PDF Oxu

Sosial

  • 10

“Fortune Oil” Ermənistanla korrupsioner işbirliyi qurduğu üçün diqqəti cəlb edib

“Fortune Oil” Ermənistanla korrupsioner işbirliyi qurduğu üçün diqqəti cəlb edib

Ermənistanda hökm sürən xaos və anarxiya ictimai-siyasi sabitliyin tamamilə pozulmasına gətirib çıxarıb. Bu halda isə ən çox ziyanı və zərbəni, təbii ki, Ermənistan ictimaiyyəti çəkir. İqtisadi tənəzzül əhalinin yaşayış durumuna da ciddi problemlər yaradır. Korrupsiyanın tüğyan etməsi, sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyənlərə süni maneələrin yaradılması Ermənistanın idarəolunmaz bir vəziyyətə düçar olmasını deməyə əsas verir. Məhz bu və digər amillərə görə də, təsadüf nəticəsində, Ermənistanda pul qazanmaq arzusunda olan xarici şirkətlər "ziyanın yarısından qayıtmaq da xeyirdir" deyərək, kütləvi şəkildə ölkəni tərk edirlər.

Bəzən beynəlxalq aləmdə ciddi reputasiyaya malik xarici şirkətlər erməni korrupsionerlərinin toruna düşərək, qazandıqları imici ləkələmiş də olurlar. Elə Çin Xalq Respublikasının "Fortune Oil" şirkəti də erməni korrupsionerlərinin toruna düşüb, ciddi zərər çəkən şirkətlərdəndir. Bu barədə "1news.az" saytında Çinin "Fortune Oil" şirkətinin Ermənistan korrupsionerlərinin toruna düşməsindən bəhs edən geniş məqalə yerləşdirilib. Məqalədə açıq-aşkar hiss olunur ki, xarici şirkətlərin ölkədə normal fəaliyyət göstərməsinə hakim rejim tərəfindən ciddi maneələr yaradılır.

Məqalənin tərcüməsini oxucuların diqqətinə çatdırırıq: 2010-cu ilin noyabr ayında Honkonq şirkəti 25 milyon dollar müqabilində Ermənistanın "Bounty Resources Armenia Limited" şirkətinin səhmlərinin 35 faizini almaq üçün müqavilə imzalayıb. Çinlilər əlavə 16 milyon dollar ödəməklə Ermənistan şirkətindəki paylarını 50 faizə yüksəltmək niyyətində olublar. Bununla belə, Ermənistan şirkətinə bu qədər kapital qoyan çinlilər həmin şirkətə məxsus Razdan, Abovyan və Svaranç şəhərləri yaxınlığındakı 3 filiz yatağında da əməliyyatlar aparmaq istəyirdilər. Amma çinlilər buna sadəlövhcəsinə inanıblar...

Qeyd edək ki, Çinin sözügedən şirkəti ölkədə ciddi reputasiyaya malikdir. Şirkətin Böyük Britaniyada qeydiyyatının olması isə onun beynəlxalq imicindən xəbər verir. Bununla yanaşı, bu şirkət Çin bazarında aktiv rola malikdir. Sözügedən şirkət Çində bir sıra neft-qaz və infrastruktur layihələrinin investoru qismində də çıxış edir. "Fortune Oil" şirkətinin səhmdarları qismində isə Çinin dövlət müəssisələri, həmçinin, "Wilmar İnternational Limited", "Vitol", "Kerry Holdings Limited", "First Level İnternational Limited" kimi özəl şirkətlər çıxış edirlər.

Əgər şirkətin rəhbəri Qian Benyuan (o, Çinin elektronikanın idxalı və ixracı üzrə milli korporasiyasının keçmiş prezidenti olub) əvvəlcədən bilsəydi ki, kimlərlə iş görür, onda o, məcbur olub dünyanın başqa yerində Çin üçün filiz axtarışına çıxardı. Ola bilsin, şirkətin rəhbəri təsəvvürünə belə gətirməyib ki, Ermənistanın mötəbər şəxsləri, parlamentin üzvləri qatı korrupsionerlərdirlər və onlar çirkli pulların yuyulması üçün hər cür mexanizmin yaradıcılarıdırlar.

