Ölkəmizin həyatında baş verən mühüm ictimai-siyasi və sosial proseslərin gedişini, bu istiqamətdə qarşıya çıxan məsələlərin geniş ictimai rəyə təqdim olunmasında "Səs" qəzetinin və "Səs" İnformasiya Agentliyinin davamlı şəkildə keçirdiyi dəyirmi masalar cəmiyyətdə böyük maraqla qarşılanır. Bütün dünya ictimaiyyətinin böyük narahatçılıq və diqqətlə izlədiyi maliyyə böhranı ilə bağlı müxtəlif müzakirələr və təkliflər irəli sürülməkdədir. Azərbaycanın da dünyada baş verən proseslərdən kənarda qalmadığını və hər bir sahədə qarşılıqlı inteqrasiya prosesinin getdiyini nəzərə alaraq, dünyada baş verən maliyyə böhranının nəticələrinin ölkəmizə təsiri və bunun qarşısının alınması istiqamətində atılan addımlar təqdirəlayiqdir.
İqtisadi və Sosial İnkişaf Mərkəzinin irəli sürdüyü, "Səs" İnformasiya Agentliyinin təşkilati dəstək verdiyi "Azərbaycan Respublikasının antiböhran konsepsiyası layihəsi" bu qəbildən növbəti addım kimi dəyərləndirilir. Bu konsepsiyanın geniş ictimaiyyətə təqdim olunması ilə bağlı "Səs" qəzetində dəyirmi masa keçirildi. Dəyirmi masada "Səs" qəzetinin baş redaktoru, "Səs" İnformasiya Agentliyinin direktoru Bəhruz Quliyev, İqtisadi və Sosial İnkişaf Mərkəzinin sədri, iqtisadçı-ekspert Vüqar Bayramov, İqtisadi Tədqiqatlar Mərkəzinin sədr əvəzi Vüsal Qasımlı, Neft Araşdırmalar Mərkəzinin sədri İlham Şaban, Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov, iqtisad elmləri doktoru, prof Əli Əlirzayev, YAP Siyasi Şurasının üzvü, iqtisadçı-ekspert Aydın Hüseynov, Ana Vətən Partiyasının sədri, millət vəkili Fəzail Ağamalı, müstəqil iqtisadçı, ekspert Elşad Mənsimov iştirak edirdi.
Dəyirmi masanı giriş sözü ilə Bəhruz Quliyev açaraq qeyd etdi ki, SİA-nın dəstəyi ilə "Anti-böhran konsepsiyası layihəsi" hazırlanıb. O, ölkəmizdə aparılan balanslı iqtisadyönümlü siyasətin nəticəsində qlobal maliyyə böhranının güclü təsirlərinin Azərbaycanda hiss olunmadığını, bu sahədə dövlət tərəfindən tədbirlər görüldüyünü və anti-böhran Dövlət Proqramının hazırlandığını dəyirmi masa iştirakçılarının diqqətinə çatdırdı. "Səs" İnformasiya Agentliyi, İqtisadi və Sosial İnkişaf Mərkəzi ilə birgə hazırlanan layihənin də, məhz həmin Dövlət Poqramında istifadə olunacağına ümidvar olduğunu söyləyən baş redaktor müzakirə iştirakçılarına dünyada baş verən maliyyə böhranı və onun təzahürləri ilə bağlı fikir mübadiləsi aparılmasını təklif etdi.
(Əvvəli ötən sayımızda)
"QLOBAL MALİYYƏ BÖHRANI BÜTÜN ÖLKƏLƏRDƏ DAHA ÇOX SAHİBKARLARA TƏSİR EDİR"
Vüqar Bayramov:
- Verginin bir il müddətinə azaldılmasını təklif edirik. Bu da birbaşa onunla bağlıdır ki, indiki halda bir çox sahibkar bir araya gəlib iqtisadiyyatın müxtəlif sektorlarına investisiya yönəltsinlər. Bu gün verginin olması bir sıra hallarda vəsaiti olan insanların bir araya gələrək investisiya yönəltmək imkanlarını müəyyən qədər stimullaşdırır. Ona görə də, təklif edirik ki, böhranın olduğunu nəzərə alaraq bir il müddətinə məhz dividendlər üzrə müəyyənləşdirilmiş həmin vergiyə güzəşt tətbiq olunsun. Sahibkarlıq sferası olduqca vacibdir. Çünki qlobal maliyyə böhranı bütün ölkələrdə ən çox sahibkarlara təsir etdi. Qlobal maliyyə böhranı heç bir ölkə tərəfindən proqnozlaşdırılan proses deyil. Bu baxımdan, qlobal maliyyə böhranının sahibkarlara daha çox təsir göstərməsi konsepsiyada təkliflərin hazırlanmasını zəruri edir.
