“Kitabi - Dədə Qorqud” Almaniyada
Xəbər verildiyi kimi, bu günlərdə Azərbaycanın elmi və mədəni həyatında əlamətdar hadisələrdən biri baş verməkdədir. Belə ki, Almaniyanın Mayns şəhərində Bakı Slavyan Universiteti Almaniyanın nüfuzlu elm mərkəzi olan Mayns Universitetinin Şərqşünaslıq İnstitutu və germanistika bölümü, həmçinin, Volkenştayn Cəmiyyəti ilə birgə "Kitabi-Dədə Qorqud" və "Nibelunqlar haqqında nəğmə" - Ortaçağ qəhrəmanlıq dastanlarında "Şərq və Qərb" adlı layihəsinin növbəti ikinci simpoziumunu həyata keçirir.
Bu böyük layihə Bakı Slavyan Universitetinin xarici ölkə universitetləri və mədəniyyət mərkəzləri ilə çoxşaxəli əməkdaşlığına yeni səhifə açır. Layihə BSU-nun rektoru, AMEA-nın müxbir üzvü, professor Kamal Abdullayevin təşəbbüsü ilə BSU və Almaniyanın Mayns Universiteti arasında bağlanmış müqaviləyə əsasən, 2007-ci ildə təsis edilmişdir.
Layihənin on il müddətinə həyata keçirilməsi və bu məqsədlə iki ildə bir dəfə Azərbaycan və Almaniyada eposların ən müxtəlif aspektlərini əhatə edən beş simpoziumun təşkili nəzərdə tutulmuşdur. Bu simpoziumlar sözügedən dastanların ədəbi xüsusiyyətləri, üslubiyyatı, nəşri və tərcüməsi kulturoloji aspektləri, eləcə də, onların dərki və xalqlarımızın dünyagörüşü və həyatında oynadıqları rolla bağlı müxtəlif məsələləri əhatə edir. Artıq layihə çərçivəsində 2009-cu il, 30 sentyabr - 4 oktyabr tarixlərində Bakı Slavyan Universitetində "Kitabi-Dədə Qorqud" və "Nibelunqlar haqqında nəğmə" eposlorının linqvistik təhlili" adlı ilk simpozium keçirilmişdir. Bu simpoziumun işində Almaniyadan 30-a yaxın nüfuzlu elm xadimi və alim-filoloq iştirak etmişdir. Qeyd edək ki, il boyu BSU və Mayns Universitetində bu simpoziumlara hazırlıq tədbirləri keçirilir, müxtəlif disputlar, debatlar, tələbə-şagird konfransları, müsabiqələr təşkil olunur va müvafiq tarixdə yekun iclası baş tutur.
Hazırda həyata keçirilən "Kitabi - Dədə Qorqud və Nibelunqlar nəğməsi: Orta əsr qəhrəmanlıq dastanında universalıyalar və spesifik özünəməxsusluq" adlı ikinci simpozium hər iki möhtəşəm eposun ədəbiyyatşünaslıq aspektlərinin öyrənilməsi üçün atılmış mühüm bir addımdır.
BSU-nun mətbuat xidmətindən aldığımız məlumata görə, simpozium 2011-ci il 8 iyun tarixində Almaniyanın Mayns şəhərində öz işinə başlamışdır və onun iyun ayının 13-ə qədər keçirilməsi nəzərdə tutulub. BSU-nun rektoru, professor Kamal Abdullayevin rəhbərliyi ilə Azərbaycan alimlərinin böyük bir qrupu mayın 8-də Almaniyanın Mayns şəhərində keçirilən simpoziuma qatılmışdır. Azərbaycandan olan nümayəndə heyətinin tərkibinə Bakı Slavyan Universiteti, Bakı Dövlət Universiteti, Azərbaycan Dillər Universiteti, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tanınmış alim və professorları da daxildir. Simpoziumun işində Almaniyanın Bonn, Saarbrüken, Bremen, Berlin, Zalçburq şəhərlərinin elm və təhsil ocaqlarından bir çox nüfuzlu alim-filoloqlar iştirak edib. Azərbaycanın mədəni irsinin Avropada təbliği və Azərbaycan elminin dünya elminə inteqrasiyası, eləcə də, Almaniya mədəniyyətinin ölkəmizdə daha yaxından öyrənilməsi baxımından simpoziumun əhəmiyyətli bir tədbir olacağı gözlənilir. Bu simpoziumun digər önəmli bir xüsusiyyəti də ondan ibarətdir ki, alman elmi "Kitabi-Dədə Qorqud" eposuna, Azərbaycan elmi isə "Nibelunqlar nəğməsi"nə bir addım da yaxınlaşmış olur. Ümumilikdə, "Kitabi-Dadə Qorqud" və "Nibelunqlar haqqında nəğmə: Ortaçağ qəhrəmanlıq dastanlarında Şərq və Qərb" layihəsi son dövrlərdə xüsusi aktuallıq kəsb edən Şərq-Qərb sivilizasiyalararası dialoq üçün yeni zəmin yaradılması yolunda olduqca mühüm addımlardan biri sayıla bilər. Bu cür simpoziumların təşkili və keçirilməsi Azərbaycan elminin inkişafı istiqamətində atılmış vacib addım olmaqla yanaşı, respublika Prezidenti cənab İlham Əliyevin ölkəmizin dünyada tanıdılması məqsədilə apardığı uğurlu dövlət siyasətinə önəmli bir töhfədir.
Qeyd edilməlidir ki, Bakı Slavyan Universiteti gələcəkdə "Kitabi-Dədə Qorqud" dastanının dünya xalqlarının digər məşhur eposları ilə müqayisəli tədqiqi istiqamətində də müvafiq addımlar ataraq Rusiya va Fransanın əlaqədar universitetləri ilə birgə layihələr həyata keçirmək niyyətindədir. Simpozium keçirildiyi müddətdə bir sıra mədəni tədbirlərin təşkili də nəzərdə tutulmuşdur. Bunların sırasında Nibelunqlar muzeyinə və Nibelunqların vətəni sayılan Vorms şəhərinə ekskursiya, Reyn çayı ilə tarixi-mədəni yerlərə səyahət də keçiriləcəkdir.