Çinlilər ümid ediblər ki, müqavilələr Ermənistan dövlətinin zəmanəti altında imzalanıb. "Bounty Resources Armenia Limited" özünü həcmi 1,8 milyard ton olan Razdan, Abovyan və Svarançdakı filiz yataqlarına lisenziyası olan şirkət kimi qələmə verib. 15 illik müqaviləyə əsasən çinlilər Razdandakı yataqlarda işə başlamalı idilər.

Lakin bir müddət ötəndən sonra çinlilər üçün yaxşı olmayan hal baş verdi. Belə ki, yataqların işlənilməsi üçün lisenziyanın sahibi "Nagin" şirkətinin olduğu üzə çıxıb. Eyni zamanda, bəlli olub ki, bu şirkətin 72 faiz səhmləri Virgin adalarında (Böyük Britaniya) qeydiyyatda olan "Caspian Bounty Steel Limited" törəmə şirkətinə məxsusdur. Bununla yanaşı, sonuncu şirkətin 83,3 faiz səhmləri digər erməni şirkəti "BRAL"a məxsusdur.

Nəticədə, müqavilədə göstərilib ki, Çin şirkəti "BRAL" şirkətinin səhmlərinin 50 faizinə, "Caspian Bounty Steel Limited" törəmə şirkətinin isə 16,7 faizinə və yuxarıda göstərilən yataqların işlənilməsi hüquqlarına sahibdir.

Amma sonradan "Netq" jurnalist-araşdırmaçılar assosiasiyasının üzvləri aşkarlayıblar ki, əslində, "Nagin" şirkəti yalnız Razdan yaxınlığındakı yatağın işlənilməsi üzrə lisenziyaya malikdir. Digər iki yatağın (Abovyan və Svaranç yaxınlığındakı) işlənilməsi üçün lisenziyaya sahibliyi "Spice Steel Armenia Ltd." şirkəti edir. Amma bu şirkətin adı çinlilərlə imzalanmış müqavilədə əks olunmayıb.

Bununla yanaşı, aydın olub ki, "BRAL", "Nagin", "Spice Steel Armenia Ltd" və "Caspian Bounty Steel Limited" şirkətləri parlamentin iqtisadi məsələlər üzrə komissiyasının rəhbəri Vardan Ayvazyana, onun oğlu Suren Ayvazyana və ailəsinin digər üzvlərinə məxsusdur.

Erməni jurnalistlərin qənaətincə, törəmə şirkətdə, eyni zamanda, Ermənistan isteblişmentinin yüksək çinli nümayəndələrinin də payı var. Sahib qismində, həmçinin, deputat Tiqran Arzakançyanın da adı çəkilir. Ayvazyanın kim olduğuna aydınlıq gətirmək üçün isə təkcə qalmaqallı tarixə malik, qızıl hasilatı ilə məşğul olan "Global Gold Corporation" (GGC) ABŞ şirkətini xatırlamaq kifayətdir.

Məlumat üçün bildirək ki, Ayvazyan 2001-2007-ci illərdə ətraf mühitin mühafizəsi naziri işləyib. 2006-cı ildə isə GGC-nin nümayəndələri Ayvazyanın təzyiqlərindən təngə gələrək, rəsmi açıqlama ilə çıxış ediblər. Həmçinin, açıqlamada bildirilib ki, bu dövlət nümayəndəsi GGC-nin hüquqşünası Aşot Boqosyana xəbərdarlıq edərək deyib ki, onlar Ayvazyanın yaxın tərəfdaşı və parlamentin üzvü olan Murad Qulayana 3 milyon rüşvət verməlidirlər. Sonradan GGC şirkəti rüşvət verməkdən imtina etdi və nazirlik bu şirkətin 2 lisenziyasını ləğv edib.

Ermənistan mətbuatının məlumatına görə, Ayvazyan əvvəlki prezident, ölkədəki bir sıra biznes-layihələrin rəhbəri, faydalı qazıntı yataqlarına nəzarət edən (ilk növbədə, nadir və qiymətli metal yataqlarına) Robert Köçəryanın şəriki olub. Ayvazyanın adı, həmçinin, "Sevan" milli parkının ərazisinin özəlləşdirilməsində, göldə kütləvi balıq ovunda, bir sıra layihələrin ekspertiza nəticələrinin fabrikasiyasında, bununla yanaşı, qalmaqallı Şinaxox rayonunda yolun salınmasında və Tequt mis yatağının işlənilməsində çəkilir.

