Ramiz Mehdiyev: “Müasir Azərbaycan cəmiyyəti demokratikləşməni milli inkişafın ən mühüm sosial amili kimi qəbul edir”
"İzvestiya" qəzetinin 19 mart tarixli sayında Azərbaycana həsr edilmiş tematik əlavədə Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin dərc olunmuş müsahibəsi özünün politoloji əhəmiyyəti və ideya-siyasi dolğunluğu baxımından ciddi tədqiqatlar üçün mühüm fundamental baza rolunu oynaya bilər.
Ölkə həyatının bir çox sahələrini əks etdirən müsahibədə, əsasən, qloballaşmanın geniş vüsət aldığı və XXI əsrin daim artan informasiya axını şəraitində liderdən, dövlət başçısından, ilk növbədə, operativ qərarlar qəbul etmək bacarığından, şəraitin çoxvariantlı inkişaf modelinin axtarışı və tapılmasından, böhranlı vəziyyətlərin tənzimlənməsinin kollektiv şəkildə hazırlanmasından, xarici əlaqələrin həyata keçirilməsində çoxpilləli manevrlərdən, informasiya təsirinin daha çox artdığı şəraitdə idarəçilik prosesinin qapalı seqmentlərinin təmin olunmasından, demokratikləşmə prosesi və s. məslələrdən bəhs olunur.
Həm də haqlı olaraq akademik 18 mart 2009-cu ildə Konstitusiyaya əlavə və dəyişikliklərlə bağlı keçirilən referendumla əlaqədar mülahizələrini bölüşərək, bu prosesi Azərbaycan xalqının siyasi iradəsinin ifadəsi kimi qiymətləndirib: "Referendum, ilk növbədə, xalqın öz iradəsini sərbəst ifadə etməsi deməkdir. İqtidar, əks-elita və cəmiyyət bu yolla dövləti inkişaf etdirmək məqsədilə qarşılıqlı fəaliyyət göstərir. Mən bu referendumu ölkənin modernləşdirilməsi, demokratik dəyişikliklərin intensivləşdirilməsi və təbii ki, ölkədə sabitliyin qorunub saxlanması istiqamətində irəliyə doğru bir addım kimi qiymətləndirirəm. Qlobal və lokal transformasiyalar, yeni çağırışlar nəzərə alınmaqla Konstitusiyaya dəyişikliklər edilməsi vətəndaşın hüquq və azadlıqlarının müdafiəsini təkmilləşdirməyə, ən başlıcası isə, Azərbaycan dövlətçiliyinin davamlı və səmərəli inkişafını təmin etməyə imkan verir". Qeyd edək ki, fikirlər ictimai-siyasi dairlər və elmi ictimaiyyət tərəfindən böyük maraqla qarşılanaraq bütün səviyyələrdə geniş müzakirələrə səbəb olmuşdur.
Əslində, bu mülhazilərlə akademik Ramiz Mehdiyev demokratikləşmə prosesinə aydınlıq gətirir və onların dərin elmi izahını verir. Bu baxımdan, haqlı olaraq, mütəxəssislər bu müsahibədə əksini tapan fikirləri qlobal siyasi transformasiyalar, yeni dünya nizamının bərqərar olması, dünyada gedən ictimai-siyasi proseslərin tranzitar cəmiyyətə intensiv təsiri dövründə dövlətin və cəmiyyətin mümkün inkişaf yollarından bəhs edən futuroloji cəhd kimi qiymətləndirirlər.
Akademik Azərbyacanda keçirilmiş 18 mart referendumu kontekstindən qloballaşan dünyada Azərbaycanın ictimai-siyasi və sosial-iqtisadi reallıqlarını nəzərdən keçirir, qərbləşmənin, modernləşmənin və demokratikləşmənin Azərbaycan cəmiyyətinə təsirini hərtərəfli təhlil edir. Eyni zamanda, müsahibədə postsovet məkanında demokratikləşmə prosesinin, Azərbaycanda gedən sosial-iqtisadi, siyasi islahatların və proseslərin ümumi istiqamətini göstərmək üçün Qərb konsepsiyalarından istifadənin yolları və mümkünlüyünün araşdırılmasına geniş yer verilir. Fəlsəfə elmləri doktoru Ramiz Mehdiyevin bu müsahibədə irəli sürdüyü konsepsiyanın ən mühüm müddəalarından biri də budur ki, yalnız xalqın dəstəyinə arxalanan qüvvələr cəmiyyətdə mühüm prioritetlərin müəyyənləşdiyi ümumxalq kampaniyasında uğur əldə edə bilər. Akademik bildirir ki, Azərbaycanda mütləq əksəriyyətin etimadını qazanan, sürətli sosial-iqtisadi inkişafı təmin edən, ictimai-siyasi sabitliyi qoruyub saxlayan, qlobal enerji layihələrinin gerçək təminatçısına çevrilən, ölkənin beynəlxalq arenada nüfuz və mövqelərini möhkəmləndirən güclü hakimiyyətin demokratikləşmə prosesindəki uğurları milli dövlətçiliyin bərqarar olması ilə tamamilə mütənasibdir: "Bu gün bizim qarşımızda milli dövlətçiliyi daha da möhkəmlətmək və inkişaf etdirmək vəzifələri dayanır. Qarşıya konkret məsələlər qoyulmuşdu: iqtisadi güc və siyasi sabitlik yaratmaq, yeni dünya nizamı çərçivəsində regional və qlobal proseslərdə ölkənin fəal iştirakını təmin etmək, xarici siyasətdə müdafiə konsepsiyasından hücum konsepsiyasına keçmək, ölkəmizin bir sıra ümdə problemlərinə beynəlxalq təşkilatların biganə münasibətini aradan qaldırmaq lazım idi. Sosial-iqtisadi istiqamətdə iqtisadiyyatı intensiv modernləşdirmək, 600 min insanı iş yerləri ilə təmin etmək, orta sinfin formalaşmasının təməlini qoymaq, bütün ölkənin dinamik inkişafını təmin etmək, habelə, milli iqtisadiyyatın liberallaşdırılmasına başlamaq və ölkədə yoxsulluğun səviyyəsini minimuma endirmək zəruri idi".