Təklif edirik ki, Sahibakarlığa Kömək Milli Fond tərəfindən 2009-cu ildə ayrılması nəzərdə tutulan güzəştli kreditlərin məbləği 130 mln man-dan, 250 mln man-dək artırılsın. Eyni zamanda, güzəştlərin dərəcələrinə yenidən baxılsın. Çünki Milli Bankın uçot stavkası və faiz dərəcəsi artıq 3 faizdir. Uzun müddət Azərbaycanda sahibkarlığa kömək Milli Fondun təklif etdiyi kreditlərdə Milli Bankın uçot dərəcələri ilə yeniləşdirilir. Qeyd edim ki, hazırda SKMF kreditləri artıq 7 faizdən təklif edir. Yəni, həmin fond banklara vəsaiti 1 faizlə verir. Banklar isə 7 faizlə sahibkarlıq subyektlərinə, kiçik və orta müəssisələrə təklif edir. Bu baxımdan vergi dərəcələrini Milli Bankın uçot stavkasına uyğunlaşdırılmasını təklif edərdik. Digər bir tərəfdən, rəqabət məcəlləsinin qəbul edilməsinin, eyni zamanda, yerli məhsulların ixrac qabiliyyətinin artırılması ilə bağlı fəaliyyətin həyata keçirilməsi daha məqsədə müvafiq olardı.
Azad iqtisadi zonaların yaradılması ilə bağlı hökumətin fəaliyyətinin davam etdirilməsinin də daha mühüm olmasının tərəfdarıyıq. Bir məsələni də qeyd edim ki, qlobal maliyyə böhranı bütün hallarda maliyyə böhranı olduğu üçün daha çox maliyyə sektoruna təsir göstərir. Eyni zamanda, müxtəlif ölkələrdə də o cümlədən, Qazaxıstanda da qlobal maliyyə böhranının təsirlərini azaldılması üçün ilkin olaraq maliyyə sektorunun və ya bank sektorunun sağlamlaşdırılmasından başlanılıbdır ki, bütün hallarda maliyyə sektorunun sağlamlaşdırılması, nəticə etibarilə, digər sektorlarda canlanmanın yaranmasına gətirib çıxarır. Nəzərə alsaq ki, Azərbaycan bankları qlobal maliyyə böhranından əvvəl xaricdən 2,5 mlrd dol həcmində borc cəlb etmişdi və ötən müddətdə həmin borcun 0,3 mlrd dol-ı qaytalırıb. Növbəti aylarda 1,2 mlrd dol borc yerli kommersiya bankları tərəfindən xarici maliyyə qurumlarına qaytarılmalıdır.
Bu baxımdan, bizim bir təklifimiz də ondan ibarətdir ki, ölkə Prezidentinin dövlət rezervlərinin bir qisminin Azərbaycana gətirilməsi və kommersiya banklarına yerləşdirilməsi barədə təklifini dəstəkləyirik. Güman edirik, dövlət rezervlərinin 4 mlrd dol-nın Azərbaycana gətirilməsi və həmin rezervlərin 3 mlrd dol-ını kommersiya bankları ilə real sektora, 1 milyard dol-nın isə kommersiya bankalarına sərbəst şəkildə istifadəyə verilməsinə ehtiyac vardır. həmin vəsaitlər uzunmüddətli və aşağı faizli kreditlər şəklində kommersiya banklarına verilə bilər. Bu təklif, məhz ona görə önəmlidir ki, dövlət rezervlərinin bir qisminin məhz banklar vasitəsilə real sektora yönəldilməsi tikinti və digər sektorlarda canlanmanın yaranmasına, bu sektoranların yenidən inkişafına stimul yaradacaq. Eyni zamanda, kommersiya bankları üçün bu inkişaf konsepsiyası olduqca vacibdir.
