Müxalifət düşərgəsində təmsil olunan partiya sədrlərarası ziddiyyətlər yeni müstəviyə qədəm qoyub. Belə ki, özlərini aparıcı müxalifət partiyaları hesab edən Müsavat, AXCP (i) kimi siyasi təşkilat rəhbərlərinə qarşı kiçik partiyaların sədrləri hücuma keçiblər. Onların əsas məqsədi "cırtdan" partiya adlandırılan təşkilatlarının müxalifət düşərgəsində yetərli funksiya göstərməməsi istiqamətində yuxarıda adları çəkilənlər tərəfindən yaradılan süni əngəllərlə bağlıdır. Belə ki, bu metoda ilk imza atan "Azadlıq" partiyasının sədri, Əhməd Orucovdur. O, iddia edir ki, müxtəlif zamanlarda onun təşkilatı hər hansı siyasi gediş etməyi planlaşdırdığı zaman, Müsavat başqanı İsa Qəmbərov onun fəaliyyətinə ciddi maneələr yaratmışdır.
Ə.Orucov hədələyici bəyanatla çıxış edərək bildirib ki, hazırda rəhbərlik etdiyi "DUİ"-də cəmləşən siyasi təşkilatlar vasitəsilə sübut edəcək ki, nə Müsavat partiyası, nə də ki, digər "irihəcmli" müxalifət partiyaları onun məqsədinə nail olması üçün əngəl yarada bilməyəcəklər. Görünür, "Azadlıq" sədri "KXCP"-nin və sədr Mirmahmud Fəttayevin onun əlindən necə çıxdığını nəzərə çatdırmağa çalışır. Yəni ikincinin "DUİ"-dən çıxaraq, "İctimai Palata"ya üz tutması məsələsi də Müsavat başqanı İ.Qəmbərovun adına yazılıb. Ə.Orucov onu da nəzərində tutub ki, aşkar şəkildə "İctimai Palata"da cəmləşən siyasiləşmiş QHT-ləri və partiyaları istənilən halda öz tərəfinə çəkməyə nail olacaq və İ.Qəmbərova sübut edəcək ki, "Azadlıq" partiyası heç də "cırtdan" təşkilat deyil. Bütün bunlar üçün hətta məhkəmə instansiyalarına da üz tutacağını deyən Ə.Orucov hesab edir ki, o, Müsavat partiyasının qurultayınadək şok məlumatlar açıqlayacaq, eləcə də, İ.Qəmbərovun ifşa olunması üçün lazımi tədbirləri reallaşdıracaq.
Maraqlısı isə odur ki, "Azadlıq" sədrinin bu cür açıqlamalarından sonra, Müsavat başqanı, hələ ki, münasibətini bildirməyib. Çox yəqin ki, o, növbəti siyasi bicliyini işlədərək, "lazımi anda lazımi zərbəsini vurmaq" məqsədini planlaşdırır və bunun üçün müvafiq zamanı gözləyir.
RÖVŞƏN