PDF Oxu

Sosial

  • 7

Azərbaycan tezliklə inkişaf etmiş dövlətə çevriləcək

Azərbaycan tezliklə inkişaf etmiş dövlətə çevriləcək
"Ölkəmizin bütün bölgələrində inkişaf var. Bu, artıq dönməz prosesə çevrilibdir. Biz elə etməliyik ki, bu ilin sonuna qədər proqramda nəzərdə tutulmuş bütün vəzifələr icra edilsin. Bununla da ölkənin qarşısında duran əsas iqtisadi, infrastruktur və sosial məsələlər öz həllini tapmış olar"- Azərbaycan Prezidenti İlham Əliyev hökumətin qarşısına qoyduğu vəzifələri qəti ifadə edib.
Ölkənin gəlirlərinin artması nəticəsində dövlət büdcəsinə əlavə vəsaitlər daxil edilməsi iqtisadi inkişafı və sosial həyatın səviyyəsini yüksəldəcək. 2011-ci ildə investisiya qoyuluşu davam etdiriləcək, sosial infrastrukturun yaradılması prosesi davam etdiriləcək, məktəblər, tibb müəssisələri, olimpiya idman kompleksləri tikiləcək, yol tikintisinə diqqət göstəriləcək.
Son illərdə ölkəmizdə 10 elektrik stansiyası tikilib. Bu gün ölkəmiz nəinki özünü elektrik enerjisi ilə təmin edir, böyük həcmdə ixrac da edir. Azərbaycanda bərpa olunan enerji mənbələrindən istifadə də xüsusi diqqət altındadır və artıq ilkin işlər başlanıb.
Bütün ölkədə qazlaşdırma prosesi gedir. Dövlət başçısı tərəfindən aidiyyatı qurumların qarşısında vəzifə qoyulubdur ki, bu il və gələn ilin sonuna qədər qazlaşdırma ilə bağlı bütün məsələlər öz həllini tapsın və ölkə əhalisinin 90-95 faizi təbii qazla təmin edilsin.
İçməli su və kanalizasiya problemlərinin həlli də hökumətin qarşısında duran məsələlərdən biridir. Hazırda beynəlxalq maliyyə qurumları ilə aparılmış danışıqlar öz nəticələrini verməkdədir. Bəzi bölgələrdə içməli su, kanalizasiya layihələrinin icrası başlanıb, bəzi bölgələrdə isə hazırlıq işləri gedir.
Meliorasiya ilə bağlı məsələlər öz həllini tapır. Son illər ərzində bu sahədə müəyyən işlər görülüb. Hazırda tikilməkdə olan Şəmkirçay su anbarı başa çatandan sonra on minlərlə hektar torpaq sahəsi suvarılacaq və beləliklə, kənd təsərrüfatının inkişafı üçün əlavə imkanlar yaradılacaq.
Dövlət başçısı aidiyyatı qurumlar qarşısında taxılçılıq üzrə böyük fermer təsərrüfatlarının yaradılmasına başlamaq vəzifəsini qoyub. Hazırda müvafiq dövlət qurumları yeni sahələri müəyyən edirlər.
Ərzaq təhlükəsizliyimizin əsas sahəsi olan taxılçılığın inkişafı üçün kompleks tədbirlər görülür. Texnikalar alınır, lizinqə verilir, aqroservislər yaradılır, subsidiyalar verilir, güzəştli şərtlərlə gübrələr, yanacaq verilir.
Azərbaycanda inkişaf etdirilməsi düşünülən sahələrdən biri də üzümçülükdür. Sirr deyil ki, vaxtilə Azərbaycanda Ulu Öndər Heydər Əliyevin səyləri və təşəbbüsü nəticəsində üzümçülük çox sürətlə inkişaf etmişdi. O, 1969-cu ildə Azərbaycana rəhbərliyə gələndə üzüm istehsalı 300 min ton idi. Amma onun dövründə görülmüş işlər nəticəsində bu rəqəm 2 milyon tona qalxmışdı.
Bu, ilk növbədə, insanların rifah halının yaxşılaşdırılmasına çox müsbət təsir göstərmişdi. Kənddə yaşayan insanlar üzümçülüyün inkişafı sayəsində özlərinin həyat səviyyəsini böyük dərəcədə yüksəldə bilmişdilər.
Hazırda Azərbaycanda üzüm istehsalı 120 min ton səviyyəsindədir. 1980-ci illərin sonlarında Sovet İttifaqının rəhbərləri antialkoqol kampaniyasına başlamışdılar və bu kampaniyanın ən böyük ziyanı Azərbaycana dəymişdi. Azərbaycanda böyük səylər nəticəsində, böyük zəhmət hesabına yaradılmış üzümçülük, demək olar ki, tamamilə məhv edildi.