Milli Bankın faiz dərəcəsinin 1 faizə endirilməsi ilə bağlı biz təklif irəli sürmüşük. Artıq Avropa Birliyinə və bir sıra ölkələrin milli banklarının və ya mərkəzi banklarının uçot stavkası, faiz dərəcəsi demək olar ki, sıfıra yaxındır. Bu baxımdan, Milli Bankın faiz dərəcələrinin 1 faizə endirilməsi yalnız iqtisadi deyil, eyni zamanda, psixoloji baxımdan olduqca əhəmiyyətlidir. Biz bununla yanaşı Azərbaycanın devolvasiyasının aparılmasının tərəfdarı deyilik. Bu konsepsiyada da məhz manatın dollara nisbətən məzənnəsinin Rusiyada, Qazağıstanda və Ermənistanda devolvasiya edilməsi və aşağı salınmasını təklif etmirik. Amma qlobal maliyyə böhranının təsirlərini yumşaltmaq üçün məzənnə siyasətinə yenidən baxılmalıdır.
Vüsal Qasımlı:
- Azərbaycandan aqrar sektorla bağlı dörd məhsul üzrə həm xarici ticarəti, real mübadilə məzənnəsini təhlil etmişəm. Belə görünür ki, Azərbaycanda məhsulların qiyməti get-gedə bahalaşır. Bu, nəyə gətirib çıxarır? Rusiyaya 130 mln dol həcmində meyvə-tərəvəz, 140-150 mln dol həcmində isə şəkər ixrac edirik. Amma Azərbaycanda bu gün manatın real effektiv məzənnə indeksinin bahalaşması gətirib ona çıxarır ki, həmin ixracdan əldə etdiyimiz gəliri alıcılıq qabiliyyəti azalır. Əksinə, ucuz rus malları, avtomobilləri və digər məişət avadanlıqları Azərbaycan bazarını doldurur. Azərbaycanda hökumətin apardığı sosial-iqtisadi siyasət nəticəsində əhalinin gəlirləri durmadan artır. Amma başqa bir təhlil də var ki, Azərbaycanda əhalinin gəliri hər bir manat artanda Azərbaycanda ərzaq idxalı 0,57 faiz artır. Beləliklə, neftdən, qazdan əldə etdiyimiz gəlirlər, məhz idxalın maliyyələşməsinə yönəlir. Ona görə də, konsepsiyada bu, çox düzgün vurğulanıb ki, biz aqrar sektor üzrə fəaliyyəti gücləndirməliyik.
Əli Əlirzayev:
- Belə bir təklif olunmalıdır ki, neft hasilatını çoxaldırıqsa, gəlin onun emal müəssisələrinin, zavodlarının sayını artıraq. Bu gün söhbət iş yerlərinin itirilməməsindən, yoxsulluqdan gedir. Bu gün Azərbaycan üçün anti-böhran fəaliyyəti hansı istiqamətdə olmalıdır. Sosial siyasət azalmamalıdır. Əməkhaqqı da, pensiya da artmalıdır. Amma gəlin görək bu gün qiymətlərin dəyişməsi prosesi gedirmi? Hamı deyir ki, Azərbaycanda anti-böhran tədbirləri var, lazımdır, hazırlanır və s. Anti-böhran tədbirlərinin hazırlanmasında, birinci növbədə, anti-böhran tədbirlər haqqında məqsədlər müəyyən olunmalıdır. Azərbaycana bunun təsiri yoxdur. Bunun təsirinin olmaması elə-belə proses deyil. Bu, müəyyən mənada, Azərbaycanda iqtisadiyyatın formalaşmış xüsusiyyətləridir. Azərbaycan iqtisadiyyatının modelidir. Niyə maliyyə böhranı başqa ölkələrə çox, Azərbaycana az təsir edib? Çünki ölkə başçısının apardığı düzgün iqtisadi siyasət buna yol vermir.
