PDF Oxu

Sosial

  • 9

ÜTT-yə üzvlüklə bağlı daha üç ölkə ilə danışıqlar aparılacaq

ÜTT-yə üzvlüklə bağlı daha üç ölkə ilə danışıqlar aparılacaq
Dünən "Xəzər" İnteqrasiya İşgüzar Klubu Ümumdünya Ticarət Təşkilatına üzvlüklə bağlı geniş tədbir keçirdi. Görüş əsasən, Azərbaycanın ÜTT-yə daxil olmasından sonra, bunun aparıcı şirkətlərə iqtisadi təsiri və açacağı yeni imkanlara həsr olunub. "Xəzər" İnteqrasiya və İşgüzar Klubunun rəhbəri Telman Əliyev çıxış edərək vurğuladı ki, tədbirdə bir sıra iri şirkət və istehsal müəsissələrinin nümayəndələri iştirak edirlər. Ölkəmizin ÜTT-yə üzvlüyünün dünya iqtisadi sisteminə inteqrasiya olunması üçün olduqca önəmli bir əhəmiyyət daşıdığını deyən T.Əliyev açıqladı ki, hazırda ölkə iqtisadiyyatı dinamik şəkildə inkişaf etdiyi üçün yeni iqtisadi tələblər və yeniliklər mövcuddur. Xüsusilə, son bir neçə il ərzində yüksələn xətlə davam edən iqtisadi inkişaf, yeni texnologiyaların sürətlə iqtisadi sistemə inteqrasiya olunması yeni iqtisadi münasibətləri böyük zərurətə çevirib. Hazırda dünyanın aparıcı maliyyə institutlarının və iqtisadi qurumlarının, aparıcı biznes şirkətlərinin ölkəmizdə fəalliyyət göstərdiklərini deyən klub rəhbəri dedi ki, ÜTT-yə üzvlük Azərbaycanın qarşısına böyük iqtisadi imkanlar və yeni xarici investorlar çıxaracaq. Xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev çıxış edərək ÜTT-yə üzvlüklə bağlı və ümumiyyətlə, bu qurumun strukturları barəsində cəmiyyətin geniş məlumatlandırılmasının vacibliyini bildirdi. O, vurğuladı ki, ölkəmizin ÜTT-yə dair əsas hədəfi, bu təşkilata Azərbaycanın iqtisadi maraqlarına cavab verən şərtlərlə daxil olmaq və öz iqtisadi potensialını möhkəmləndirməkdir. M.Məmmədquliyev, həmçinin, Azərbaycan hökumətinin ÜTT-yə üzvlük üçün aparılan danışıqlarında mühüm irəliləyişlər olduğunu dedi. XİN-nin müavini bundan başqa, ölkəmizin ÜTT-yə üzvlüyü üçün konkret müddətin qoyulmadığını və bu barədə müzakirələr aparılmadığını açıqladı. O bildirdi ki, Azərbaycanın ÜTT-yə üzvlük məsələsi 1997-ci ildən başlasa da, bu beynəlxalq təşkilatla əsas danışıqlar 2004-cü ildən aparılmağa başlanılıb. İndiyədək ÜTT ilə bağlı 16 birgə iclasın keçirildiyini deyən M.Məmmədquliyev dedi ki, ÜTT-yə üzvlüklə bağlı artıq başqa bir neçə ölkə ilə də danışıqlar aparılacaq. M.Məmmədquliyevin dediyinə görə, hazırda sürətli iqtisadi inkişaf dövrü keçirən Azərbaycan dünya iqtisadi sisiteminə inteqrasiya dövrü keçirir və dünyanın aparıcı investorları ölkəmizdə fəaliyyət göstərməyə üstünlük veirirlər. Ölkəmizdə xarici ticarət rejiminin liberal olduğunu deyən XİN rəsmisi vurğuladı ki, hazırda Azərbaycan bəzi sahələrdə ÜTT-nin şərtlərinə uyğunlaşdırılması üçün işlər aparır. Kənd təsərrüfatı sahəsində inkişaf etmiş ölkələrə nəzərdə tutulan güzəştlərin Azərbaycana da şamil olunmasına çalışacaqlarını deyən M.Məmmədquliyev, ÜTT-yə üzvlüklə bağlı hazırda altı ölkə ilə danışıqların başa çatdığını, üç ölkə iləsə davam etdirildiyini bildirdi. ÜTT-yə üzvlüklə bağlı müddət məsələsinin gündəmdə olmadığını deyən M.Məmmədquliyev vurğuladı ki, bu məsələ ilə bağlı konkret tarix və hədəf qarşıya qoyulmayıb. Ermənistanın Azərbaycanın ÜTT-yə üzvlüyə qəbul olunmasına mane yarada biləcəyi ilə bağlı sualı cavablandıran XİN-in müavini dedi ki, Ermənistan ÜTT-yə üzv qəbul olunanda Azərbaycana qarşı maneçilik törətməyəcəyinə dair öhdəlik götürüb. Bundan başqa, bu ilin ikinci yarısında ÜTT-yə üzvlüklə bağlı işçi qrupları səviyyəsində danışıqlar aparılacaq. Bu prosesdə hökumətlə yanaşı, qeyri-hökumət təşkilatları və özəl qurumların da iştirakı önəmli əhəmiyyət daşıyır və onlar bu işlərdə kənarda qalmamalıdırlar

Digər xəbərlər