində paytaxtımızda keçirilməsi nəzərdə tutulan tədris kurslarının həyata keçirilməsi ilə bağlı danışıqlar aparmaq üçün Bakıda olmuşdur.

Mədəniyyət və Turizm Nazirliyi ilə Azərbaycan Turizm İnstitutunun birgə təşkil etdiyi "Turizm və rekreasiya: problemlər və perspektivlər" adlı II Ümumrespublika elmi-praktiki konfransı keçirildi. Konfransda turizm bazarı: müasir durum, təhlükəsizlik, inkişaf perspektivləri, turizm rekreasiya ehtiyatları və turizmin inkişafının regional xüsusiyyətləri müzakirə olundu.

Hər il olduğu kimi, 2009-cu ildə də Azərbaycan respublikamızın turizm potensialını təbliğ etmək məqsədilə bir sıra beynəlxalq turizm sərgilərində iştirak edəcəkdir. Artıq bir neçə sərgilərin iştirakçısı olub. 15 -18 yanvar tarixində "Ferien Messe" Avstriya - Vyanada, 15 -18 yanvar - "MTM" Mərakeşdə olmuş, yaxın gələcəkdə isə 29 yanvar - 1 fevral "Fitur" (İspaniya - Madrid), 6-8 fevral - "Balt Tour" (Latviya - Riqa), 12-15 fevral - "EMİTT" (Türkiyə - İstanbul) sərgilərində iştirak edəcəkdir.

Digər xəbərlər