Rusiya, Azərbaycan və Ermənistan prezidentlərinin iyunun 25-də Kazan şəhərində keçiriləcək görüşündə Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı müəyyən razılaşmalar əldə etmək mümkün olacaqmı? Bu mövzu ilə bağlı müsahiblərimizə müraciət etdik.
Qabil Hüseynli,
politoloq:
- Belə bir fikir üstünlük təşkil edir ki, doğrudan da, mərhələli həll prinsipinin həyata keçirilməsinə start verilə bilər. Əgər belə olarsa, o zaman əvvəlcə Azərbaycanın Dağlıq Qarabağın və işğal edilmiş 7 rayonun azad olunması prosesinə başlana bilər. Çünki əvvəl gedən danışıqlarda da belə söhbət olmuşdur ki, əvvəlcə Dağlıq Qarabağın ərazilərindən kənardakı rayonlar 5 + 2 prinsipi üzrə işğaldan azad olunur. Yəni, birinci növbədə 5 rayon azad olunur. Dağlıq Qarabağın statusunun müəyyənləşdirilməsi ilə iki rayonun, yəni Laçın və Kəlbəcərin azad olunması isə sonrakı mərhələyə saxlanılır. Düşünürəm ki, mərhələli həll planı ən düzgün və optimal variantdır. Ermənistan hakimiyyəti bu plan ilə razılaşsa, dövlətini və xalqını üzləşdiyi fəlakətdən xilas etmiş olar.
Cümşüd Nuriyev,
politoloq:
- Burada Ermənistan prezidentini qorxuya salan və narahat edən məsələ ondan ibarətdir ki, ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrinin rəhbərlərinin Dovildə Azərbaycan-Ermənistan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı verdiyi bəyanat artıq vaxtın qurtardığını bildirərək gündəmə gətirdi. Yəni burada məsələnin sülh yolu ilə həll olunmasını Azərbaycan uzun müddət gözlədi. Eyni zamanda, dünya ölkələri çox gözəl bilir ki, Azərbaycanın hazırda müharibə şansları 100 faizdir. Hətta xarici mətbuatda öz nəşrlərində yazaraq, qeyd etdilər ki, Azərbaycan dövləti istənilən an öz ərazilərini işğaldan azad edə bilər. Amma ki, Rusiya burada bir maneçilik törətməsə. Düşünürəm ki, Dağlıq Qarabağın ətraf rayonlarının azad olunmasının çərçivə sazişi razılaşdırıla bilər. Ya burada 3 + 2 variantı, yada ki, 5 + 2 variantı hansı biri olsa, yəni ən azı Ermənistan məkrli siyasətindən əl çəkmək üçün bu razılığa gəlməlidir. Azərbaycanın iki yarımçıq işğal olunmuş Ağdam və Füzuli rayonları təcili şəkildə azad olunmalıdır. Kəlbəcəri və Laçını çıxmaq şərti ilə, digər rayonlar da işğaldan təcili azad olunmalıdır. Təbii ki, belə bir şəraitdə Azərbaycan da, ərazi bütövlüyü daxilində lazımi addımlar atmağa hazırdır. Bu, həm Rusiya üçün, həm də Ermənistan üçün də son şansdır. Çünki Rusiya artıq bundan sonra Azərbaycanı hansısa bir masaya oturtmağa cəhd göstərməyəcək. Yəni Rusiyanın buna nə imkanı, nə də şansı yoxdur. Çünki qarşıda onlarda seçkilər mövsümü başlayır. Dmitri Medvedevin yenidən prezident qalması üçün bu, onun son şansıdır. Dmitri Medvedev bu şansdan yararlanmaq istəyir. ATƏT-in Minsk Qrupunun həmsədrlərinin verdiyi bəyanat, Azərbaycan Prezidenti İlham Əliyevin yürütdüyü ağıllı xarici siyasət, Rusiya prezidentinin qarşıdan gələn seçkiləri və bölgədəki vəziyyət bir növ Ermənistanı məcbur edir ki, işğalçı ölkə olan Ermənistan ilkin razılaşmalara getsin. Əks təqdirdə, bu, Ermənistan üçün çox ağır nəticələr ilə qurtaracaq. Burada Ermənistan təkcə hakimiyyətini itirməyəcək, eyni zamanda, Ermənistan, artıq birmənalı şəkildə, dünya dövlətlərinin gözündən düşəcək.