Prezident qeyd edib ki, üzümçülüyün inkişafı üçün xüsusi bir proqram da qəbul edilməsinə ehtiyac var: "Hamı yaxşı bilir ki, üzümçülüyün inkişafı uzun bir prosesdir. Bəzi hallarda bir ilə, iki ilə, hətta 3 ilə verilən kreditlər hesabına üzümçülüyün inkişafını irəliyə apara bilmərik. Yəqin ki, burada uzunmüddətli kreditlər haqqında fikirləşməliyik. Bəlkə əlavə, bir vəsait də ayrılsın, yaxud üzümçülüyün inkişafı üçün xüsusi bir fond da yaradıla bilər ki, orada uzunmüddətli, misal üçün, 10 ilə veriləcək kreditlər təşkil olunsun, sahələr müəyyən edilsin".
Aqrar sahədə əsas məsələlərdən biri də məhsulun saxlanması ilə bağlıdır. Ölkədə sahibkarlığın inkişafı üçün yaradılmış fondun xətti ilə son vaxtlar soyuducu anbarların tikintisinə müəyyən vəsait ayrılıb. Bütün bölgələrdə soyuducu anbarlar tikilib. Yığılan məhsullar orada saxlanılır, xarab olmur. Bundan həm fermerlər bəhrələnirlər, həm də ölkə vətəndaşları. Bu, istehlak qiymətlərinin normal səviyyədə saxlanılmasına imkan yaradır.
Qeyd edək ki, bu il Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə 125 milyon manat vəsait veriləcək. Əlbəttə ki, bu vəsait yeni iş yerlərinin yaradılmasına kömək göstərəcək.
Dövlət başçısı bildirir ki, kənd təsərrüfatına yararlı torpaqlardan təyinatı üzrə istifadə olunmalıdır: "Mərkəzi və yerli icra hakimiyyəti orqanları, bələdiyyələr bu torpaqlardan səmərəli istifadəni təmin etməlidir. Bu sahədə qanun pozuntularına yol verənlər ciddi şəkildə cəzalandırılacaqlar. Kənd təsərrüfatı istehsalını stimullaşdırmaq üçün subsidiyalar verilir və bu prosedur sadələşdirilməlidir.
Buna böyük ehtiyac var. Ərzaq təhlükəsizliyini təmin etməliyik və inhisarçılığa qarşı daha da ciddi mübarizə aparılmalıdır. Hazırda bu mübarizə lazımi səviyyədə deyil. Ərzaq təhlükəsizliyi ilə bağlı biz elə etməliyik ki, hazırda ölkəmizdə lazımi səviyyədə istehsal olunmayan ərzaq məhsullarının inkişafı üçün və yeni müəssisələrin yaradılması üçün əlavə tədbirlər görülsün".
Ölkəmiz hazırda bəzi məhsullarla özünü təmin edir, amma bəzi hallarda daha çox idxaldan asılıyıq. Azərbaycanda 93 faiz ət istehsal olunur, quş əti istehsalı artıb, hazırda özümüzü 80 faiz səviyyəsində təmin edirik. Süd və süd məhsullarının 85 faizi Azərbaycanda istehsal olunur. Şəkərlə özümüzü 150 faiz təmin edirik, ixrac da edirik.
Ölkə Prezidenti vurğulayır ki, ölkəmizdə biznes mühitinin yaxşılaşdırılması üçün əlavə tədbirlər görülməlidir. "Hazırda bütövlükdə vəziyyət müsbətdir. Ancaq çatışmayan cəhətlər var. Azərbaycanda biznes mühiti inkişaf etmiş ölkələrin səviyyəsində olmalıdır. Daha heç nə icad etmək lazım deyil, orada necədirsə, burada da elə olmalıdır.
Biz onların təcrübəsini bilirik və burada da eyni təcrübəni tətbiq etməliyik. Biznes mühitinin yaxşılaşdırılması üçün bütün dövlət qurumları daha da fəal işləməlidir, bütün nöqsanlar aradan qaldırılmalıdır. Bu nöqsanlar və çatışmayan cəhətlər bizə bəllidir. Sadəcə olaraq, bütün bu işlər düzgün qurulmalıdır".
Ümumiyyətlə, Azərbaycanın qlobal böhran şəraitində sürətli inkişafı dünyada təəccüblə qarşılanır. Son 7 ildə iqtisadiyyat 3 dəfə artıb. Yoxsulluğun səviyyəsi 5 dəfə azalıb, 900 min iş yeri açılıb. Hər yerdə quruculuq-abadlıq və tikinti işləri gedir, Azərbaycan vətəndaşları sabitlik, təhlükəsizlik şəraitində yaşayırlar.
Azərbaycanda 500 mindən artıq insana dövlət tərəfindən sosial yardım edilir. 100 mindən artıq ailə hər ay dövlətdən 106 manat pul alır. Pensiyaların 40 faiz artırılması xəbəri isə əhali üçün çox sevindirici oldu.
Ümumiyyətlə, ölkəmizdə iqtisadi inkişaf əhalinin sosial müdafiəsini daha da gücləndirir. Bütün bunlar onu göstərir ki, ölkəmizdə həyata keçirilən iqtisadi siyasət düzgündür və öz müsbət nəticələrini verir.

Digər xəbərlər