"BİZ BÜTÜN FƏALİYYƏTİMİZİ, POTENSİALIMIZI ZƏRBAYCANDA İŞSİZLİYİN ARADAN QALDIRILMASINA YÖNƏLTMƏLİYİK"
Fəzail Ağamalı:
- Biz bütün fəaliyyətimizi, potensialımızı Azərbaycanda işsizliyin heç bir halda yol verilməməsinə yönəltməliyik. Bunun üçün, ilk növbədə, bu gün Azərbaycanda iqtisadiyyatın mütləq əksəriyyətinin özündə ifadə edən özəl sektorun, sahibkarlığın inkişafına yönəltməliyik. Xırda və orta sahibkarlıq müdafiə olunmalıdır. Bunun üçün onlara verilən kreditlərin miqdarı artırılmalı və faiz aşağı salınmalıdır. Milli Məclisdə də bu məsələyə toxundum ki, bu proses sona çatınca kreditlər faizsiz verilsin. Dövlətin himayəsində olan müəssisələrin dayanacağına inanmıram.
Bank sektoru qorunmalıdır, saxlanmalıdır. Lakin buna xüsusi bir yanaşmaya ehtiyac duyulur. Dediyiniz 4 mlrd dol-ın bank sektoruna transfer edilməsinin tamamilə əleyhinəyəm. Əksinə, onu yeni iş yerlərinin açılmasına, xırda və orta sahibkarlığın qorunmasına, ippotekanın bərpasına yönəltmək daha əhəmiyyətli olardı. İppotekanın özü bir tərəfdən sosial baxımdan əhəmiyyətlidirsə, digər tərəfdən tikinti sektorunda işləyən insanların iş yerlərini itirməməsi üçün vacibdir.
"AZƏRBAYCANDA İQTİSADİ İSLAHATLAR ÇOX ÜŞÜNÜLMÜŞ, PROQNOZLAŞDIRILMIŞ ŞƏKİLDƏ, METODOLOJİ BAXIMINDAN HƏYATA KEÇİRİLİR"
Aydın Hüseynov:
- Hər hansı bir ictimai qurum, iqtisadçı öz fikrini deyə bilər. Bütün elmlərin laboratiraysı var. Ancaq iqtisadiyyatı, xüsusilə, onun maliyyə və bank sektoru ilə bağlı atılan hər bir addımın laboratoriyası, onun təcrübə meydanı yoxdur. O həyata birbaşa keçirilməlidir. Əgər bu düzgün konsepsiya üzərində qurulursa, düşünülmüş şəkildə qurulubsa öz səmərəsini verir. Yox, əgər başqa bir addım atılırsa, o da öz mənfi təsirini göstərirsə, bu mənfi təsir uzun müddət davam edir.
1995-ci ildən bu tərəfə ölkədə aparılan iqtisadi islahatlar çox düşünülmüş, proqnozlaşdırılmış şəkildə, metodoloji baxımından həyata keçirilir. Ölkə başçısının rəhbərliyi ilə Azərbaycanın iqtisadi konsepsiyası mövcuddur. Bu gün isə bizə təklif olunan konsepsiya iqtisadi böhranla bağlıdır. Bu sahədə atılan hər bir addım qiymətlidir. Lakin burada razılaşmadığım iki məqam var. Birinci məqam neftin qiymətinin aşağı düşməsi ilə əlaqədar olaraq dövlət büdcəsinə yenidən baxılmasının əleyhinəyəm. Ona görə ki, Azərbaycanın dövlət büdcəsi neftdən asılı deyil. Əgər həmin büdcəyə yenidən baxılarsa, təsdiq etmiş olarıq ki, dövlət büdcəsi neftdən asılıdır. İkincisi, tutaq ki, dövlət büdcəsinə yenidən baxılır. Belə olan təqdirdə, bu məsələyə neftin hansı qiyməti ilə baxılacaq? Kim bizə təminat verə bilər ki, neftin qiyməti bir aydan sonra hansı səviyyədə olacaq. Digər tərəfdən artıq dövlət büdcəsinin gəlirlərinin birinci rübü başa çatıb. Dövlət gəlirləri, birinci rübün planları proqnozlaşdırılmış şəkildə həyata keçir. Yəni, konsepsiyada nəzərdə tutulmuş bu məsələ ilə bağlı olan təkliflə razı deyiləm.
