Azərbaycanın ÜTT-yə üzv olması reallaşır
Azad iqtisadi zonaların yaradılması ilə iqtisadiyyatımız daha möhtəşəm uğurlara imza atacaq. Ölkə Prezidenti İlham Əliyevin "Azad iqtisadi zonaların yaradılması haqqında" Sərəncamı ilə bu məsələ gündəmdəki aktuallığını artırıb. Çünki azad iqtisadi zonalar üçün ərazilərin seçilməsi məsələsi çox önəmlidir. Doğrudur, bu aktual məsələ ilə bağlı müxtəlif variantlar və layihələr var.
Millət vəkili Ziyad Səmədzadə hesab edir ki, transmilli layihələr kimi azad iqtisadi zonaların yaradılması da, ölkəmizə xarici iş adamlarının marağını, investisiya qoyuluşunu artıracaq. O bildirdi ki, ÜTT-yə qəbul ölkəmiz üçün çox vacib məsələdir: "Azərbaycanın dünya miqyasında tanınmasını və nüfuzlu beynəlxalq təşkilatlarda təmsil olunmasını xarici siyasətimizin əsas prioritetlərindən hesab edən Prezident İlham Əliyev, digər qurumlar kimi ÜTT-yə üzv olmağımızda da maraqlıdır. Bu istiqamətdə görülən tədbirlərə böyük dəstək verir. Təbii ki, bu prosesə tələsik qatıla bilmərik. Hazırda İqtisadi İnkişaf Nazirliyi və digər qurumlarla birlikdə danışıqlar aparılır".
Z.Səmədzadə onu da vurğuladı ki, əsas məsələ hansı mərhələdə, hansı şərtlərlə ÜTT-yə daxil olmaqdır. Çünki Moldovanın, Qırğızıstanın təcrübəsi göstərdi ki, resurs və imkanları ətraflı təhlil etmədən, ekspert araşdırması aparmadan bu təşkilata daxil olmaq xoşagəlməz vəziyyət yaradar, iqtisadi inkişafa ciddi zərbə vura bilər: "Çalışmalıyıq ki, bütün səviyyələrdə rəqabətə davamlılıq məsələsini həll edək, daim diqqətdə saxlayaq. Bu məsələ həllini taparsa, ÜTT-yə daxil olan zaman itkilər gözlənildiyindən də az olar. Çünki Azərbaycan bazarında istehsal olunan, dünya bazarına çıxarılası beynəlxalq standartlara uyğun məhsullarımız hələ istənilən səviyyədə deyil. Bütün mərhələlərdə çalışmaq lazımdır ki, ölkədə istehsal olunan məhsullar rəqabətə davamlı olsun. Bu isə texnologiyaların, əməyin təkmilləşdirilməsini, həm də iş adamlarının məsuliyyətini artırmağı tələb edir. Bir sözlə, tələsik ÜTT-yə qəbul, inkişaf yolu ilə irəliləyən milli iqtisadiyyata böyük zərbə vurmuş olar. İqtisadiyyatın rəqabət davamlılığını artırmaq üçün bütün imkanlardan istifadə etmək lazımdır. Bunun üçün subsidiyalar verilməli, "bir pəncərə" prinsipi təmin olunmalı, güzəştli kreditlər ayrılmalı, sahibkarlıq fondunun istiqamətləri daha da şaxələnməlidir. Azərbaycan bu məsələdə düzgün mövqe tutur".