Dövlət Sərhəd Xidməti mətbuat mərkəzinin "Səs" qəzetinə verdiyi məlumata görə, hər ay olduğu kimi, may ayında da məqsədyönlü tədbirlər həyata keçirilib, qaçaqmalçılığa, qeyri-leqal miqrasiyaya, narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə uğurla davam etdirilibdir.
Belə ki, cari ilin may ayı ərzində Dövlət Sərhəd Xidməti tərəfindən dövlət sərhədini pozduğuna və ya pozmağa cəhd göstərdiyinə görə 40 halda 75 nəfər saxlanılıbdır. Onların 57 nəfəri Azərbaycan Respublikası, 4 nəfəri İran İslam Respublikası, 4 nəfəri Pakistan, 3 nəfəri Macarıstan, 3 nəfəri Banqladeş, 2 nəfəri Özbəkistan, 1 nəfəri Moldova, 1 nəfəri Nigeriya vətəndaşıdır. Sərhəd nəzarət-buraxılış məntəqələrində 28 halda 54 nəfər saxta sənədlə, 2 halda 2 nəfər özgəsinə məxsus sənədlə, 1 halda 1 nəfər gizli şəkildə dövlət sərhədindən keçməyə cəhd edərkən saxlanılıbdır. Sərhəd rejim qaydalarını yaşıl sərhədə pozarkən 10 halda 31 nəfer saxlanılaraq barələrndə müvafiq tədbirlər görülübdür.
Həmçinin, cinayətkarlığa qarşı mübarizə tədbirləri nəticəsində Azərbaycan Respublikası hüquq-mühafizə orqanları tərəfindən axtarışda olan 112 nəfər aşkarlanaraq aidiyyəti orqanlara təhvil verilibdir. Narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə tədbirləri nəticəsində 6 halda 720 qram narkotik maddənin, o cümlədən, 555 qram heroinin, 3 qram tiryəkin, 162 qram müxtəlif narkotik həbin dövlət sərhədindən keçirilməsinin qarşısı alınıbdır. May ayının 20-də Astara sərhəd-nəzarət məntəqəsində İrandan Azərbaycana qayıdarkən Lənkəran rayon sakinləri - 1979-cu il təvəllüdlü Tağıyeva Vüsalə Vaqif qızının bədənində 24 qram heroin, 1984-cü il təvəllüdlü Adıgözəlov Səbuhi Vaqif oğlunun bədənində 82 qram heroin aşkarlanmışdır. Analoji hal Astara sərhəd-nəzarət məntəqəsində may ayının 23-də də baş vermişdir. İrandan Azərbaycana qayıdarkən Bakı şəhər sakinləri 1959-cu il təvəllüdlü Məmmədova Səyyarə Məcid qızının bədənində 125 qram heroin, 1982-ci il təvəllüdlü İsayeva Xanım Əflətun qızının bədənində 100 qram heroin aşkarlanaraq götürülübdür. Qaçaqmalçılıq fəaliyyətinə qarşı mübarizə çərçivəsində həyata keçirilən tədbirlər nəticəsində 74 halda ümumi dəyəri təqribən 71,4 min manat olan qaçaqmal, o cümlədən, 1 ədəd rezin qayıq, 257 ədəd mobil telefon, 1061 ədəd mobil telefon aksesuarları, 883 ədəd araq, 82 ədəd çaxır, 614 qutu siqaret, 13100 ədəd DVD diski, 11 ədəd dini kitab, müxtəlif ərzaq, sənaye və kənd təsərrüfatı malları saxlanılıbdır.
Respublikamızın dəniz sərhədləri istiqamətində dövlət sərhədinin mühafizəsi və sərhəd rejim qaydalarının qorunması istiqamətində keçirilən tədbirlər nəticəsində 13 halda 23 nəfər sərhəd rejim pozucusu saxlanılıb, dənizdən 45800 metr tor və 46300 ədəd qarmaq aşkar olunaraq götürülübdür.
AYTƏN SƏMƏDOVA