"Səs" qəzeti olaraq ölkəmizin ictimai-siyasi həyatında mühüm əhəmiyyət kəsb edən məsələlərdə həmişə öndə olmağa çalışmışıq. Qarşıdan gələn 18 mart ümumxalq səsverməsində xalqın istək və arzularını öyrənmək qəzetin ümdə vəzifələrindən biridir. Bu baxımdan da Suraxanı rayonunda seçicilərlə keçirilən görüş zamanında apardığımız kiçik bir sorğu da özlüyündə böyük əhəmiyyət və məna kəsb edir. Suraxanı rayon seçiciləri ilə görüşümüzün əsas məğzi də məhz qarşıdan gələn 18 martda Konstitusiyaya ediləcək əlavə və dəyişikliklərlə bağlı keçiriləcək seçki ilə bağlı oldu. Rayon sakinləri ilə söhbətimizin nəticəsi olaraq, bu qənaətə gəlmək olur ki, ölkəmizin digər bölgələrində yaşayan vətəndaşlar kimi Suraxanı rayon sakinləri də yekdilliklə seçkidə iştirak edərək səsvermə bülletenində ən uyğun varianta öz mövqelərini bildirəcəklər. Bunu rayon sakinlərinin aşağıdakı fikirləri ilə də tam təsdiqləmək olar.
Samirə Hüseynova:
- Ölkəmizdə keçiriləcək bütün seçkilərdə olduğu kimi, budəfəki seçkidə də bir vətəndaş olaraq aktiv iştirak edəcəm. Bu seçki ilə bağlı bir çox maarifləndirici tədbirlədə iştirak etmişəm. Ona görə də martın 18-də keçiriləcək Konstitusiya ilə bağlı olan səsvermənin də mahiyyət və məqsədini çox gözəl bilirəm. Azərbaycan dünyanın artıq qabaqcıl ölkələrindən birinə çevrilib. Ona görə də istər-istəməz ölkəmizin Ali Qanunverici orqanında və başqa qanunlarımızda da mütəmadi dəyişikliklər edilməsi vacibdir. Çünki belə addımlar atılmasa müəyyən mənada qeyri-normal bir durum yarana bilər.
Əsgər Sultanov:
- Martın 18-də keçiriləcək referendumda bu il oktyabrın 15-də keçirilmiş prezident seçkisində olduğu kimi ailəlikcə iştirak edəcəyik. Bu seçki ilə bağlı bir vətəndaş kimi mütəmadi olaraq qəzet və televiziyalardan müəyyən informasiyalar almışıq. Ona görə də, seçki günü hansı maddələrə səs verəcəyimizi yaxşı bilirik.
Turman Əliyev:
- Azərbaycan günü-gündən inkişaf edir və çiçəklənir. Bu ölkənin sakini kimi biz də ətrafımızda cərəyan edən proseslərə çox həssas yanaşırıq. Referendumla bağlı seçkinin də bizlər və sizlər üçün olduqca vacib olduğunu yaxşı bilirik. Əsas məqsədimiz odur ki, dövlətimiz güclü olsun və ona rəhbərlik edən cənab Prezidentimiz İlham Əliyev vətənimizin adını daha da yüksəklərə qaldırsın. Biz də bir vətəndaş olaraq daima onun ətrafındayıq.
Nizami Əhmədzadə:
- Bir müəllim kimi, onu deyə bilərəm ki, indi ölkəmizdə nə iş görülürsə, hansı addım atılarsa, bu, xalqımızın ümumi rifahı naminə atılır. Bu baxımdan da, mart ayında keçiriləcək seçkinin də əsil mahiyyətinə nəzər saldıqda, burada vətəndaşların hüquq və azadlıqlarının və onların həyat səviyyəsinin daha da yaxşılaşdırılmasının önə çəkildiyini müşahidə etmək olur. Belə olan halda isə, biz sadə vətəndaşlar də nəzərdə tutulmuş bu mütərəqqi addımların dəstəklənməsi üçün öz iradəmizi ortaya qoymağa daima hazırıq.
