PDF Oxu

Sosial

  • 8

Nəzərlər Kazana yönəlib

Nəzərlər Kazana yönəlib

İyunun 25-də yenidən Rusiyanın Kazan şəhərində Rusiya, Ermənistan və Azərbaycan prezidentləri bir araya gələcəklər. Üçtərəfli görüşdə Azərbaycanın ümummilli problemi olan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə tənzimlənmə məsələsi müzakirə mövzusu olacaq. Qeyd edək ki, dəfələrlə təşəbbüskarlığı öz öhdəsinə götürən rəsmi Moskva bu dəfə də münaqişənin həllində maraqlı olduğunu nümayiş etdirməyə çalışır.

Amma fakt ondan ibarətdir ki, istər ATƏT-in Minsk Qrupu, istərsə də Rusiya və digər dövlətlərin vasitəçiliyi ilə keçirilən bütün görüşlər Ermənistanın qeyri-adekvat oyunları ucbatından münaqişənin həllinə qətiyyən yardımçı olmayıb. Siyasi analitik və şərhçilər belə bir fikir bildirirlər ki, əgər Kazan görüşündə Rusiya Ermənistana yetərli qədər ciddi təsir rıçaqlarını işə salsa, o zaman vəziyyət tamam başqa istiqamətə yönələr. Yəni Kazan görüşü proqnozlarımızı doğrultmuş olar. Siyasi analitik, millət vəkili Sahib Alıyev də bizimlə söhbətində rəsmi Moskvanın artıq neçə ildir ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ istiqamətində aparılan danışıqlarda təşəbbüskarlığı, haradasa moderatorluğu öz üzərinə götürdüyünü vurğuladı: "Əgər həqiqətən də, Rusiya dövləti öz missiyasına hörmət edirsə, postsovet məkanında stabilləşdirici güc, qüvvə olduğunu bildirmək istəyirsə, o zaman münaqişənin tam da olmasa müəyyən dərəcədə həllinə çalışmalıdır. Ümid edək ki, rəsmi Moskva gec-tez məhz bu siyasətin onlara daha çox əl verdiyi düşüncəsinə gələcəkdir".

Millət vəkili S.Alıyev Dağlıq Qarabağ probleminin tənzimlənməsi istiqamətində yaradılan ATƏT-in Minsk Qrupunun fəaliyyətinin o qədər də qənaətbəxş olmadığını bildirdi. Əlavə etdi ki, Rusiya dövlətinin və yaxud da ATƏT-in Minsk Qrupunun digər iki həmsədr dövlətinin vasitəçiliyi ilə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tam həllinə o qədər də güman etmirəm: "Amma Dağlıq Qarabağ münaqişəsinin mərhələli şəkildə həlli variantına haradasa ümid edirəm. Ən azı, əgər Rusiya dövləti eləcə də, ATƏT-in Minsk Qrupunun digər iki həmsədr dövlətləri qəti prinsipiallıq göstərsələr, mənfur düşmən işğal altında olan torpaqlarımızdan tamamilə qeyd-şərtsiz geri çəkilər".

Savaşı tamamilə qəbulolunmaz hal hesab edən millət vəkili söylədi ki, istənilən halda müharibə itki, acı deməkdir. Məhz elə buna görə də, Azərbaycan tərəfi hər zaman dözümlülük, prinsipiallıq nümayiş etdirir. Beynəlxalq konnektura və Azərbaycan maraqları onu tələb edir ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi sülh yolu ilə tənzimlənsin.

S.Alıyev təcavüzkar Ermənistanın hər zaman qeyri-konstruktiv addım atdığını vurğuladı: "Ermənistan tərəfi hər dəfə qeyri-real mövqe sərgiləyir, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllini uzadır və yaxud vasitəçilərin iştirakı ilə keçirilən hər görüşdən dərhal sonra cəbhə xəttində təxribat yaradacaq hərəkətlərə yol verir. Mənfur ermənilər problemin həllinin çözülməməsinə, zamanın uzanmasına cəhdlər göstərirlər. Ümumiyyətlə, həm BMT, həm AŞPA, həm də ATƏT-in Minsk Qrupunun həmsədrləri səviyyəsində Azərbaycanın ərazi bütövlüyü tanınıb. Məsələnin həm siyasi, həm güc və hətta psixoloji tərəfini götürsək, bütün üstünlüyün Azərbaycan dövlətinin tərəfində olduğunu birmənalı şəkildə görərik. Əgər zamanında işğalçı dövlət Ermənistan Azərbaycanı savaşla, müharibə ilə hədələyirdisə, artıq indi özləri tamamən böyük bir təşviş və qorxu içindədirlər".

S.Alıyev mənfur ermənilərin hətta uzun ilər boyu informasiya savaşında da uduzduğunu və məğlub olduğunu vurğuladı. İstər Rusiya, istərsə də digər ölkələrin siyasi təhlilçiləri Dağlıq Qarabağın həllinə yanaşmada öz birmənalı mövqelərini ortaya qoyurlar. Mövqe də ondan ibarətdir ki, Ermənistan rəhbərliyi Azərbaycan torpaqlarının bütövlüyü çərçivəsində münaqişənin həllində dinc yoldan başqa digər həlli variantının qalmadığını anladıqlarını göstərirlər. Yəni bütün bu faktlar onu təsdiq edir ki, ötən illər ərzində Azərbaycan tərəfinin apardığı danışıqlar hədər getmir.

Millət vəkili onu da qeyd etdi ki, Azərbaycan dövləti işğalçı Ermənistanın bütün qeyri-adekvat oyunlarına, qeyri-konstruktiv mövqeyinə baxmayaraq, öz işğal altında olan torpaqlarını düşməndən çox qısa zaman kəsiyində xilas edəcək. Amma yenə də ümid edək ki, Kazanda keçirilməsi nəzərdə tutulan görüşdə Ermənistan prezidenti Serj Sarkisyan danışıqlardan yayınmayacaq, qeyri-konstruktiv mövqe sərgiləməyəcək və qarşılıqlı anlaşma çərçivəsində razılaşma əldə olunacaq.


AYLANA RZAYEVA

Digər xəbərlər