Koreya Respublikasının Boryeong şəhərində yerləşən Geahva Sənət Parkında 8-ci Beynəlxalq Heykəltəraşlıq Sərgisi açılıb. Sərgidə dünyanın 11 ölkəsindən - Azərbaycan, İsrail, Argentina, Rusiya, Özbəkistan, Seneqal, Pakistan, İraq, Myanma, Çili və Paraqvaydan gəlmiş heykəltəraşların sənət əsərləri nümayiş etdirilib.
Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyinin, SEBA Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyası İctimai Birliyinin və ölkəmizin Koreyadakı səfirliyinin dəstəyi ilə xalq rəssamı, akademik Ömər Eldarovun Geahva Sənət Parkında ucaldılmış "Bölünmüş millət" adlı heykəltəraşlıq əsəri beynəlxalq sərgiyə gələn yüzlərlə tamaşaçının böyük marağına səbəb olub.
Koreya Mosan İncəsənət Muzeyinin, "Koreya post" jurnalının, Boryeong Şəhər Meriyasının maliyyə dəstəyi ilə həyata keçirilmiş beynəlxalq sərginin açılış mərasimində Cunqçonnamdo əyalətinin qubernatoru, Boryeong şəhərinin meri, yerli idarəetmə orqanlarının başçıları, bu ölkənin tanınmış sənət adamları, Seulda yerləşən diplomatik nümayəndəliklərin başçıları, diplomatlar və aparıcı media nümayəndələri və yerli sakinlər iştirak ediblər.
Qeyd etmək yerinə düşər ki, 2004-cü ildə yaradılmış Geahva Sənət Parkında indiyədək dünyanın 50 ölkəsindən tanınmış heykəltəraşların 78 sənət əsəri ucaldılıb.