İbiş İbişov:
- Qarşıdan seçki gəlir və bir vətəndaş olaraq mən də bu seçkidə iştirak edərək, öz borcumu verəcəyəm. Onu da sizə bildirim ki, Azərbaycanda indiyə qədər keçirilmiş seçkilərin hər birinin çox aktiv iştirakçısı olmuşam. Oktyabr ayında keçirilmiş seçkidə də ailəmlə birlikdə iştirak edib, öz səsimizi möhtərəm Prezidentimiz İlham Əliyev cənablarına vermişik. Bu dəfə də seçkiyə gedib, orada nəzərdə tutulmuş yeniliklərə öz münasibətimizi bildirəcəyik.
Dəmir İsgəndərov:
- Mən bir ağsaqqal kimi rayonumuzun bütün tədbirlərində iştirak edirəm. Elə bir məsələ yoxdur ki, orada iştirakım olmadan rayon əhalisi onu yerinə yetirə bilsin. Eyni zamanda, tədbir bir Yeni Azərbaycan Partiyasının üzvü kimi də vətəndaşlarla tez-tez görüşüb, onların problemləri və qayğıları ilə maraqlanıram. Rayonumuzda yaşayan insanlar da mənin məsləhətlərimə həmişə hörmətlə yanaşırlar. Ona görə bu dəfə də mən onlara martın 18-də keçiriləcək seçkidə aktiv olmağı tövsiyə edirəm. Amma hələ də mənə bir məsələni başa salan yoxdur ki, niyə bəzi insanlar Konstitusiyanın maddəsində nəzərdə tutulan ölkə rəhbərinin iki dəfədən artıq seçilməsinə qarşı çıxırlar. Biz ailəlikcə və nəsillikcə ölkə Prezidenti İlham Əliyevin gördüyü işləri bəyənirik. Onun gördüyü işlər xalqımızın rahatlığı və firavanlığı üçündür. Biz vətəndaşlar cənab İlham Əliyevi özümüzə əbədi rəhbər seçmişik və kimsə bizim bu işimizə qarışa bilməz.
Rövşən Əliyarov:
- Seçkidə hər bir vətəndaş kimi mən də iştirak edəcəm. Hamını da bu səsvermədə fəal olmağa səsləyirəm. Çünki bura bizim ölkəmizdir və seçkilər də bizim üçün keçirilir.
Kəmalə Qəmbərova:
- İndiyə qədər ölkəmizdə neçə seçki keçirilibsə, hamısında iştirak etmişik. Bu dəfə də hamı kimi biz də səsvermə məntəqəsinə gedib, öz səsimizi verəcəyik. Konstitusiyada nəzərdə tutulmuş dəyişikliklərlə bağlı çoxlu informasiylar toplamışıq. Çünki bizim üçün də maraqlıdır ki, Konstitusiyamızın hansı qanunları dəyişdiriləcək.
Alza Abdullayeva:
- Səsvermədən heç vaxt kənarda qalmamışam. Ən vacib işim olsa da seçkidə iştirak etməsəm, narahat olaram. Ona görə də həmişə seçkilərdə öz rəfiqələrimlə birlikdə iştirak edirəm. Martın 18-də də keçiriləcək seçkiyə ailəlikcə gedib səsimizi verəcəyik.
Zaur Qəmbərov:
- Bir gənc kimi taleyüklü tədbirlərdə seçkilərdə iştirak etmişəm. Bu seçkilərdə də hamı kimi mən də iştirak edəcəm.
Rəfael Zamanov:
- Martın 18-də keçiriləcək referendumla bağlı çoxlu məlumatım var. Burada bir çox mətləblər çox ürəyimcədir. Düşünürəm ki, mənim mövqeyimdə olanlar da az deyil. Çünki bu seçki birbaşa vətəndaşların arzu və istəyi ilə formalaşan Ali Qanunumuzun maddələrində öz əksini tapır.