Ermənistanın müasir tarixində ən çox səs-küyə səbəb olmuş məlumat isə, onunla bağlıdır ki, Ayvazyan yataqların işlənməsi üçün lisenziyaları yaxınlarına, qohumlarına, hətta əlaltılarına verib.

Beləliklə də, Çinin "Fortune Oil" şirkətinin nümayəndələri yayılmış, eyni zamanda, Ayvazyanın ləkələnmiş reputasiyası ilə bağlı məlumatlarla tanış olduqdan dərhal sonra məsələni yerindəcə həll etmək üçün Yerevana gediblər. Çinli biznesmeni Ermənistanın baş naziri Tiqran Sarkisyan şəxsən qəbul edib. Ayvazyanın da iştirak etdiyi bu görüşdə bildirilib ki, sonuncu korrupsiya sövdələşməsində baş nazirin razılığını alıb.

Çinli şirkətlə imzalanmış müqavilədə bir məqam da diqqəti cəlb edir. Razılaşmaya görə, Çin tərəfinin layihələrin reallaşdırılmasına çəkdiyi xərc onun gəlirlərini üstələyir.

Bundan başqa, "Fortune Oil" "BRAL" şirkətinin rəhbəri kimi Ayvazyana 26 milyon dollar nəğd pul verib. Lakin bu puldan Ermənistanın dövlət büdcəsinə bir sent də ödənilməyib.

Beləliklə də, dünya maliyyə bazarında yüksək reputasiyaya malik Çin şirkəti "Fortune Oil" Ermənistanla korrupsioner işbirliyi qurduğu üçün diqqəti cəlb edir. Lakin xoşagəlməz hal ondan ibarətdir ki, "Fortune Oil" erməni tərəfdaşlarının iyrənc əməllərindən xəbər tutsa da, bu informasiyadan daha çox pay əldə etmək üçün istifadə edib. Bu isə onu göstərir ki, bu şirkət özünün işgüzar reputasiyasını qorumaq üçün şansını əldən verib.

Ümumiyyətlə, çinlilərin xoşagəlməz vəziyyəti hələ də bitməyib. Çünki bu şirkətin yuxarıda göstərilən problemlərinə sosial məsələlər də əlavə olunub.

Belə ki, Razdanın əhalisi şəhərin sərhədində yerləşən filiz yatağının işlənməsinə qarşı çıxıb. Martın 31-də Razdanda Konstitusiya meydanında təşkil olunmuş mitinqdə çıxış edən insanlar "Biz hamılıqla insan kimi dayanacaq və yatağın istismarına imkan verməyəcəyik", "Ya ölüm, ya azadlıq", "Qoy özlərinə qalsın iş yerləri, onlar bizə lazım deyil, acından ölərik, amma imkan vermərik ki, burada filiz mədəni açsınlar", "Heç kəs bizim uşaqlarımızın sağlamlığını satmaq hüququna malik deyil, biz sona qədər mübarizə aparacağıq" kimi şüarlar səsləndiriblər.

Ekoloqların da qeydinə görə, Razdan artıq ciddi ekoloji risk zonasında yerləşir. Şəhərdə sement zavodu işləyir və Orxuss mərkəzinin yerli koordinatoru Anait Mnaçakanyanın sözlərinə görə, şəhərdə xərçəng xəstəliyinə yoluxanların sayı ildən-ilə artır.

Qeyd edək ki, filiz mədəni şəhərdə yerləşir, yatağın aşağı hissəsində isə Razdan su anbarı var. A.Mnaçakanyan deyir ki, yatağın işlənilməsi nəticəsində şəhərdə ekoloji vəziyyət daha da pisləşəcək: "Partlayışlar nəticəsində şəhər bütövlükdə yatağın nəzarətində olacaq. Nəinki hava, hətta su da zəhərli kül ilə çirklənəcək".

Aksiyanın sonunda Kotayk vilayətinin maraqlarının müdafiəsinə yardım mərkəzinin rəhbəri Tiqran Qriqoryan bildirib ki, "əgər lazım olsa, biz buldozerlərin qarşısında duracağıq".

Beləliklə də, bir şey aydın olur ki, Ermənistandakı qalmaqal Çinin "Fortune Oil" şirkətinin reputasiyasına zərbə vuracaq.


İ.ƏLİYEV

Digər xəbərlər