Bu gün ölkəmizin dinamik inkişaf yolunda olduğu, iqtisadi artımın sürətinə görə dünya ölkələri arasında liderliyini qoruduğu beynəlxalq maliyyə qurumlarının hesabatlarında da xüsusi qeyd olunur. İqtisadi tərəqqi əhalinin sosial durumunun daha da yaxşılaşması ilə müşayiət edilir. Ölkəmiz hazırda inkişafın elə bir mərhələsindədir ki, onun iqtisadi potensialı və dövlətin siyasi iradəsi indiyə qədər ölkə Konstitusiyasında təsbit olunmuş insan hüquq və azadlıqları ilə yanaşı, hər bir vətəndaşa layiqli həyat səviyyəsini təmin etmək vəzifəsini də irəli sürməyə imkan verir. Konstitusiyaya edilən əlavə və dəyişikliklərlə bağlı gənclərlə aparılan söhbətlərimizdə bildirdilər ki, martın 18-də keçiriləcək referendumda iştirak etməklə ölkəmizin tərəqqisinə və firavanlığımıza səs vermiş olacağıq.
Məmmədova Gülnar, tələbə:
- Bu gün bütün ictimaiyyət, o cümlədən, biz gənclər çox böyük və tarixi bir kampaniya ərəfəsindəyik. 18 mart 2009-cu ildə Azərbaycan Konstitusiyasına dəyişiklik və əlavələrlə bağlı referendum keçiriləcək. Qeyd etmək istərdim ki, hüquqi bazanın cəmiyyətin inkişaf səviyyəsinə uyğun dəyişdirilməsi təbii prosesdir və bariz nümunələri beynəlxalq təcrübələrdə olduğu kimi, müasir Azərbaycan tarixində də mövcuddur. İctimai həyatın bütün sahələrini əhatə edən bu inkişaf, irəliləyiş hüquqi-demokratik dövlət quruculuğunun dönməz prosesə çevrildiyi hazırkı zamanda hüquqi bazanın da yeniləşməsini, iqtisadi-siyasi inkişafın səviyyəsinə uyğun dəyişməsini qaçılmaz etmişdir. Bu nöqteyi-nəzərdən, Azərbaycan Respublikası Konstitusiyasına əlavələr və dəyişikliklər edilməsi zamanın tələbi olduğu kimi, həm də xalqımızın inkişafının, firavanlığının təminatçısıdır. Bütün gənclərimizi bu islahatlara "hə" deməyə çağırıram.
Ruhangiz Ramazanova, tələbə:
- Ölkədə aparılan uğurlu inkişaf biz gənclərdə böyük fərəh doğurur. Xüsusilə, gənc müstəqil Azərbaycanın yaradıcısı olan ümummilli liderimiz Heydər Əliyevin uğurlu davamçısı ölkə Prezidenti İlham Əliyevin rəhbərlik etdiyi ölkənin vətəndaşı olmağımızla qürur duyuruq. Çünki son illər ərzində Prezident İlham Əliyevin hakimiyyətdə olduğu müddətdə Azərbaycanda əsaslı dönüş yarandığının şahidi olan dünya dövlətlərinin rəhbərləri də bizim rəhbərimizə həsəd aparır. Bu gün Prezident İlham Əliyev cənablarını uğurlu siyasəti nəticəsində respublikamız sivil, inkişaf etmiş dövlət sırasındadır. Elə bu inkişafı görən ictimaiyyət, həmçinin, gənclərimiz dövlətimizin inkişafı, tərəqqisi naminə keçiriləcək referendumda yaxından iştirak edəcəyinə ümidvaram.
Dadaşov Həbib, tələbə:
- Konstitusiya dövlətin ali qanunudur. 1995-ci ildə ümumxalq referendumu ilə ilk müstəqil Azərbaycanın Konstitusiyası qəbul olunmuşdur. Bir müddət keçdikdən sonra - 2002-ci ildə ölkəmizin həmin dövrdəki inkişaf səviyyəsinə uyğun olaraq referendum keçirilmiş və bir sıra mühüm məsələlər həllini tapmışdır. Bu gün isə həmin vaxtdan 7 il keçmiş və bu müddət ərzində Azərbaycanda sürətli iqtisadi və siyasi inkişafla müşahidə olunmuş, əsaslı pozitiv dəyişikliklər baş vermişdir. Ölkəmiz siyasi və iqtisadi inkişaf səviyyəsinə görə regionun lider dövlətinə çevrilmişdir. Artıq iqtisadi kapitalın insan kapitalına çevrilməsi, iqtisadi amilin bütövlükdə insan amilinin xidmətinə yönəldilməsi prosesi gedir.
Bütün bu nailiyyətlər respublikada əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş ictimai-siyasi sabitliyin möhtərəm Prezident İlham Əliyevin rəhbərliyi ilə daha da möhkəmləndirilməsi, müasir dövrün və ölkənin tələblərinə cavab verən yeni iqtisadi siyasətin həyata keçirilməsi və tarazlaşdırılmış xarici siyasət kursunun davam etdirilməsi nəticəsində mümkün olmuşdur. Azərbaycanda həyata keçirilən iqtisadi islahatların həm ölkənin iqtisadi potensialının möhkəmlənməsinə, həm də ilk növbədə, insanların rifah halının yaxşılaşmasına yönəldiyini göstərir. Ona görə də, gənclərimizi referendum günü daha fəal olmağa çağırıram.
Tamam Cəfərova, tələbə:
- Gələcəyin bir iqtisadçısı kimi, ölkəmizdə son illər əldə edilən uğurlar barədə fikirimi bildirmək istərdim. Məlum olduğu kimi, iqtisadiyyatın aynası büdcədir. Son beş ildə dövlət büdcəsinin 10 dəfədən artıq artması da deyilənlərə əyani sübutdur. 2008-ci ilin dövlət büdcəsindən əhalinin sosial müdafiəsinə yönəldilmiş xərclərin məbləği 2003-cü illə müqayisədə 5,2 dəfə çox olmuşdur. Ötən dövrdə əhalinin gəlirləri 3,5 dəfə artmışdır. Yoxsulluğun səviyyəsinin 49 faizdən 13,2 faizə enməsi bu istiqamətdə atılan addımların bariz nümunəsidir. Eyni zamanda, işsizlik probleminin həlli daim diqqət mərkəzində olub.
Son illər 700 mindən artıq yeni iş yerinin yaradılması ölkdə qeyri-neft sektorunun inkişafına diqqətin göstəricsidir. ÜDM-də özəl bölmənin payı 84 faizdən artıqdır.
Mən bütün həmyaşıdlarımı martın 18-də məntəqələrə gələrək Azərbaycanımızın, dövlətimizin, xalqımızın və nəhayət, gələcəyimizin tərəqqisinə "hə" deməyə, birlik nümayiş etdirməyə çağırıram.