Dünən Bakıda AzərTAc-ın ev sahibliyi ilə Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının üzvü olan ölkələrin Milli İnformasiya Agentlikləri Assosiasiyasının (BSANNA) V Baş Assambleyası keçirilib. SİA-nın xəbərinə görə, "İnnovasiyalı inkişaf: şəffaflıq və modernləşmə" mövzusunda keçirilən assambleyada BSANNA-nın prezidenti Qoça Mirtsxulava, Prezident Administrsiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov, AzərTAc-ın baş direktoru Aslan Aslanov, Rusiya, Türkiyə, Ukrayna, Moldova, Serbiya və digər ölkələrin ən nüfuzlu informasiya agentliklərinin rəhbərləri və yüksək vəzifəli təmsilçiləri iştirak edib.
Assambleyada üzv ölkələrin milli informasiya agentliklərinin
daha səmərəli əməkdaşlıq əlaqələrinin qurulması, xəbər istehsalında yeni texnologiyalardan
istifadə edilməsi ilə bağlı məsələlər müzakirə olunub. Tədbir çərçivəsində BSANNA-nın
Baş Assambleyasında sədrlik AzərTAc-a keçib.
Tədbiri giriş
sözü ilə açan AzərTAc-ın baş direktoru Aslan Aslanov BSANNA-nın növbəti - V Baş
Assambleyasının Bakıda keçirilməsinin AzərTAc-ın bu təşkilatdakı fəaliyyətinə verilən
yüksək qiymət və agentliyə göstərilən etimad kimi dəyərləndirib. Baş direktor bildirib
ki, BSANNA 2006-cı ildə Kiyevdə keçirilən təsis konfransında yaranıb və AzərTAc
BSANNA-nın təsisçilərindən biridir: "Bugünkü toplantı üçün "İnnovasiyalı inkişaf:
şəffaflıq və modernləşmə" mövzusunun seçilməsi heç də təsadüfü deyil. Çünki yeni
minillik özü ilə birlikdə yeni reallıqlar, yeni çağırışlar gətirib. Son illər informasiya
texnologiyalarının sürətli inkişafı informasiya agentliklərinə xəbərlərini çatdırmaq
üçün geniş və yeni yollar təklif edir. İnternet, mobil telefonlar, mobil video,
ismarış və sosial şəbəkələrin digər formaları kommunikasiya əlaqələrinin sonsuz
imkanlarını təqdim edir. Bu, saysız-hesabsız seçim imkanları daim dəyişən dünyamızın
reallıqlarıdır. Toplantı üçün belə bir mövzunun seçilməsində də məqsəd bu sahədə
əldə etdiyimiz təcrübəni bölüşmək və mövcud problemləri aradan qaldırmaq üçün yeni
yolar tapmaqdır. İnanıram ki, Azərbaycan paytaxtında keçirdiyiniz bir neçə gün sizin
üçün səmərəli işdən savayı, həm də yeni görüşlər, yeni planlar, maraqlı gəzintilərlə
də yaddaşınızda qalacaq".
Tədbirin davamında
çıxış edən Azərbaycan Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin
müdiri Əli Həsənov bildirib ki, BSANNA bu təşkilata üzv olan ölkələrin siyasi, iqtisadi,
mədəni, ictimai həyatında baş verən hadisələrin işıqlandırılmasında böyük rol oynayır.
Onun sözlərinə görə, bu təşkilat Qara dəniz ölkələrinin informasiya resurslarından
səmərəli istifadə edilməsi üçün həmin dövlətlərin milli informasiya agentliklərinin
səylərini birləşdirən bir qurumdur: "Bu ölkələrdə baş verən ictimai-siyasi hadisələrin
işıqlandırılmasında xüsusi xəbər siyasəti yürüdür. Eyni zamanda, ölkələr arasında
milli mədəni əlaəqlərin inkişaf etdirilməsində təbliğatında bu assambleya mühüm
rol oynayır. Bu təşkkilatın sədrliyinin Azərbaycana keçməsi növbəti bir il ərzində
ölkədə baş verən hadisələrin beynəlxalq aləmə çatdırılmasında mühüm rol oynayacaq.
Bu il bizi mühüm tədbir gözləyir. Azərbaycan Evrovision müsabiqəsinə ev sahibliyi
edəcək. Bundan başqa, cari ilin noyabr ayında Azərbaycanda beynəlxalq humanitar
forum keçiriləcək. Bu və ya digər tədbirlərin işıqlandırılmasında AzərTAc mühüm
rol oynayacaq. AzərTAc-ın bu il təşkilata sədrlik etməsi onun fəaliyyətində daha
da mühüm əhəmiyyət kəsb edir".
Gürcüstanın
GeoHotNews Agentliyinin baş direktoru, BSANNA-nın prezidenti Qoça Mirtsxulava çıxışında
təşkilatın işinin təkmilləşdirilməsi ilə bağlı bir sıra təkliflər irəli sürür. Bu
sırada BSANNA-nın veb-resursunun texniki imkanlarının artırılması, təşkilat üzvlərinin
bu sayta administrativ çıxışının təminatı və digər təkliflər var. Tədbirin davamında
BSANNA-nın prezidenti Qoça Mirtsxulava Assosiasiyada prezidenliyi AzərTAc-ın baş
direktoru Aslan Aslanova təhvil verərək ona rəhbərliyi dövründə uğurlar arzulayıb.
Bakı Assambleyasında BSANNA-nın tarixində ilk dəfə olaraq qurumun rəhbər orqanı
- Bürosu yaradılıb. Büroya BSANNA-nın prezidenti rəhbərlik edəcək. Bolqarıstan Teleqraf
Agentliyinin baş direktoru Maksim Minçev, Gürcüstanın GeoHotNews agentliyinin baş
direktoru Qoça Mirtsxulava və İTAR-TASS agentliyinin baş direktorunun birinci müavini
Mixail Qusman büro üzvü seçiliblər. Sonda BSANNA-nın VI Baş Assambleyasının gələn
ilin iyunun əvvəlində Rusiyanın Soçi şəhərində keçirilməsi qərara gəlinib