PDF Oxu

Sosial

  • 8

Mehriban Vəzir Pənah Hüseynovu lider saymır

Mehriban Vəzir Pənah Hüseynovu lider saymır

Mehriban Vəzir:

Bizə lider lazım öz tipimizdə,

İtindən pis deyil öz itimiz də,

Elə liderlər var, bil, "İP"-imizdə,

Hər biri tədbirli, həm də qocaman.

Pənah Hüseynov:

Çox yerdə evim var, sarayım yoxdu,

Səsim tutulubdu, harayım yoxdu,

Çox yaxşı liderəm, heç tayım yoxdu,

İsadan, Əlidən xeyli ucaman.

Mehriban Vəzir:

Baş nazirin postunacan çapardın,

Nə görsəydin havadaca qapardın,

Bir vaxt fondun qızılını apardın,

Özün oldun şan-şöhrətə, taca man.

Pənah Hüseynov:

"İP"-də hamı oturubdu həvəssiz,

Mənsə azad bir liderəm qəfəssiz,

Guya İsa, guya Əli əvəzsiz,

Bəlkə elə sənin özün ucasan?

Mehriban Vəzir:

Dözən olmaz yeni günah yaratsan,

Ya lüzumsuz yeni Pənah yaratsan,

Heç kəs gəlməz sən qərargah yaratsan,

Bir qapısız-pəncərəsiz bacasan.

Pənah Hüseynov:

İndi "İP"-də dəyişibdi vəziyyət,

Get İsaya, Əliyə ver əziyyət,

Hey verirsən mənə öyüd-nəsihət,

Elə bil ki, bir ağbirçək qocasan.

Mehriban Vəzir:

Heç sənin də cavan deyildir yaşın,

Az dəyməyib daşdan-daşa boş başın,

"İP"-ə lider olmaq fikrindən daşın,

Qorxuram ki, gəlsən, dönüb qaçasan.

Pənah Hüseynov:

İsadan, Əlidən şükürlüsən sən,

Qəlbin xıltdı, yaman məkrlisən sən,

Çox demə ki, azad fikirlisən sən,

Hamı bilir sən mövqeyi haçasan.

Mehriban Vəzir:

Sənin üçün ələkeçməz yuxuyam,

Əl vurma ki, mən üfunət qoxuyam,

Mən bir uca qarğıdalı şaxıyam,

Sən çox adi kiçicik bir qıçasan.

Pənah Hüseynov:

İsa, Əli lap büzüşüb, deyəsən,

Qərbdə çoxlu qrant bişib, deyəsən,

"İP"-də mator işə düşüb, deyəsən,

Az qalır ki, qol götürüb uçasan.

Mehriban Vəzir:

İnanma ki, səni bosslar soracaq,

Yetkililər tez yanına varacaq,

Öz qurumun bizim "İP"-dən daracaq,

Qanad taxıb AXP-ndə uç, asan!

Pənah Hüseynov:

Yad puluyla bəzənəcək masası,

Xaricdəndi xörək dolu kasası,

İçində də öz Əlisi, İsası,

Qolunu aç, öz "İP"-ini quc, asan!

Mehriban Vəzir:

Nahaq yerə çox güc vermə çənənə,

Çox öyünüb heç də döymə sinənə,

Lider olmaq istəyirsən, mənə nə!

Yığ üzvünü, qurumunu aç, asan!

Pənah Hüseynov:

Heç bu gün də dinc qoymursan dilini,

Puça verdin neçə-neçə dəlini,

Anlamadın İsa ilə Əlini,

Bəlkə "İP"-in məğzini tez açasan.

Mehriban Vəzir:

Nə qədər ki, boğazına çıxıb su,

Özün keçir boğazına trosu,

Gəl aldatma bizim xarici bossu,

Goplama ki, bəzirgansan, xocasan.

Pənah Hüseynov:

Sevilərdin gedib iplik əyirsən,

Meydan dolmaz qışqırsan, ya böyürsən,

Dil dolaşır, Əli-İsa deyirsən,

Qalmaqdasan öz fikrində haça sən.

Mehriban Vəzir:

Biz etmişik neçə-neçə sürfə fəth,

Etməmisən ömründə bir kirvə fəth,

Əli, İsa etdi "İP"-də zirvə fəth,

Yazıq Pənah verdin ömrü puça sən.

Pənah Hüseynov:

Pullar "İP"-də ən gen cibə yığışıb,

Qrantverən bosslar cipə yığışıb,

Bütpərəstlər cümlə "İP"-ə yığışıb,

Çox söyürsən sevmədiyin xaça sən.

Mehriban Vəzir:

Deyirdin ki, guya yanar çıraqdın,

Əslində, bir cümlələrsiz varaqdın,

O qədər boş ideyalar buraxdın,

Yeyən olmaz fətir yaysan saca sən.

Pənah Hüseynov:

Başımızın üstə təmiz lövhəmiz,

Kütlələrə çox olubdu töhfəmiz,

Bizim geniş AXP-miz, Cəbhəmiz,

"İP"-dən başqa görməmisən baca sən.

Mehriban Vəzir:

"İP"-çilərdi oturanlar taxtında,

Lider olmaq olmayıbmış baxtında,

Vəzifədə nazir olan vaxtında,

Verməmisən çörək bircə aca sən.

Pənah Hüseynov:

Liderindən tez bosslara bir baş vur,

Get özünə "İP"-dən yeni saray qur,

Düzdü, yoxdu sifətində, əsla, nur,

İstərdim ki, parlaq işıq saçasan.

Mirzə QƏRƏNFİL

Digər xəbərlər