Paytaxt rayonlarında yarmarkalar davam edir
Şəhər əhalisinin kənd təsərrüfatı məhsullarına tələbatını ödəmək məqsədi ilə Bakı şəhərinin müxtəlif yerlərində keçirilən yarmarkalara, mövsümə uyğun olaraq, satışa meyvə-tərəvəz məhsulları çıxarılıb.
Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyevin verdiyi məlumata görə, "Təzə bazar"ın həyətindəki yarmarkada Sabirabad, Zərdab, Gədəbəy və Hacıqabul rayonlarından 12,66 t məhsul-2,5 t ət, 0,4 t ağartı, 3 t tərəvəz, 4 t kartof, 0,2 t bostan bitkisi, 2,5 t meyvə, 4 min yumurta, 60 kq bal gətirilib. Yarmarkada mal ətinin kq-ı 4 man, qoyun əti 4 man 50 qəp, quş əti 3 man-3 man 30 qəp, kök və çuğundur 50-60, kələm 40-50 qəp-yə təklif olunub.
Metronun "İnşaatçılar" stansiyasının yaxınlığındakı yarmarkada Quba, Qusar, Salyan, Dəvəçi, Astara, İmişli və digər rayonların fermerlərinin gətirdiyi məhsullar çoxluq təşkil edirdi. Fermerlər satışa 79,3 t məhsul çıxarıb. Yarmarkaya gətirilən məhsullar arasında kartof, soğan, yerkökü, kələm, xiyar, balqabaq, ət, süd məhsulları, göyərti, alma, qoz, fındıq, habelə, istixanalarda yetişdirilmiş pomidor və digər məhsullar çoxluq təşkil edirdi. Burada almanın kq-ı 20-50 qəp, qoz ləpəsi 2 man 50 qəp-4 man, şabalıd 1 man 50 qəp-3 man, qoyun əti 5 man-5 man 50 qəp, quzu əti 6 man, mal əti 4 man, quş əti 3 man-3 man 50 qəp satılıb. Yarmarkaya 56 ton 650 kiloqram məhsulun çıxarıldığını bildirən Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi bütün məhsulların keyfiyyətinin ciddi surətdə yoxlanıldığını, xüsusilə, ət məhsullarının baytar müayinəsindən keçirildiyini diqqətə çatdırıb.
Yarmarkadan əlidolu çıxan sakinlər həm qiymətlərin münasibliyindən, həm də məhsulun bolluğundan razılıq ediblər.