Müasir dünyanın siyasi, iqtisadi, mədəni və geopolitik şərtləri ilə ayaqlaşaraq Qərbə inteqrasiya strategiyasına üstünlük verən və bu istiqamətdə inamla addımlayan ölkəmizdə cənab İlham Əliyevin hakimiyyət dövrünü yeni tarixi mərhələ hesab edən akademik Ramiz Mehdiyev öz mülahizələrində haqlıdır və mövqeyini konkret arqumentlər və elmi-nəzəri dəlillərlə əsaslandırır. Müsahibədə haqlı olaraq vurğulanır ki, Azərbaycan xalqı milli mentalitet baxımından mühafizəkar olsa da, islahatlara son dərəcə həssasdır.
Bütün bu və digər amilləri ümumiləşdirən müəllif bildirir ki, 18 mart referendumu cəmiyyətin sosial sifarişini, ictimai rəyin gözləntilərini ifadə etmiş, təbii ki, milli maraqların təmin olunmasına yönələn, ölkəyə uğurlar gətirən siyasət xalq və cəmiyyət tərəfindən bəyənilmiş və dəstəklənmişdir.
Akademik Ramiz Mehdiyev bildirir ki, müstəqillik dövründə Azərbaycanda iqtisadi islahatların həyata keçirilməsi və iqtisadiyyatın dinamik şəkildə inkişafı öz başlanğıcını 1995-ci ildən götürmüş və bu prosesə təkan verən ümummilli lider Heydər Əliyevin siyasi iradəsi və qətiyyəti olmuşdur. Məhz ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında ölkədə iqtisadi islahatların, aqrar islahatların, özəlləşdirmənin, neft strategiyasının, sahibkarlığın inkişafının, qeyri-neft sektorunun inkişafının təməli qoyulmuş, ölkə iqtisadiyyatın inkişafında sabitlik və artım yaranmış, büdcə-vergi və pul-kredit siyasətində tarazlıq əldə edilmiş, inflyasiyanın səviyyəsi minimuma endirilmişdir.
Fəlsəfə elmləri doktoru Ramiz Mehdiyevin müsahibəsində bir məqam da xüsusi olaraq vurğulanır ki, qloballaşmaqda və bütünləşməkdə olan çağdaş dünyamızın önə çıxardığı yeni şərtlər içərisində, gənc və müstəqil dövlətimizin ardıcıl tərəqqi yoluna qədəm qoyması, inanılmaz uğurlara imza atması müasir dünyada xüsusi marağa səbəb olub və əldə olunan nailiyyətlər həm də ölkəmizin demokratiya sahəsində qazandığı zəngin təcrübə ilə bağlıdır: "Müasir Azərbaycan cəmiyyəti demokratikləşməni milli inkişafın ən mühüm sosial amili kimi qəbul edir. Xüsusi vurğulamaq istəyirəm ki, azərbaycanlılar üçün demokratiya yeni anlayış deyil. 1918-ci ildə biz müsəlman Şərqində ilk demokratik dövlət - Azərbaycan Xalq Cümhuriyyəti qurmuşduq, onun parlamentinə o dövrdə ölkədə mövcud olan siyasi qüvvələrin, demək olar ki, hamısının nümayəndələri daxil idi. Tarixə dərindən nəzər salsaq, deməliyik ki, Azərbaycan mentalitetinin arxitiplərində bərabərlik və azadlıq idealları ta qədim dövrlərdən mövcud olmuşdur. Hamıya məlumdur ki, Azərbaycan türklərinin qəbilə qurumları olan elatlarda demokratik idarəetmə prinsipi qüvvədə olmuşdur".