Bir məsələni də qeyd edim ki, burada müəyyən fikirlər səsləndi ki, ölkədə kənd təsərrüfatının inkişafına stimul verilsin. Nəzərə almaq lazımdır ki, 1969-cu ilə qədər Azərbaycan aqrar ölkə idi. İndi səslənən fikirlərin isə böyük əksəriyyətində ölkədə aqrar sahənin inkişafı daha çox önə çəkilir. Yəni, kreditlər və əlavə subsidiyalar da ora cəlb edilsin. Bu isə son nəticədə bizim əsas iqtisadi inkişaf xəttindən yayınır. Digər bir tərəfdən isə hamıya bəllidir ki, aqrar sektor həmişə dotasiya ilə işləyib və aqrar sektora qoyulan vəsaitin risqi daha böyükdür. Burada təbii və digər şəraitlər nəzərə alınmalıdır. Eyni zamanda, başqa bir məqam isə konsepsiyada iki məqamın bir-biri ilə qarışdırılmasıdır. Birinci növbədə, ölkənin strateji-iqtisadi konsepsiyası vardır və bu, artıq öz effektini göstərib. İkincisi isə, qlobal maliyyə böhranı ilə bağlı olan konsepsiyadır. Yəni, bu böhran, sözsüz ki, məhdud bir dövr üçündür. Uzun müddət dünyada qlobal böhran davam edə bilməz. Ona görə də, məhdud dövr üçün konsepsiya hazırlanmalıdır. Digər tərəfdən isə böhranla bağlı olan məsələni çox da qabartmaq düzgün deyil. İlk növbədə, biz təhlil edib ortaya qoymalıyıq ki, Azərbaycanda böhran hansı səviyyədədir və hansı sahələrə öz təsirini göstərib. Əgər ən güclü inkişaf etmiş dövlətlərdə böhran mövcudluğunu bildiribsə, biz də onu özümüz üçün problem etməməliyik. Ona görə də birinci növbədə, böhranın səviyyəsi, böhranın təsir etdiyi sahələr müəyyənləşdirilməlidir və onun inkişaf meyilləri konkretləşdirilməlidir ki, hansı şəkildə daha effektiv formada özünü göstərə bilər. Digər bir məsələ isə kreditlərin faiz dərəcələrinin aşağı salınması ilə bağlıdır. Faiz dərəcələrinin aşağı salınması bir o qədər də effektli deyil. Ümumilikdə isə, hazırlanmış konsepsiyanı mahiyyət və keyfiyyət baxımından təqdirəlayiq qiymətləndirmək olar.
Əli Əlirzayev:
- Faiz siyasəti iqtisadiyyatda bütünlükdə panormasını dəyişir. Faiz iqtisadiyyatın anatomiyasıdır. O dəyişəndə iqtisadiyyatda hər şey dəyişir.
İlham Şaban:
- Burada qeyd edildi ki, iki ay müddətinə iki minə yaxın təklif alınıb. Bunun 700-ü fiziki şəxs, 200-ü elmi mərkəz və 500-ə yaxını qeyri-hökumət təşkilatları idi. Ona görə belə bir məsələnin ortaya çıxmasını alqışlamaq lazımdır. Digər bir tərəfdən əgər biz birinci gücə nəzər salsaq, görərik ki, brend tipli neftin bir barrelinin orta qiyməti 45 dol, 67 s-dir. Nəzər alsaq ki, keçən illə müqayisədə bizim xam neftin ixracı 3 faiz aşağı düşüb. Eyni zamanda, dünyada gedən iqtisadi böhranın təsirləri də özünü müxtəlif sahələrdə göstərir. Məsələdə bir qədər fərqli mövqe sərgiləmək lazımdır. Çünki dünyanın ən böyük avtomobil istehsalçısı olan Almaniya da böhran içərisindədir. Amma onlar bu barədə heç bir söz demirlər. Həyata keçirdikləri tədbirlər nəticəsində artıq həmin sahədə dirçəlmə müşahidə olunmaqdadır. Faktiki olaraq əgər keçən illə müqayisədə, yəni, neftin qiyməti birinci rübdə 90 dol ətrafında olduğu müddətdə, indi isə iki dəfə aşağı qiymətlə artım əmələ gəlirsə, demək olar ki, ölkəmizdə böhran mövcud deyil.